Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 23-cü günü

Mariupul. Foto: Reuters

Rusiya artıq Qərb tərəfdaşları ilə hesablaşmır

Qərb Rusiyaya qarşı 5000-dən çox sanksiya tətbiq edib və sonra da davam edəcək. Ancaq buna artıq öyrəşmişik”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Sergey Lavrov, Alexandros Michailidis/shutterstock

Onun sözlərinə görə, Rusiya artıq Qərb tərəfdaşları ilə hesablaşmır:

İndi biz yalnız özümüzə və yanımızda qalacaq müttəfiqlərə arxalana bilərik. Bu, geosiyasət kontekstində Rusiya üçün əsas nəticədir”.


Rusiya və Belarusiya diplomatlarının Avropa Parlamentinin binasına girişi yasaqlandı

Avropa Parlamenti Rusiya və Belarus diplomatlarının, rəsmilərinin Brüssel və Strasburqdakı binalarına girişini qadağan edib.

Bu barədə martın 18-də Avropa Parlamentinin sədri Roberta Metsola “Twitter” səhifəsində yazıb.

Avropa Parlamentinin sədri Roberta Metsola. Foto: Alexandros Michailidis/shutterstock

Bu gündən etibarən Rusiya və Belarusun diplomatik və dövlət qulluqçularının Avropa Parlamentinin binalarına girişi qadağandır”, – deyə Metsola yazıb.

O, daha sonra əlavə edib ki, Demokratiya Evində demokratik dövləti məhv edənlərə yer yoxdur”.


Bolqarıstan 10 rus diplomatını ölkədən çıxarır

Bolqarıstan Xarici İşlər Nazirliyi 10 rus diplomatını “persona non qrata” elan edib.

Diplomatlara ölkəni tərk etməkləri üçün 72 saat vaxt verilib.

Qərarın diplomatların ölkədə “Diplomatik fəaliyyət haqqında Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlər həyata keçirməsi” səbəbindən verildiyi bildirilib.

Bolqarıstan Xarici İşlər Nazirliyi. Foto: AndriiKoval/shutterstock

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bunu “son dərəcə qeyri-dost hərəkət” adlandırıb.
Rusiyanın cavab tədbiri almaq hüququnu özündə saxladığını deyib.

Martın 2-də Bolqarıstan Xarici İşlər Nazirliyi kəşfiyyat fəaliyyətində şübhəli bilinən iki rusiyalı diplomatın ölkədən çıxarıldığını elan edib.

Bundan sonra Rusiyanın Bolqarıstandakı səfiri etiraf edib ki, Avropa ölkələri tezliklə rus diplomatlarının ölkədən çıxarılması barədə açıqlamalar verməyə başlayacaq.


Ukraynanın Əməkdar artisti raket hücumundan həlak olub

Ukraynanın Əməkdar artisti, kino və teatr aktrisası Oksana Şvets Kiyevdə yaşayış binasına raket hücumu nəticəsində martın 17-də həlak olub.

Aktrisanın çalışdığı Kiyev Akademik Gənc Tamaşaçılar Teatrı bu haqda məlumat yayıb.

Oksana Şvets. Mənbə: Молодий театр

67 yaşlı aktrisanın teatrda 30-dan çox rolda oynadığı bildirilir.

O, müxtəlif illərdə 6 filmə çəkilib.


Ukraynada opera solisti müharibə nəticəsində həlak olub

Fevralın 26-da Rusiya ordusunun silahlı hücumları nəticəsində yaralanan Ukrayna Milli Operasının solisti Artyom Datsişin martın 17-də xəstəxanada vəfat edib.

Foto: Artyom Datsişinin “Facebook” səhifəsindən götürülüb

43 yaşlı sənətçi “Qu gölü”ndə Ziqfrid, “Şelkunçik”də Şahzadə, “Yatmış gözəl”də şahzadə Dezire, “Jizel”də Albert rolları ilə tanınıb.

Sergey Lifar (1996) və Rudolf Nureyev (1998) adına beynəlxalq müsabiqələrin qalibidir.


Zelenskinin namizədliyi Nobel Sülh Mükafatına irəli sürülüb

Avropa Parlamentinin üzvləri və avropalı siyasətçilər Ukrayna Prezidenti Volodimir Zelenskiyə 2022-ci ildə Nobel Sülh Mükafatı verilməsi təşəbbüsü ilə çıxış ediblər.

Bununla bağlı Nobel Mükafatları Komitəsinə müraciət olunub.

Namizədlərin adı 2022-ci il fevralın 1-nə kimi təqdim edilməlidir.

V.Zelenski. Foto: Meydan TV

Avropalı siyasətçilər komitədən müddətin martın 31-dək uzatmağı xahiş ediblər.

