Elton Məmmədov: “ Kimə “cinayətkar” deyilsə, xüsusi ittiham qaydasında məhkəməyə verməlidir?”
Keçmiş deputat, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədovun həbsi tələbilə ona qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsinə baxılıb. Fevralın 9-da Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyilə keçirilən məhkəmə prosesində bu iddianın icraata götürülməməsinə qərar verilib.
Sabiq deputata qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması tələb edən isə Milli Elmlər Akademiyasının hüquq şöbəsinin müdiri Kamal Əliyevdir.
Fevralın 9-da məhkəmədə Elton Məmmədov çıxış edib. O bildirib ki, iddia əsassızdır, çünki Kamal Əliyevə münasibətdə təhqir və böhtan sayılacaq ifadə səsləndirməyib: “Mən Tərtər hadisələrində onun adı olduğunu demişəm. Bu da təhqir deyil. Əgər Kamal Əliyev bu məhkəmə işi ilə bağlı sifariş alıbsa, başqa məsələ. Mən haqqın tərəfdarıyam. Kimə “cinayətkar” deyilsə, xüsusi ittiham qaydasında məhkəməyə verməlidir?”
Kamal Əliyev isə iddiasını müdafiə edib və məhkəmə baxışına verilib araşdırılmasını istəyib. O vurğulayıb ki, Elton Məmmədov onu “cinayətkar”, “dələduz” adlandırıb. Kamal Əliyevin sözlərinə görə, sabiq deputat onu hakim olduğu dövrdə “Tərtər işi” üzrə hökm çıxarmaqda ittiham edib. Halbuki, Tərtər hadisələri üzrə hökm çıxarılanda o, artıq hakim deyildi: “Bu adam nəinki səhvini başa düşmür, dayanmır”.
Bugünlərdə mediaya açıqlamasında Elmlər Akademiyasında baş verənlərə münasibət bildirən Elton Məmmədov Akademiyanın prezidenti Ramiz Mehdiyevi tənqid edib. O iddia edib ki, Ramiz Mehdiyev prezidentin siyasətinə zidd addımlar atır.
“Akademiklər ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməli, bununla bağlı dövlət başçısına müraciət etməlidilər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm, bu gün sözümün üstündəyəm. Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir”, – Elton Məmmədov “unikal.org”a açıqlamasında bildirib.
Ramiz Mehdiyev 2019-cu il oktyabrın 23-də Milli Elmlər Akademiyasının prezidenti seçiləndən az sonra – noyabrda Elton Məmmədov Akademiyanın “Yüksək Texnologiyalar Parkı”nın direktoru təyin edilib. Az sonra bu vəzifədən azad edilən sabiq deputat Akademiyanın İşlər İdarəsinin rəhbəri təyin olunub. Amma qısa müddət sonra – 13 aprel 2021-ci ildə bu vəzifədən də çıxarılıb. Elton Məmmədov işə bərpa tələbilə məhkəmədə iddia qaldırıb. Onun iddiası təmin edilib. Lakin Elmlər Akademiyasının rəhbərliyi onun vəzifəsinə bərpası haqda Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Şikayətə fevralın 15-də baxılacaq.
Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.