Saakaşvili huşunu itirib, lakin sonra vəziyyəti sabitləşib

Foto: Meydan TV

Məqalə JAMnews saytında dərc olunub.

Bu gün Tbilisidə irimiqyaslı aksiya planlaşdırılır

Məhbəsdə 48 gündür aclıq edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili noyabrın 18-i vəkillərlə görüşü zamanı huşunu itirib. Reanimasiyaya xərəkdə çatdırılan Saakaşvili orda özünə gəlib.

Sabiq prezidentin olduğu məhbəs xəstəxanasının reanimatoloqları “onun vəziyyətinin müəyyən reanimasiya tədbirləri nəticəsində sabitləşdiyini” söyləyir. Sabiq prezidentin növbəsini reanimasiya briqadası çəkir.

“Mtvari” müxalifət televiziya kanalının direktoru və Saakaşvilinin vəkillərindən biri Nika Qvaramiya həkimlərin yaxşı müdaxilə etdiyini söyləyib. Belə ki, sabiq prezident huşunu itirərkən vəkili onun yanında olub.

“Hazırda Saakaşvili ilə hər şey qaydasındadır, onun həyatı təhlükədə deyil”, – Qvaramiya deyib. Vəkil hesab edir ki, Saakaşvilinin yeganə xilas yolu onun məhbəs xəstəxanasından çıxması və aclığa son qoymasıdır:

“Mənim üçün ən əsası bu adamı burdan salamat çıxarmaqdır”, – Qvaramiya deyib.

Noyabrın 19-na Tbilisinin mərkəzində irimiqyaslı mitinq təyin olunub.

Müxalifət ilkin olaraq noyabrın 19-u Tbilisidə üç etiraz aksiyası keçirməyi planlaşdırıb. Lakin hazırda Respublika meydanında keçiriləcək irimiqyaslı etiraz aksiyası barədə elan verilib.

“Hökumət artıq əsir aldığı adamın axırına çıxmaq kimi maniakal istəyindən əl çəkmir (…) Bu, ölkə tarixində vacib məqamdır və səfərbərliyimiz, birləşməyimiz heç olmadığı qədər mühümdür”, – aparıcı Vahid Milli Hərəkat Partiyasının (Mixail Saakaşvili yaradıb) lideri Nika melia bəyan edib.  

“Bütün bu olanlarda Rusiya başdan ayağadək iştirakçıdır. Ölkənin azadlığının təhlükədə olduğunu düşünən hər kəsi noyabrın 19-u saat 15.00-da Respublika Meydanında gözləyirik”, – Nika Melia söyləyib.

Bu ərəfədə, noyabrın 17-si Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariyanın yaratdığı ekspert qrupu Mixail Saakaşvilinin sağlamlığı ilə bağlı öz xülasəsini dərc edib.

“Xəstənin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, onun müalicəsi dərhal çoxprofilli xəstəxanada davam etdirilməlidir. İntensiv terapiya şöbəsi lazımdır və məhbəs xəstəxanası lazımi tələblərə cavab vermir”.

Strasburq məhkəməsi noyabrın 10-u Mixail Saakaşvilinin aclığı, onun sağlamlığı və təhlükəsizliyi ilə bağlı “müvəqqəti tədbirlər” barədə qərar çıxarıb. Məhkəmənin qərarında “Mixail Saakaşvilinin həyat və sağlamlığına çarəsiz zərərin dəyməsi təhlükəsinin olması” barədə deyilir. 

Ana səhifəDünyaSaakaşvili huşunu itirib, lakin sonra vəziyyəti sabitləşib