Builki laureatıarın adları oktyabrın 3-dən 10-dək Stokholmda keçiriləcək Nobel həftəsində açıqlanacaq.


Arnold Şvartsnegger rus xalqına və Putinə müraciət edib

Hollivud aktyoru, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger Ukraynadakı müharibə ilə əlaqədar Rusiya xalqına və Prezident Vladimir Putinə videomüraciət edib.

O, müharibənin ağır nəticələrindən danışıb, münaqişənin tezliklə həll olunmasını istədiyini deyib.

Bilirəm, hökumətiniz sizə deyir ki, bu, müharibə deyil. Ukraynanı denasifikasiya (nasistlərdən təmizləmə) etməkdir. Bu, doğru deyil. Ukrayna yəhudi əsilli prezidenti olan bir ölkədir. Ukrayna bu müharibəyə başlamadı. Bunu millətçilər və ya nasistlər başlatmayıb. Buna Kremldə hakimiyyətdə olanlar başlayıb”, – aktyor söyləyib.

Arnold Şvartsnegger. Foto: Anton Gvozdikov/shutterstock

Şvartsenegger Ukraynadakı hərbi əməliyyatlara görə BMT-nin 141 dövlətinin Rusiyanı təcavüzkar kimi tanınmasına səs verdiyini xatırladıb.

Həmçinin qeyd edib ki, Rusiya hakimiyyət orqanları müharibənin ölkə üçün nəticələrini gizlədir:
“Mən sizə ürək ağrısı ilə deyirəm ki, minlərlə rus əsgəri həlak olub. Onlar öz vətənləri uğrunda döyüşən ukraynalılarla fatehlik iddiasında olan Rusiya rəhbərliyi arasında qalıblar”.

Şvartsenegger Prezident Vladimir Putinə “Bu müharibəni siz başlamısınız, bu müharibəni siz aparırsınız, siz də bu müharibəni dayandıra bilərsiniz”, – deyə müraciət edib.


Rusiya Lvovu yenə raket atəşinə tutub

Martın 18-də səhər saatlarında Rusiya ordusu Lvov şəhərini raketdən atəşə tutub.

Bu barədə şəhərin meri Andrey Sadovyi “Telegram” kanalında məlumat paylaşıb.

Raketlər Lvov hava limanı yaxınlığındakı əraziyə düşüb. Hələlik ünvanı deyə bilmərəm, amma bu, birmənalı olaraq hava limanı deyil”.

Lvov. Foto: Reuters

Mer daha sonra aydınlaşdırıb ki, təyyarə təmiri zavoduna bir neçə raket düşüb:

Zavodun işi əvvəlcədən dayandırılıb, ona görə də hələlik insan tələfatı yoxdur. Hadisə yerində xilasedicilər və müvafiq kommunal xidmətlər işləyir”.


“Mariupul mühasirədədir”

Rusiya Silahlı Qüvvələri “Forpost” pilotsuz uçuş aparatı ilə Ukrayna Silahlı Qüvvələrinə məxsus zirehli texnika və sursat anbarlarını dağıdıb.

Məlumatı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

Nazirliyin rəsmisi, general-mayor İqor Konaşenkov Mariupolda mühasirə halqasının gücləndirildiyini bildirib:

“Mariupolda Donetsk Xalq Respublikasının bölmələri Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə mühasirəni sıxaraq şəhərin mərkəzində millətçilərə qarşı döyüşür”.


Avstraliya hökuməti Rusiyanın 11 bankına sanksiyalar tətbiq edib

Yenilənmiş sanksiyalar siyahısına Rusiyanın Milli Sərvət Fondu (NWF) və Rusiya Maliyyə Nazirliyi daxildir.
Bu barədə Rusiya mətbuatı Avstraliya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Avstraliya indi Rusiyanın suveren borcunun verilməsinə və idarə olunmasına cavabdeh olan bütün Rusiya dövlət qurumlarını hədəfə alır. Eyni zamanda, “Sberbank”, “Qazprombank”, VEB, VTB, “Rosselxozbank”, “Sovcombank”, “Novikombank”, “Alfa-Bank” və “Moskva Kredit Bankı” da sanksiyalara məruz qalıb”-deyə bildirilib.

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Yeni Zelandiya isə yeni sanksiyaların ilk raundunu Rusiya Prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının 12 üzvünə şamil edib. Sanksiyalar səyahət məhdudiyyətləri və aktivlərin dondurulmasını özündə ehtiva edir. Yaponiya da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı və senator Süleyman Kərimovun da olduğu 9 təşkilat və 15 rusiyalını sanksiya siyahısına daxil edib.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 23-cü günü