Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi mayın 1-də parlamentdə müzakirələrdən sonra ikinci oxunuşdan da keçib. 83 nəfər lehinə, 23 nəfər əleyhinə səs verib. Baş nazir İrakli Kobaxidze üçüncü oxunuşun iki həftədən sonra keçiriləcəyini vurğulayıb.
Qanun ikinci oxunuşdan keçəndən sonra, saat 17.00-də Tbilisidə qanuna etiraz üçün yenidən insanlar Rustaveli prospektinə toplaşmağa başlayıblar. Həmçinin Batumi və Potidə də məlum qanuna etirazlar təşkil edilib.
Parlamentin yaxınlığında polis kordonu qurulub. Reaktiv su maşınları və xüsusis təyinatlı polis dəstələri əraziyə cəlb edilib. Həmçinin parlamentin binasının həyətində də çox sayda polislər yerləşdirilib.
20.30-da DİN məlumat yayıldı ki, parlamentdəki deputatların binadan çıxışını təhlükəsiz şəkildə həyata keçiriblər və bundan sonra Çitadze, Çiçinadze küçələrinə yerləşdirilən polis kordonları geri çəkilməyə başlayıb. Parlamentin Çitadze küçəsi tərəfindəki qapıdan parlamentin içərisinə daxil olmaq istəyən etirazçılar dəmir darvazalardan içəriyə doğru içki şüşələri, müxtəlif əşyalar atıblar. İçəridə olan polis qüvvələri isə su şırnaqlarından, bibər qazı, qaz bombaları, rezin güllələrdən istifadə ediblər. DİN rezin güllələrdən istifadəni təkzib etsə də, həmin güllələrdən yaralananlar olub.
Yaralılara təcili tibbi yardım maşınlarında ilkin müdaxilələr edilib. Ümumilikdə 8 nəfər xəstəxanalara yerləşdirilib.
Parlamentin qarşısındakı etirazlar zamanı isə 2 nəfər etirazçı polis tərəfindən saxlanılıb.
Aksiya ilə bağlı ölkə Prezidenti Salome Zurabişvili “Sky News”a açıqlamasında bildirib ki, o, qanuna veto qoyacaq. Həmçinin gənclərə müraciət edərək, “qapıları buraxın, orada daha heç nə olmur, bizim mübarizəmiz seçkilərdə olacaq”, – deyə bildirib.