Saleh Rüstəmlinin qohumlarının bütün əmlakları alındı, hətta ata-baba evi də…

“Bunun adı repressiyadır”

Foto: Meydan.tv

Gədəbəy rayonunun keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımında ittiham olunan Saleh Rüstəmlinin bacı-qardaşlarına məxsus xeyli əmlak müsadirə olunub. Müsadirə edilənlər arasında onların Gədəbəydə ata yurdu olan ev də var. Bu barədə Meydan TV-yə S.Rüstəmli və daha dörd nəfərin – qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin işi üzrə müdafiə prosesində iştirak etmiş vəkillərdən biri məlumat verib.

Vəkil bildirib ki, məhkəmənin hökmüylə S.Rüstəmlinin bacı və qardaşları, onların ailələri evləri, ticarət obyektləri əllərindən alınıb:

“Həmin əmlakların üzərinə S.Rüstəmlinin həbsindən az sonra – Nəsimi Rayon Məhkəməsinin 7 iyun 2018-ci il tarixli qərarı ilə həbs qoyulmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi o əmlakların hamısını müsadirə elədi”.

Əmlakların müsadirəsi barədə qərarın absurd olduğunu deyən vəkilin sözlərinə görə, hökmdə Bakıda Zahid Xəlilov küçəsi 125 ünvanındakı, 39 saylı mənzil Saleh Rüstəmlinin əmlakı kimi qələmə verilərək, müsadirə olunub: “Amma o mənzilin Saleh Rüstəmliyə aidiyyəti yoxdur. Yaxud da adamların Gədəbəydə ata-baba mülkləri olan evlərini müsadirə ediblər. Gədəbəydə Nizami küçəsi 71 ünvanındakı ev onların ata evidir, onu da müsadirə eləyiblər. Saleh Rüstəmlinin bacısının, onun qızının, qardaşlarının, onların həyat yoldaşlarının mülkiyyətində, istifadəsində olan bütün əmlakları müsadirə ediblər. Adamları faktiki ev-eşiksiz qoyublar”.

Vəkil bildirib ki, qanuna görə, ancaq cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınan, yaxud cinayət predmeti olan əmlaklar müsadirə edilə bilər. Bu işdə isə bu halların heç biri yoxdur: “Bu, mülkiyyətin toxunulmazlığı hüququnu ayaqlar altına atmaqdır. Lap tutaq ki, Saleh Rüstəmli Əli Kərimliyə pul göndərib və onu buna görə cəzaladırırlar. Bunun onun bacı-qardaşına, onların övladlarına nə aidiyyəti var ki, bu günahsız adamları küçədə, heç nəsiz qoyurlar? Bunun adı repressiyadır”.

Müdafiəçinin sözlərinə görə, hökmdə müsadirə məsələsi əksini tapsa da, həmin əmlakların hansı əsasla müsadirə olunması barədə heç nə yoxdur: “Bu iş Avropa Məhkəməsinə gedib çıxacaq, biabırçılıq olacaq. Əminliklə deyirəm ki, Avropa Məhkəməsi bu işə baxanda o əmlakların pulunu mütləq bu hökumətə ödətdirəcək. Hələ mən o tərəfini demirəm ki, bu hokm oxuyanlar Azərbaycanın məhkəmə sistemi barədə nə düşünəcək”.

Müsadirə olunan əmlaklar:

Bakı şəhəri, Z.Xəlilov küçəsi 125 ünvanındakı 39 saylı mənzil.

S.Rüstəmlinin qardaşı Taleh Məhərrəm oğlu Rüstəmova məxsus olanlar:

Gədəbəy şəhəri, M.Quliyev 7 ünvanında fərdi yaşayış evi;

Bakı şəhəri, Zərdabi prospekti, 7 saylı evin 13-ümənzili;

Bakı şəhəri, Xətai rayonu, V.Tau küçəsindəki 11a saylı evin 22-ci mənzili.

Taleh Rüstəmovun həyat yoldaşı Rəsmiyyə Nəriman qızı Rüstəmovaya məxsus olanlar:

Gədəbəy şəhəri, 7 C ünvanında ikimərtəbəli qeyri-yaşayış sahəsi;

Gədəbəy-Novosaratovka şossesinin kənarında 0.50 hektar torpaq sahəsi.

S.Rüstəmlinin digər qardaşı Valeh Rüstəmova məxsus olanları:

Gədəbəy şəhəri, 0.5 hektar torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsi;

Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, “Köhnə bazar” adlanan ərazidə 70 kvadrat metrlik qeyri-yaşayış sahəsi;

Gədəbəy şəhəri, Nizami küçəsi 71 ünvanında fərdi yaşayış evi;

Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində 0,6 hektar torpaq sahəsi;

Gədəbəy şəhərində 0,5 hektar torpaq sahəsi.

S.Rüstəmlinin bacısı Yeganə Məhərrəm qızı Rüstəmovaya məxsus olan əmlaklar:

Abşeron rayonu, Novxanı kəndində 0.1 hektar torpaq sahəsi;

Abşeron rayonu, Qobu qəsəbəsində 0.08 hektar torpaq sahəsi.

S.Rüstəmlinin bacısının qızı Rüxsarə Polad qızı Rüstəmovaya məxsus olan əmlaklar:

Gədəbəy rayonu, Qumlu massivində 0.1 hektar torpaq sahəsi;

Gədəbəy şəhərində 0,2454 hektar həyətyanı torpaq sahəsi.

Xatırladırıq

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmli 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrum edilib.

S.Rüstəmlinin qardaşı oğlu Vidadı Rüstəmli və Ruslan Nəsirli hər biri 6,8 il olmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilməklə 3 il sınaq müddəti şərtilə azadlığa buraxılıblar.

S.Rüstəmli AXCP sədri Əli Kərimlini maliyyələşdirməkdə ittiham edilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələrilə təqsirli bilinirlər.

Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Ana səhifəXəbərlərSaleh Rüstəmlinin qohumlarının bütün əmlakları alındı, hətta ata-baba evi də…