Sahibkarlıq fəaliyyəti sadələşdirildi

Lisenziyaların sayı 36-ya endirildi

Source:

Lisenziyaların sayı 36-ya endirildi

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

“APA-Economics”in məlumatına görə, iclasda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirə edilib.

Komitə sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsi çox mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, yeni iqtisadi şəraitdə aparılan islahatların davam etdirilməsi siyasəti Azərbaycanın iqtisadi inkişafı üçün yeni imkanlar yaradır.

Daha sonra Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev qanun layihəsi barədə məlumat verib. R. Hacıyev qeyd edib ki, qanun layihəsində əsas dəyişikliklərdən biri lisenziyanın verilməsi qaydalarının daha da sadələşdirilməsidir: “Burada lisenziyanın verilməsi prosesi bütün ardıcıllıqla göstərilib. Bu isə qanun layihəsi ilə tanış olan sahibkarların lisenziyanın alınması üçün bütün prosederlara bələd olmasına imkan verir”.

Şöbə müdiri əlavə edib ki, dəyişikliklərdən biri lisenziya ilə bağlı proseslərin elektronlaşdırılması ilə bağlıdır. Belə ki, hər bir sahibkar “Elektron lisenziya” portalında öz kabinetini yarada biləcək: “Lisenziya üçün müraciət edən sahibkara kağız formasında sənəd deyil, kod veriləcək. Sahibkar bu kodu lazım olan təqdirdə yoxlayıcı orqana təqdim edəcək. Yoxlayıcı orqan bu kod vasitəsi ilə sahibkarın hansı fəaliyyətlə məşğul olduğunu, onun aldığı lisenziya və icazələri müəyyənləşdirə biləcək. Bununla da yoxlayıcı orqan sahibkarlıq fəaliyyətinin lisenziyaya uyğun olub-olmadığını aydınlaşdıra biləcək. Sahibkar istədiyi təqdirdə kağız formatda da lisenziyanı ala biləcək”.

Bundan başqa, bildirişlər də artıq elektron qaydada, mobil telefona SMS və elektron poçt, yaxud poçt vasitəsilə göndəriləcək.

Qanun layihəsinə edilən ən mühüm dəyişiklik lisenziyaların sayının 37-dən 36-ya endirilməsi ilə bağlıdır. “Əvvəllər Yabanı bitkilərin toplanması üçün də lisenziya tələb olunurdu. Edilən dəyişikliyə görə, bu fəaliyyət növü üçün lisenziya tələb olunmayacaq. Çünki, yabanı bitkilərdən dərman və ya ədviyyat kimi istifadə olunur”, – deyə R. Hacıyev vurğulayıb.

Millət vəkili Vahid Əhmədov lisenziya və icazələrin eyni mahiyyət daşıdığını və icazələrin sayının həddən artıq çox olduğunu bildirib: “Düzdür, icazələrin sayı xeyli azaldılıb və 200-ə endirilib. Amma mən hesab edirəm ki, bu say da çoxdur”.

Qanun layihəsinin iqtisadiyyatın liberallaşdırılmasında mühüm rol oynayacağını deyən Əli Məsimli qanunun işləməsinə nəzarət etməyin vacib olduğunu qeyd edib.

Sonda qanun layihəsi III oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Ana səhifəXəbərlərSahibkarlıq fəaliyyəti sadələşdirildi