Sahibkarın kredit problemi

Onlar üçün yaradılan fonddan daha çox məmurlar yararlanır

Source:

Yanvarın 26-da prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident konfransda bir çox maraqlı məqamlara toxunub. Yenə ölkənin inkişafından, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icrasından, 2015-ci ildə Azərbaycanda bir çox məsələlərin həllini tapmasından, ötən ildə qarşıya qoyulan vəzifələrin icra edilməsindən danışıb.

Ötən ilin daha çox milli valyutamız olan manatın 100 faiz dəyərini itirməsiylə yadda qalacağı şübhəsizdir. Prezidentin konfransda sadaladığı “uğurlarla” bağlı dartışılası məqamlar çoxdur, ancaq bir sahəyə işıq tutmaq istərdik. İlham Əliyev sahibkarlığın inkişafına dövlətin böyük dəstək verdiyini deyir. Onun sözlərinə görə, “son illərdə sahibkarlara güzəştli şərtlərlə 1,7 milyard manat kredit verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq, 2 milyard manat təşkil edəcəkdir”.

Sahibkarlığa Kömək Milli Fondundan həqiqətən də kreditlər verilir, ancaq bu kreditlərin sahibkarlar üçün əlçatanlığı problem kimi həmişə gündəmdə olub. Sadə vətəndaşlar, fermerlər, kiçik sahibkarlıqla məşğul olanlar bu kreditlərdən faydalanmadıqlarını deyirlər.

Bu gün Azərbaycanda, demək olar, tanınmış bütün brendlərin, markaların, şirkətlərin arxasında məmurlar dayanır. Baxmayaraq ki, qanun məmurların və deputatların sahibkarlıqla, bizneslə məşğul olmasını qadağan edir. Xatırlayırsınızsa, manatın devalvasiyasından sonra qiymət artımlarına etiraz edən bəzi deputatlar sahibkar kimi tanınan həmkarlarını buna görə ittiham etmişdilər. Yəni ən yüksək kürsülərdən belə nazir-oliqarxlara, biznesmen deputatlara iradlar bildirilir. Bununla yanaşı biz Sahibkarlığa Kömək Milli Fondundan ayrılan güzəştli kreditlərin əsasən məhz elə məmurların, nazirlərin, deputatların şirkətlərinə verildiyini görürük. Maraqlıdır ki, həmin məmur-oliqarxların dövlətdən aldıqları güzəştli kredit hesabına qurduqları şirkətlərin açılışını da son konfransda bu məmurları təvazökar olmağa çağıran prezident edir. Prezidentin məmurlara iradı da oldu, yerli malların alınmasıyla bağlı, o malların ki, onların da istehsalı birbaşa məmurlara bağlıdır. Məsələn, “M-line” şirkəti, onun istehsal etdiyi mallarla bağlı bir müddət qabaq, daha doğrusu, Binəqədidə bina yanğınından sonra bir araşdırma təqdim etmişdik. Yeri gəlmişkən, ölkədəki, demək olar, bütün diaqnostika mərkəzlərini, Heydər Əliyev muzeylərini, məktəbləri, Olimpiya komplekslərini, xəstəxana və başqa inzibati obyektləri mebellə təchiz edən, Sahibkarlığa Kömək Milli Fondunun krediti hesabına qurulan bu şirkətin də açılışını İlham Əliyev etmişdi. Bu tipli şirkətlərdən bəzilərini yada salmaqla bu sahədəki ümumi mənzərəni gözləriniz önündə canlandırmış olarıq, yəqin.


29 aprel 2010-cu il


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvara səfəri çərçivəsində “Azərsun” Holdinqin “Natural Green Land” kənd təssərrüfatı müəssisəsinin və Konserv Zavodunun açılışında iştirak edib, məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.

Dövlət başçısına bildirildi ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu zavoda 3 milyon manat yardım edilmişdir.


21 fevral 2011-ci il


Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “M-Line” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında iştirak edib.

Prezidentə bildirildi ki, dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunmuş fabrikin tikintisi 2010-cu ilin yanvarında, avadanlığın quraşdırılması isə bu ilin yanvarında başa çatdırılıb. Fabrikin ümumi dəyəri 7,8 milyon manatdır ki, bunun 55 faizini güzəştli dövlət krediti təşkil edir.


28 fevral 2013-cü il


Qəbələyə səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Qəbələ Heyvandarlıq-Südçülük Kompleksində olub. Prezidentə məlumat verilib ki, müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılıb.

…Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Qəbələnin Vəndam qəsəbəsində isə “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi formalaşır. İyirmi hektar ərazidə inşa olunan kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir. Bu layihənin də inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit verilib


29 avqust 2013-cü il


Prezident İlham Əliyev Ağcabədidə “Aqat–aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.

Ümumi dəyəri 21 milyon manat olan iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat, dəyəri 5 milyon manat olan keçi təsərrüfatının yaradılmasına isə 3,5 milyon manat güzəştli kredit verilib.

Kompleksdə illik 22,8 min ton süd istehsalı nəzərdə tutulur ki, bu da illik emal gücü 90 min ton olan “Atena” süd emalı zavodunun xammala tələbatının təmin edilməsinə imkan verəcəkdir.


6 oktyabr 2015-cı il


…Dövlət başçısı “Ucar Aqro” MMC-nin müasir kəsim və broyler fabrikləri ilə tanış oldu.

Fabriklərin inşasının 1-ci mərhələsinin dəyəri 28.4 milyon manat olub və bu layihələrə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat dövlətin güzəştli krediti verilib.

Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev dedi: “Son illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə illik istehsal gücü 59.4 min ton quş əti, 132.7 milyon ədəd damazlıq və 183.1 milyon ədəd əmtəəlik yumurta olan 43 quşçuluq təsərrüfatına 121.2 milyon manat dövlətin güzəştli kreditləri verilib”.


13 yanvar 2015-ci il

…İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq inşa edilmiş fabrikin sahəsi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan fabrikin tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.

Bildirildi ki, indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinin ümumi dəyəri 320 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 120,6 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan, ümumi dəyəri 268,2 milyon manat olan 18 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,2 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 5900-dən çox yeni iş yeri yaradılıb.

Fond tərəfindən indiyədək ümumi dəyəri 60 milyon manat olan 7 tekstil fabrikinin yaradılmasına və ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 28,4 milyon manat güzəştli kredit ayrılıb. Almaniya, Belçika, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Yaponiya və Türkiyənin müasir texnologiya və avadanlıqları əsasında qurulan 5 fabrik artıq istifadəyə verilib. Bu fabriklərin fəaliyyətə başlaması istehlakçıların tələbata uyğun yüksək keyfiyyətli müxtəlif tekstil və trikotaj məhsulları ilə təmin edilməsinə imkan yaradıb. Belə iri layihələrdən biri də Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikidir. Bu layihənin həyata keçirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılıb.

Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini işə saldı.

Fabrikin əsas xammalı olan parça Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyi göstərilən “Gilan” Tekstil Parkından alınır.

Prezidentin açılışında şəxsən iştirak etdiyi şirkətlər, MMC-lər, holdinqlər hər kəsə tanışdır, onların sahibləri hakimiyyətin ən yüksək pilləsindən üzü aşağı dayanan məmurlar olduğundan əlavə şərhə ehtiyac duymuruq. Sahibkarlarımız var olsun!

Ana səhifəAraşdırmaSahibkarın kredit problemi