Məhkəmə prosesi yekunlaşdı, 4 uşaq atasına hökm oxundu
Şamaxıda 37 yaşlı Şakir Cəfərov həyat yoldaşı Səkinə Quliyevanı qapını gec açdığına görə döyüb öldürdüyünü deyir. 32 yaşlı Səkinə həm də onun xalası qızı olub. Onların birgə nikahdan ikisi qız, ikisi oğlan olmaqla, 4 övladları var. Uşaqlardan ən böyüyü 14, ən kiçiyi isə 6 yaşındadır.
Şakir Cəfərov etiraf edib ki, hadisə baş verərkən o, sərxoş vəziyyətdə olub. Gecə saat 2 radələrində evə gəlib, darvazanı döysə də, açan olmayıb. O, qapının açılmasını gözləmədən hasara çıxmaqla evin həyətinə düşüb. Həyat yoldaşının hamamda olduğunu görüb. Ona qapını gec açmasını irad tutub.
Şakir Cəfərovun sözlərinə görə, həmin vaxt arvadının ona “görmürsən, əlimdə işim var” deyib cavab qaytarmasından əsəbiləşib və onu döyməyə başlayıb. Səs-küyə uşaqlar yuxudan oyanıb.
Zərbələrdən Səkinə Quliyevanın sifəti qan içində olub. Böyük qızı Aysu su gətirib, o, sifətini yuyub. Paltarlarının üstü qan və üzünü yuyanda yaş olduğuna görə onları çıxarıb. Həmin vaxt Səkinənin vəziyyətinin yaxşı olmadığını görüblər. Şakir Cəfərov onu aparıb yatdığı çarpayıya uzadıb, uşaqlar da gedib yatıb.
“Ona dedim ki, başın ağrıyırsa, həkim çağırım. Dedi ki, yox, zəng eləmə, yoxsa səni tutacaqlar…”, – Şakir Cəfərov ifadəsində bildirib.
Onun sözlərinə görə, səhər saatlarında yuxudan oyananda həyat yoldaşının bədəninin soyuq olduğunu, nəfəs almadığını görüb, onun öldüyünü başa düşüb. Əvvəlcə uşaqları oyadıb, atasıgilə aparıb qoyub, özü isə polis şöbəsinə gedərək təslim olub.
Hadisə yerinə gələnlər Səkinə Quliyevanın saçının bir hissəsinin qırxılmış, bir hissəsinin isə qısa kəsilmiş vəziyyətdə olduğunu görüb. Lakin Şakir Cəfərov arvadının başını zorla qırxması haqda ittihamı qəbul etmir. O deyib ki, Səkinənin başı möhkəm ağrıdığına görə hadisədən bir gün əvvəl saçını qırxacağını demişdi. Hadisə günü gecə evə gələndə də hamamda onun saçının bir hissəsini qırxdığını görüb. Davadan sonra ara sakitləşəndə də Səkinədən soruşub ki, niyə bir hissəsini qırxıb, bir hissəsini saxlayıb? O isə cavabında saçqırxan maşının xarab olduğunu deyib və təklif edib ki, qalan hissəni qayçı ilə kəssin.
Hüquq-mühafizə orqanlarının əməkdaşları evdən üstündən qan olan qayçı, saçqırxan maşın və tük topası da tapıblar.
Şakir Cəfərov xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilərək məhkəmə qarşısına çıxarılıb. O, əməlindən çox peşman olduğunu deyib. Bununla belə, özünü Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirli bilməyib. Deyib ki, həyat yoldaşını öldürmək niyyəti olmayıb. O, əməlinin Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsinə tövsif edilməsini istəyib.
Zərərçəkmişin hüquqi varisi qismində tanınan Səkinənin anası Şükufə İslamova qızının başını qırxmaq niyyətində olmadığını bildirib. O da hesab edir ki, onun başını Şakir Cəfərov qırxıb.
Anası onu da deyib ki, Şakirlə Səkinə xalaqızı və xalaoğlu olsa da, onlar bir-birini sevib, öz istəklərilə ailə qurublar.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi bugünlərdə bu iş üzrə hökm çıxarıb. Şakir Cəfərov xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək, 18 il azadlıqdan məhrum edilib.