Sakinlər: ”Pöhrələnmiş tingləri məhv ediblər”

Yeni Günəşlidə 1 il əvvəl əkilmiş və təzə pöhrələnmiş ağaclar kəsilib

Source:


Yeni Günəşlidə 1 il əvvəl əkilmiş və təzə pöhrələnmiş ağaclar kəsilib

“Ötən il binanın qarşısındakı yaşıllığa “hücum” etdilər. Uzun illər qoruduğumuz, kölgəsində dincəldiyimiz ağacları kəsdilər. Etiraz etdik, polisi üstümüzə töküb şil-küt elədilər, şöbəyə apardılar. Sonra da işi dayandırdılar. İndi yenə fəaliyyətə keçiblər”.

Bunu Meydan TV-yə Suraxanı rayonu, Yeni Günəşli, A-B yaşayış massivi, Abbas Fətullayev küçəsi 131-də yaşayan sakinlər deyir.


Pöhrələnmiş tinglərin bir qismi kəsilib, bir qismi quruyub

Ötən il bir neçə binanın qarşısındakı yaşıllıq zolağı məhv edilib. Sakinlər etiraz edəndə bir iş adamı bina tikintisi üçün yaşıllığın ərazisini aldığını deyib. Buna baxmayaraq, sakinlər yaşıllığın dağıdılmasının əleyhinə çıxıblar. Polislərin müdaxiləsindən sonra sakinlər ərazidən uzaqlaşdırılıb və ərazidəki ağacların hamısı kəsilib. Sonradan sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Bu qurumun təşəbbüsü ilə Yaşıllaşdırma Departamentinin işçilərilə sakinlər birləşərək qırılmış ağacların yerində yenilərini əkiblər. Ancaq bu yaxınlarda əraziyə yenə “hücum” olub. Bina sakini Amaliya Süleymanova deyir, bir neçə gün əvvəl pöhrələnmiş ağac tinglərinin bir qismi kökündən çıxarılıb, bir qismi isə ərazi hasarlandığından baxımsız qalıb və quruyub.


Cərimələnmiş şirkət yenə fəaliyyətə keçib

“İş orasındadır keçən il sahibkarı cərimə də eləmişdilər. Necə oldusa, 1 ildən sonra yenə hərəkətə keçdilər. Ötən ilin avqustunda yaşıllıq yenə hasarlandı. Söz verdilər, ərazidə iş elə aparılacaq ki, bircə ağac da zərər görməyəcək. Ancaq bir neçə gün əvvəl gördük ki, əraziyə keçmək üçün açıq saxladıqları hasarın bir hissəsi də qapadılıb. İçəridəki təzə pöhrələnmiş tinglər kəsilib, bir hissəsi isə hasarın o tayına keçib, qulluq edə bilmədiyimiz üçün quruyub məhv olub”.

Sakinlərin sözlərinə görə, onlar Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin qurumdan onlara bildirilib ki, sahibkarın əlində tikinti aparmaq üçün bütün lazımı sənədlər olduğundan ona söz demək olmaz. Halbuki, sakinlərin deməsinə görə, ötən il ilk ağac kəsimi baş verəndə icra hakimiyyəti onlara məsələdən gec xəbər tutduqlarını bildirib.

İçəridə baş verənləri yalnız eyvandan görə bilirik

Bina sakini Əsgər Rzayev:

“O vaxt bizi polisə aparandan, biz də geri çəkilməyib prezidentə müraciət edəndən sonra Suraxanı Rayon İcra Hakimiyyəti məktub göndərdi ki, tikinti qanunsuzdur və qarşısı alınıb. Hasarlar söküldü, dediyimiz kimi, kəsilmiş ağacların yerində yeniləri əkildi. Bir neçə aydan sonra gecəylə təkrar hasarlanma işi aparıldı. Sakinlər bundan səhər işə gedəndə xəbər tutdu. Dediyimiz kimi, indi də hasarın o tərəfində baş verənləri yuxarı mərtəbələrin eyvanından görə bilirik. Gördüyümüz də odur ki, əkdiyimiz tinglər 1 il ömür sürmədi”.



Sakin: “İşbazlarda bu qədər cəsarət hardan qaynaqlanır?”

Başqa sakin Firuddin Salmanovsa rəsmi qurumların vətəndaşları aldatdığını deyir:

“Ölkənin rəsmi qurumu vətəndaşı aldadır ki, burda heç bir tikinti aparılmayacaq, ağacları kəsənlər də cərimələnib. Əhaliyə deyir, narahat olma, get evində rahat yat, park yerində qalacaq. Səhər işə gedəndə görürük ki, gecəylə hasar çəkiblər. Prezidentə yazdığımız məktuba cavan gəlir ki, yaşıllıqların məhv edilməsi, tikinti aparılması yolverilməzdir, cinayətdir. İcra hakimiyyəti deyir, sahibkarın əlində sənədi var, əcəb edir”.


Ərazidə yaşıllıq qalmayıb, hər yerdə tikintidir

Sakinlərin iddiasına görə, parkın yuxarı tərəfində bu ərazini su ilə təmin edən anbarın ərazisi də satılıb. Anbarın qarşısı tikinti tullantıları ilə doldurulub ki, zibillik görüntüsü yaransın, sonra da baxımsız ərazi kimi “abadlaşdma” adı altında tikinti aparılsın.

Eyni küçənin yuxarı hissəsində bina ucaldılıb. Sakinlərin etirazları ağac kəsiminin qarşısını ala bilməyib. Onların deməsinə görə, hazırda binaya yaxın ərazilərdəki daha bir neçə yaşıllıq da hasara alınıb.



İcra hakimiyyəti: “Şirkətin əlində sənəd var”

Suraxanı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ərazi çoxdan hasarlanıb. Torpaq sahəsində hündürmərtəbəli yaşayış binası inşa etmək istəyən isə “Abşeron MTK”-dır. Lakin ərazidə hələ heç özül də qazılmayıb. Meydan TV müxbiri şirkətlə əlaqə yarada bilməyib. İcra hakimiyyətindən bildirilib ki, şirkətin əlində tikintiyə icazə üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq sənədlər var və qanunsuzluğa yol verilməyib. Sakinlərinsə məhkəməyə müraciət etmək hüquqları var. Hər iki tərəf öz hüquqlarından istifadə edə bilər.

Ana səhifəReportajSakinlər: ”Pöhrələnmiş tingləri məhv ediblər”