“Kitabı açıram ki, oxuyam, amma heç nə başa düşmürəm. Gərək müəllim izah eləyə… Arada oxuyuram, amma başa düşmürəm”- Məleykə kimi onlarla şagird Qızıldaş qəsəbəsində təhsildən kənar qalıb. Səbəb ərazidə telefon, internet xəttinin olmamasıdır.Telefonla alınan internet paketlər isə aylıq 50 manata başa gəlir. Bu qiymət hər ailənin imkanına uyğun deyil.
Eyni vaxtda başlayan dərslər də evdəki bir mobil telefonla iki uşağın dərsə qoşulmasını müşkülə çevirir. Valideynlər istəyirlər ki, tezliklə ya dərslər açılsın, ya da əraziyə telefon, internet xətti çəkilsin.
Valideynlər deyir, Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etsələr də, şikayətlərinə baxılmayıb
İcra hakimiyyətinin sözçüsü Fazil Məmmədov deyib ki, sakinlər yazılı şəkildə yenidən onlara müraciət etsinlər. Onlar problemin həlli üçün müraciəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərəcəklər.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov tövsiyyə edir ki, şagirdlər TV-də yayımlanan dərslərə baxsınlar . O deyir ki, “Mədəniyyət” kanalında gündə 8 saat bütün sinif və fənlərdən dərslər keçilir
Bu tədris ili dərsə qatıla bilməyən Məleykənin gözləri isə qardaşının dərslərində qalıb.