Medinski: “Rusiya gərginliyin azaldılması üçün addımlar atır”
“Rusiya gərginliyin azaldılması üçün Ukraynaya doğru iki addım atır”.
Bunu Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski martın 29-da deyib.
Vladimir Medinski İstanbulda Rusiya-Ukrayna danışıqlarının konstruktiv keçdiyini bildirib.
“Müqavilə tez bir zamanda işlənərsə və kompromis tapılarsa, sülhün əldə edilməsi ehtimalı daha da yaxınlaşacaq”, – deyə Medinski söyləyib.
Şoyqu: “Əsas diqqəti Donbasa yönəldəcəyik”
Rusiya Kiyev və Çerniqov vilayətləri ərazisindən ayrı-ayrı hərbi hissələri çıxarır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Amma rus işğalçılarının hərbi və mülki infrastruktur obyektlərinə zərbələr endirməsi təhlükəsi yüksək olaraq qalır”, – deyə Baş Qərargah əlavə edib.
“Rusiya ordusu xüsusi əməliyyatın birinci mərhələsinin əsas tapşırıqlarını yerinə yetirib və indi bütün diqqətini əsas məqsədinə – Donbasın azad olunmasına yönəldəcək”.
Bu açıqlamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Nazir Ukrayna ordusunun xeyli itki verdiyini bildirib: “Ukrayna ordusunun 152 təyyarəsindən 123-ü, 149 helikopterdən isə 77-si məhv edilib. Bundan əlavə, əvvəllər Kiyevin sərəncamında olan 180 zenit-raket kompleksindən yalnız 28-i fəaliyyət göstərir”.
“Əsas məqam Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanətləri haqqında sazişdir”
“Bugünkü danışıqlarda tərəflər Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatları və humanitar məsələlərin həlli üçün atəşkəslə bağlı intensiv məsləhətləşmələr aparır”.
Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri, danışıqlar aparan nümayəndə heyətinin üzvü Mixaylo Podolyak İstanbulda keçirdiyi aralıq brifinqdə deyib.
“İndi bir neçə vacib məsələ üzrə intensiv məsləhətləşmələr gedir. Əsas məqam Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanətləri haqqında sazişdir. Yalnız bu müqavilə ilə biz müharibəni Ukraynaya lazım olan şəkildə bitirə bilərik. İkinci tələb olunan məsələ bütün humanitar problemlərin həlli naminə atəşkəsdir və indi biz bundan danışırıq”, – deyə Podolyak bildirib.
Martın 29-da İstanbulda Ukrayna-Rusiya nümayəndə heyətlərinin növbəti görüşü keçirilir.
Görüşdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar üçün İstanbula gələn Ukrayna və Rusiya nümayəndə heyətlərinə sülhün bərpasını yaxınlaşdıracaq qərarlar qəbul etməyi arzulayıb.
İrina Vereşçuk: “Ukraynada üç humanitar dəhliz açılıb”
Martın 29-da mülki şəxslərin təxliyəsi üçün Ukraynada üç humanitar dəhliz açılıb.
Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, Mariupol, Melitopol və Enerqodardan Zaporojyeyə humanitar dəhlizlərin açılması razılaşdırılıb.
Vereşçukun sözlərinə görə, Donetsk vilayətində insanlar şəxsi nəqliyyat vasitələri ilə Mariupoldan Zaporojyeyə humanitar dəhlizlə gedə biləcəklər.
Baş nazirin müavini martın 27-də Ukraynanın təhlükəli rayonlarından humanitar dəhlizlər vasitəsilə sutka ərzində 1100 nəfərin təxliyə edildiyini deyib.
Rusiya Müdafiə Nazirliyi isə Donetsk və Luqansk “respublikaları”ndan Rusiyaya 19,6 mindən çox insanın təxliyəsi barədə məlumat yayıb.
Ümumilikdə hərbi əməliyyat başlayandan Rusiyaya 439 420 nəfərin təxliyə edildiyi bildirilir.
AYİB Moskva və Minskdəki ofislərini bağlayır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki ofislərini bağlayacağını açıqlayıb.
Bank Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəti şəkildə pisləyib.
