Sabiq nazir: Vaşinqtonla Paris Rusiyanın və qismən Türkiyənin fəallaşmasından narahatdır

Tofiq Zülfüqarov bildirib ki, Cenevrə görüşünün Azərbaycanın cəbhədə apardığı məqsədə heç bir aidiyyatı yoxdur

Source:


“Cenevrə görüşünün Azərbaycanın cəbhədə apardığı məqsədə heç bir aidiyyatı yoxdur”

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) oktyabrın 30-da Cenevrədə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ayrıca görüşüblər.

Onlar həmçinin BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerlə məsləhətləşmələr aparıblar.

Bu barədə həmsədrlərin oktyabrın 31-də gecə yaydıqları bəyanatda deyilir.

Vasitəçilər tərəflərin oktyabrın 17-da Parisdə və oktyabrın 25-də Vaşinqtonda təsdiqlədikləri 10 oktyabr tarixli birgə Moskva bəyanatına uyğun olaraq, humanitar məqsədlər üçün atəşkəsin dərhal dayandırılması da daxil olmaqla, tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin bir daha yerinə yetirilməsinə çağırıblar.

Bəyanatda bildirilib ki, atəşkəs rejiminə və ya digər öhdəliklərə əməl edilməsinə xələl gətirmədən tərəflər təcili olaraq bir sıra addımlar atmaq barədə razılığa gəliblər:

“Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhaliyə və ya qeyri-hərbi obyektlərə qəsdən zərbələr endirməyəcəklər; tərəflər yardım üçün BQXK və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təhlükəsizliyinə zəruri zəmanət verməklə döyüş meydanında cəsədlərin çıxarılması və dəyişdirilməsi üzrə əməliyyatların həyata keçirilməsində fəal iştirak edəcəklər; tərəflər hərbi əsirlərin mübadiləsinin mümkünlüyü məqsədilə hazırda saxlanılan əsirlərin siyahısını bir həftə ərzində BQXK-ya və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə təqdim edəcəklər; tərəflər 10 oktyabr tarixli birgə bəyanatın 2-ci bəndinə uyğun olaraq atəşkəsin yoxlanılmasının mümkün mexanizmlərinə dair şərhləri və sualları yazılı şəkildə təqdim edəcəklər”.

Sənəddə tərəflərin 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli qərarın əsas elementləri üzrə danışıqlara dair mövqenin aydınlaşdırılmasına yönəlmiş açıq və obyektiv fikir mübadiləsi apardıqları vurğulanıb.

Meydan TV Minsk Qrupunun yaydığı bəyanatla bağlı Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfqarova sorğu göndərib.

Tofiq Zülfqarov Cenevrə görüşünün Vaşinqton təmasının ardınca baş verməsini sıradan bir olay hesab etmir:

“Hiss olunur ki, Vaşinqtonla Paris Rusiyanın və qismən Türkiyənin fəallaşmasından narahatdır, Minsk Qrupunun hələ də gündəmdə olmasını təsdiq edən bir görüş keçiriblər. Bu mənada 30 oktyabr görüşünün və bəyanatının məqsədi bundan ibarətdir”.

Tofiq Zülfüqarov dünənki danışıqlarda 3 məsələnin əsas mövzu olduğunu hesab edir:

“Birincisi, humantar atəşkəs, ikinci, uzunmüddətli atəşkəs, yəni daha sabit. Üçüncü, substantiv danışıqlar. Bəyanatı oxuyanda tərəflərin humanitar məsələ ilə bağlı mövqeləri bölüşdüyü sezilir. Həm də Cenevrə Konvensiyasına riayət olunmalıdır, Gəncə və Bərdə cinayətləri birbaşa olmasa da, tənqid olunub. İkinci məsələyə gəldikdə, həmsədrlər tərəflərdən uzunmüddətli danışıqlarla bağlı yazılı mövqe gözləyirlər. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, atəşkəs nəyinsə naminə olmalıdır. Prezident dəfələrlə Bakının cədvəl gözlədiyini deyib. Cədvəl əsasında Ermənistan öhdəlik götürsün və işğal altındakı əraziləri tərk etsinlər. Bəyanatdan görünür ki, bu məsələdə ortaq qərara gəlmək mümkün olmayıb. Üçüncü məqam substantiv danışıqlardır ki, status-kvo dəyişdiyindən hələ aktual deyil. İndiki mərhələdə tərəflər substantiv mövzuları hələ fərqli görürlər, həmsədrlər isə qəbul edilmiş prinsiplərə riayət olunmasını xahiş edirlər. Söhbət Madrid Prinsiplərinin əsasını təşkil edən 3 məsələdən gedir. Ancaq Azərbaycan xalqların öz müqəddaratını təyin etmək prinsipinin bu konfliktə şamil olunmasını mümkünsüz sayıb. O biri tərəfdən də Ermənistan da qalan iki prinsipi pozur, münaqişənin sülh yoluyla həllini nəzərdə tuturam. Məsələ ondadır ki, onlar işğal edib, sonra sülh istəyirlər və bu, Bakını qane etmirdi. Nəhayət, üçüncü prinsip də pozulub. Paşinyan “Qarabağ Ermənistandır” deyəndə Azərbaycanın ərazi bütövlüyünü pozub. Bəyanatdan belə görünür ki, Cenevrə danışıqları Madrid Prinsipləri üzərində aparılıb”.

Tofiq Zülfüqarov bildirib ki, Cenevrə görüşünün Azərbaycanın cəbhədə apardığı məqsədə heç bir aidiyyatı yoxdur:

“Yəni Azərbaycan dövləti öz Konstitusiyasına əsaslanaraq ərazi bütövlüyünü təmin etməklə məşğuldur. Əgər kimsə bizə kömək etmək istəyirsə, belə görüşləri dəstəkləyirik. Amma biz gördük ki, Cenevrədə əsas məsələdə irəliləyiş yoxdur. Çünki Ermənistanın mövqeyi dəyişməyib, deməli, Azərbaycan müqavimət göstərmək və güc tətbiq etmək hüququnu özündə saxlayır”.

Ana səhifəSiyasətSabiq nazir: Vaşinqtonla Paris Rusiyanın və qismən Türkiyənin fəallaşmasından narahatdır