İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və dispanserin tibb qeydiyyatı şöbəsində çalışan Mətanət Şamçiyevanın məhkəməsi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki,həkimin barəsində həbs-qətimkan tədbiri seçilsə də, istintaq dövründə M. Şamçiyeva barədə belə qərar çıxarılmayıb.
Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.
Bir müddət əvvəl vətəndaşlardan qeydiyyatla bağlı arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Hüseyn Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.