Bildirilib ki, bank tərəfindən hərbi münaqişədən zərər çəkənlərə ilkin olaraq 2 milyard avro ayrılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı indiyədək Rusiyaya 788 layihə çərçivəsində 24,301 mikyard avro, Belarusa isə 142 layihə çərçivəsində 3,087 milyard avro ayırıb.
Bankın Rusiyadakı aktiv portfelinin həcmi 61 layihə çərçivəsində 939 milyon avro, Belarusdakı aktiv portfelinin həcmi isə 61 layihə üzrə 880 milyon avro təşkil edir.
“Ukraynada baş verənlər Suriyada gördüklərimizin təkrarıdır”
“Amnesty International” Rusiyanı müharibə cinayətlərində ittiham edir.
Bu barədə təşkilatın yaydığı açıqlamada deyilir.
Bildirilir ki, Rusiya Ukraynadakı müharibəyə görə hərbi cinayətlər törədir və beynəlxalq hüququ kobud şəkildə pozur.
“Amnesty İnternational”ın baş katibi Aqnes Kalamar deyib ki, Mariupolun mühasirəsi, humanitar əsaslarla təxliyədən imtina və mülki şəxslərin geri çəkilməsi üçün humanitar dəhlizlərin təmin edilməməsi, həmçinin mülki əhaliyə hücumlar müharibə cinayətləridir.
“Ukraynada baş verənlər “Suriyada gördüklərimizin təkrarıdır”, – Kalamar belə deyib.
Onun sözlərinə görə, Rusiya ordusu “Suriya və Çeçenistandakı kimi taktikaya” əl atır: “Yəni mülki əhaliyə zərbələr endirmək və beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etmək”.
Rusiyanın “denazifikasiya”, “demilitarizasiya” şərtlərini geri götürür?
Böyük Britaniyanın “Financial Times” qəzeti Rusiya ilə Ukrayna arasında mümkün saziş layihəsi barədə 4 mənbəyə istinadən məlumat yayıb.
Qəzet yazır ki, Rusiyanın “denazifikasiya”, “demilitarizasiya” və Ukraynada rus dilinin statusu ilə bağlı tələbləri artıq sənəd layihəsində yoxdur: “Ukrayna həm NATO-ya üzvlük, həm də nüvə silahının hazırlanması və xarici hərbi bazaların yerləşdirilməsindən əl çəkəcək”.
“Ukrayna 11 ölkədən təhlükəsizlik zəmanəti alacaq: Rusiya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, Çin, İtaliya, Polşa, İsrail və Türkiyədən. Bununla bərabər Ukraynanın Avropa İttifaqına daxil olması ehtimalı istisna edilmir”, – deyə qəzet yazır.
“Financial Times” danışıqların ən çətin məsələsinin Krım və Donbasla bağlı olduğunu qeyd edir: “Bu məsələ Putinlə Zelenskinin şəxsi görüşünə qədər təxirə salına bilər”.
“Ukrayna sərhədlərinin dəyişdirilməsini qəbul etməyə hazır deyil. Ancaq söz verə bilər ki, yarımadanı və şərq rayonlarını güc yolu ilə qaytarmağa cəhd etməyəcək”, – deyə “Financial Times” yazıb.
Ancaq qəzetin yazdığını hər iki ölkənin rəsmi mənbələri nə təsdiq, nə də təkzib edib.
Rusiya Avropanı pulsuz qazla təmin etməyəcək
Martın 29-da Rusiya G7 ölkələrinin qazı rublla almaq imtinasına reaksiya verib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Amerikanın PBS teleşirkətinə deyib.
O bildirib ki, Rusiya xeyriyyəçiliklə məşğul olmaq və Avropanı öz təbii qazını pulsuz təmin etmək niyyətində deyil:
“Moskva Avropa İttifaqının bu cür tədarükü rublla ödəməkdən imtina edəcəyi təqdirdə vəziyyəti öyrənəcək və əlavə qərarlar qəbul edəcək”.
“Ödəniş yoxdursa, qaz yoxdur”, – deyə Peskov xəbərdarlıq edib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.