Şabran sakini: “Əsgər yoldaşım  adıma şirkət açıb, 110 min borca salıb”

Manat. Foto: Cahid Ahmed/shutterstock

Prokurorluq şikayətlə bağlı araşdırma aparır

Şabran rayonunda yaşayan Elvin Rəsulov deyir ki, hərbi xidmətdə birlikdə xidmət etdiyi Allahverən Musayev onu aldadaraq, adına şirkət açıb. Həmin şirkət vasitəsilə xaricdən Azərbaycana mal idxal olunub və nəticədə külli miqdarda vergi borcu yaranıb. Elvin Rəsulovun bildirdiyinə görə, yığılmış vergi borcunun məbləği təxminən 110 min manatdır.

Bir müddət əvvəl kredit götürmək üçün əsgərlik yoldaşından kömək istədiyini və həmin vaxt Alahverdiyevin təklifilə ona etibarnamə verdiyini deyən Şabran sakini ehtimal edir ki, məhz bu sənəd vasitəsilə onun xəbəri olmadan adına şirkət yaradılıb, vergi ödəyicisi kimi qeydə alınıb.

Elvin Rəsulovun sözlərinə görə, 110 minlik vergi borcunun yığılması haqda məlumat alandan dərhal sonra Allahverən Musayevlə əlaqə saxlamağa çalışıb. Lakin cəhdləri nəticə verməyib, çünki telefonu söndürülüb.
Allahverən Musayevin ünvanına səslənən ittihamlara onun özünün münasibətini öyrənmək mümkün olmayıb.

Lakin Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Elvin Rəsulovun şikayətilə əlaqədar artıq araşdırma aparılır. Prokurorluqla yanaşı, vergi orqanı da məsələni araşdırır.

“Elvin Rəsulovun tanışı tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması, adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyatı strukturları ilə birgə araşdırma aparılır. Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin olunacaq”, – prokurorluqdan bildirilib.

Ana səhifəBölgəŞabran sakini: “Əsgər yoldaşım  adıma şirkət açıb, 110 min borca salıb”