Rəsmi statistikadan da aydınca görünür: Azərbaycanda ürək-damar xəstəliklərindən, şəkərdən? xərçəngdən əziyyət çəkənlərin sayında son illərdə kəskin artım var.
İnanmayanlar bir az özlərinə əziyyət versinlər, araşdırmaçı olmağı öyrənsinlər, internet üzərindən kiçik bir axtarış aparsınlar, həmin rəqəmləri tapıb oxusunlar.
Üstəlik, ölkədə ölüm yaşı da getdikcə "cavanlaşır". Məsələn, 20 il öncəyədək infark üçün qorxulu yaş həddi 55 və üstü idisə, hazırda bu rəqəm 40-45-ə və daha aşağı enib.
Hələ intiharların qorxunc artım statistikasını demirəm. Artıq gənclərin özünəqəsdi adi hala çevrilib. Sanki elə bu cür də olmalı imiş…
İndi gəlin bu yerdə yazının istiqamətini bir azca dəyişək. Niyəsini sonra biləcəksiniz.
***
Azərbaycanda ən rahat iş öyüd-nəsihət verməkdir. Bizdə bunu hər kəs özünə müqəddəs borc bilir. Məsələn, bu günədək mənim həyatımın böyük hissəsi siqaretin, arağın zərərləri barədə azərbaycanlıların moizələrini dinləməklə keçib. Guya mən başqa planetdən-zaddan gəlmişəm, bunların insan həyatına yaratdığı risklərdən, təhlükələrdən xəbərim yoxdu. Yox, yox, məsələni əsla şəxsiləşdirmirəm. Bilirəm ki, bu ölkədə hər kəs, az qala hər gün ən müxtəlif mövzularda buna bənzəyən və ya bənzəməyən mövzularda öyüd-nəsihətlər eşitməyə məcbur və məhkumdur. Lakin heç vaxt görmədim ki, məsələn, bir ağsaqqal-qarasaqqal qoysun qabağına bir rüşvətxor məmuru, başlasın onun qulağını dəng eləməyə: rüşvət almağın təkcə hüquqla yox, əxlaqla, mənəviyyatla da bəraət qazandırılacaq bir tərəfinin olmadığı barədə uzun-uzadı danışsın. Ya da heç vaxt görmədim ki, siqaretin, arağın insan sağlamlığına zərərləri barədə boğazını arıtlayıb, saatlarca moizə oxuyanlar yaltaqlığın, korrupsiyanın, yalanın cəmiyyətin sağlamlığına zərəri haqda da eyni həvəslə bəhs etsinlər.
Bu, təkcə məişət mövzularında danışmağın təhlükəsiz olması ilə bağlı deyil.
Bu, həm də onunla bağlıdır ki, azərbaycanlılar ölümü, xəstəliyi yalnız məişət müstəvisində qiymətləndirirlər. Onların fikrincə, ölüm də, xəstəlik də ən yaxşı halda – alın yazısı, taleyin işi; ən pis halda isə – insanın öz-özünə düşmən kəsilməsinin, öz-özünün qəniminə çevrilməsinin, vaxtında böyüklərin öyüd-nəsihətini, məsləhətini dinləməməsinin nəticəsidir: "Vaxtında o qədər dedim, tərgit o zəhrimarı…" "İçdi, özünü yazıq elədi" və s. və i.a.
Təkcə son aylarda yaxından-uzaqdan tanıdığım ortayaşlı üç insan dünyasını dəyişib ki, bunlardan heç birinin nə içki ilə, nə siqaretlə heç bir əlaqəsi yox idi (yalnız biri, o da bildiyim qədərilə məclisdən-məclisə "boğazını yaşlamağı" sevərdi), ancaq üçünün ortaq nöqtəsini göstərə bilərəm: ağır həyat şərtləri… Məişət qayğılarının gətirdiyi əsəb, stress, depressiya, yorğunluq, usanmışlıq, fiziki və mənəvi tükənmişlik… Biri bədxassəli şişdən əziyyət çəkdiyini son anda öyrənmişdi, ağrıları olduğu halda maddi imkansızlıqdan uzun müddət həkimə gedə bilməyibmiş, qohum-əqrəba kömək edib müayinə və müalicəyə başlayanda isə artıq çoxdan iş işdən keçibmiş, odur ki, sonrakı ömrü heç üç ay da sürmədi.
Başqa biri ürəktutmasından ölmüşdü, kənardan baxanda sapsağlam görünürdü, turp kimi adam təsiri bağışlayırdı. Ancaq içi özünü yandırırmış, çölü özgəni… Təfərrüatlara girməyəcəm, ancaq işsizlik və pulsuzluq qurd ağacı içindən yeyən kimi yeyib tükədirmiş onu.
Dediyim odur ki, azərbaycanlıların ölümü, xəstəliyi bəsitləşdirməsi, bunları sadəcə və sadəcə, zərərləri hətta bağça uşağına belə gün kimi bəlli olan vərdişlərin ayağına yazması kökündən yanlışdır.
İndi Azərbaycanda sağ qalmaq üçün həmin vərdişlərdən uzaq durmaq çox azdır. Gərək reallıqdan da uzaq durasan. Gözlərini hər şeyə yumasan, qulaqlarını hər şeyə tıxayasan. Heç nə barədə düşünməyəsən, heç nəyin fikrini çəkməyəsən. Nə torpaqların işğalını özünə dərd eləyəsən, nə təhsilin, səhiyyənin yerlərdə sürünməsini. Nə məhkəmələrin məzhəkəyə dönməsini vecinə alasan, nə korrupsiyanın, rüşvətin həyat normasına çevrilməsini. Nə məmur heyvərəliyinə acıqlanasan, nə seçki saxtakarlığına əsəbləşəsən. Eləcə "üç meymunu" oynayasan: "Əgər mən şəri görmürəmsə, onun haqqında eşitmirəm və danışmıramsa, deməli, ondan müdafiə olunmuşam".
Halbuki artıq hətta bu da sağ qalmaq üçün kifayət deyil: ədalətsizliyin miqyası elə həddə çatıb ki, artıq ondan qaçış və qurtuluş, ümumiyyətlə, yoxdur. O, sizi ən ağılagəlməz vaxtda, yerdə və situasiyada mütləq tapacaq, çərlədəcək, xəstə yatağına salacaq, torpağın altına göndərəcək.
Necə ki lap əvvəldə yazdıqlarımız elə bu fikri qüvvətləndirmək üçün idi: ölkədə ən müxtəlif xəstəliklərin sayındakı misli görünəmiş artım da, ölüm yaşının "cavanlaşması" da əsla təsadüfi deyil. Addımbaşı rastlaşdığımız haqsızlıqla, hüquqsuzluqla birbaşa bağlıdır. Həm də siqaretdən, araqdan-zaddan daha çox bağlıdır…
***
Kimsə çıxıb deyəcək ki, ölüm, xəstəlik dünyanın hər yerində var.
Əlbəttə, var. Əksini iddia etmək üçün ağlını itirmək, özünü və başqalarını axmaq yerinə qoyacaq qədər zırrama olmaq lazımdır.
Ölüm, xəstəlik dünyanın hər yerində var, ancaq arada incə və önəmli fərq də var: "Ədalətsizliyin olduğu yerdə bütün ölümlər – qətldir".