Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 20-ci günü

Ukrayna-Rusiya. Foto: Tomasz Makowski/shutterstock

Rusiya Baydenə sanksiya tətbiq etdi

Rusiya ABŞ Prezidenti Co Baydenə və oğluna sanksiya tətbiq edib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Co Bayden, Mənbə: lev radin/shutterstock

Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ rəsmiləri və siyasətçilərini “stop siyahısı”na daxil edib.

Siyahıda Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin rəhbəri, general Mark Milley, prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Cey Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilliam Berns, Ağ Evin mətbuat katibi Cen Psaki, keçmiş dövlət katibi Hillari Klinton, o cümlədən prezidentin oğlu Hanter Baydenin və digər rəsmilərin adları yer alıb.


Britaniyadan Rusiyaya yeni sanksiyalar

Martın 15-də Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edib.

Sənəd Rusiyanın 370-dən çox hökumət və regional hökumət rəsmisi, biznes liderləri, onların ailə üzvləri və parlamentariləri əhatə edir.

Bildirilir ki, yenilənmiş sanksiyalar siyahısında bu şəxslərin hamısının Böyük Britaniyaya girişi qadağandır: “Əgər onların Böyük Britaniyada aktivləri tapılarsa, dondurulacaq”.

Rusiya, Böyük Britaniya və Ukrayna. Foto: OnePixelStudio/shutterstock

“Siyahıda Rusiyanın Baş nazir Mixail Mişustin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Baş nazirin müavinləri Marat Xusnullin, Dmitri Çernışenko, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, kənd təsərrüfatı naziri Dmitri Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, nəqliyyat naziri Vitali Savelyev, Moskva meri Sergey Sobyanin, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov, Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Evmenov, “Aerokosmik” Qüvvələrin Ali Baş Komandanı Sergey Surovikin və onun müavini Sergey Dronovun adları yer alıb”, – deyə açıqlamada qeyd olunub.

Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, prezidentin mətbuat katibi Dmitri Peskov, onun övladları Yelizaveta və Nikolay, həyat yoldaşı Tatyana Navkaya qarşı da sanksiyalar tətbiq edilib.


“Aeroflot” Bakıya uçuşları bərpa edir

Rusiyanın “Aeroflot” aviaşirkəti Moskvadan Bakıya uçuşları bərpa edir.

Martın 21-dən etibarən “Sukhoi SuperJet 100” tipli təyyarələrlə hər gün reyslər təşkil olunacaq.

“Aeroflot”. Foto: ANGHI/shutterstock

“Aeroflot” martın 6-dan bütün beynəlxalq uçuşları dayandırmışdı.

Qərarın beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə qəbul edildiyi bildirilmişdi.


Ukrayna zərəri açıqladı: 500 milyard dollar

Ukrayna ərazisində 20 gün davam edən müharibənin vurduğu zərərin azı 500 milyard dollara çatdığı bildirilir.
Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko danışıb.

Amma nazir göstərdiyi məbləğin yekun olmadığını əlavə edib.

Sergey Marçenko. Foto: https://zn.ua/

“Bir çox tədarük zəncirləri tamamilə pozulub, bir çox müəssisə dağıdılıb, bəziləri isə sadəcə olaraq işçiləri getdiyi üçün işləyə bilmir. Lakin dəqiq məbləğ yalnız müharibə başa çatdıqdan sonra məlum olacaq”, – deyə Marçenko vurğulayıb.


Zelenski: “Biz hər şeyi bərpa edəcəyik”

Ukrayna Prezidenti Volodimir Zelenski xarici yardımlar hesabına müharibənin dağıntılarını bərpa edəcəyini vəd edir.

Bu barədə o, növbəti videomüraciətində bildirib.

Zelenski çıxışı zamanı iqtisadiyyatı dəstəkləmək üçün bir sıra maliyyə tədbirlərini açıqlayıb.

O bildirib ki, bu tədbirlərə sadələşdirilmiş vergi siyasəti və bank sistemindəki dəyişikliklər də daxildir.

V.Zelenski. Foto: Meydan TV

“Rusiya qoşunları infrastrukturumuzu məhv etməkdə, şəhərlərimizi vurmaqda davam edir: Kiyev, Çerniqov, Sumı vilayətləri, Xarkov, cənub tərəf, Donbas… Amma bilin ki, biz hər şeyi bərpa edəcəyik, hər bir şəhərin küçələrini yeniləyəcəyik…”, – deyə Ukrayna lideri qeyd edib.

O, müharibədən sonra ölkənin yaxşıya doğru dəyişəcəyini də bildirib: “Əminəm ki, müharibədən sonra biz bunu tez bir zamanda edə bilərik. Bütün gücümüzü, dünyanın bütün köməyini buna yönəldəcəyik. Biz artıq Ukraynanın yaşaması üçün vəsait formalaşdırırıq”.


Rusiyadan Avrasiya İttifaqına taxıl qadağası

Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına iyunun 30-dək, şəkərin ixracına isə avqustun 31-dək müvəqqəti qadağa qoyub.

Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Rusiya hökuməti. Foto: AntonSAN/shutterstock

“Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına, eləcə də üçüncü ölkələrə ağ şəkər və xam qamış şəkərinin ixracına müvəqqəti qadağa tətbiq edir. Bu barədə fərmanı Baş nazir Mixail Mişustin imzalayıb. Taxıl məhdudiyyətləri iyunun 30-dək, şəkər üçün isə 2022-ci il avqustun 31-dək qüvvədə olacaq”, – məlumatda belə deyilir.

Taxıl qadağasının buğda, meslin, çovdar, arpa və qarğıdalıya da şamil edildiyi vurğulanıb.

Qərarın daxili ərzaq bazarının xarici məhdudiyyətlər qarşısında qorumaq üçün qəbul olunduğu bildirilib.


“Müharibə Azərbaycanın neft-qaz gəlirlərini azaldacaq”

Dünya bazarında neftin bir bareli 106.90 dollar civarındadır. Bu, 5.1 faizlik düşüşdən sonrakı qiymətdir.

Martın 14-də “Brent” markalı neftin hər barelinin qiyməti 5.77 dollar enib. Əvvəlki həftələrdə, məsələn, martın 9-da neftin bareli 130 dollara yaxınlaşmışdı.

Ekspertlər düşünür ki, neft bazarındakı ucuzlaşmaya səbəb Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların nəticəsinə olan ümiddir.

Нефть
Source: arxiv

“Rystad Energy” Enerji Araşdırmaları Mərkəzindən Kauşal Rameş də deyir ki, qiymətlərdəki eniş Ukrayna və Rusiya nümayəndələri arasında danışıqların davam etməsi ilə bağlıdır.

Danışıqlarda isə martın 15-dək texniki fasilə elan olunub.

Qiymət artımı Azərbaycana nə vəd edir?


İtaliyada rus mütəxəssislərin təcridinə qarşı petisiyaya başlanılıb

İtaliyada Rusiyanın mədəniyyət və elm sahələrinin nümayəndələri ilə əməkdaşlıqdan imtina etməməyə çağıran petisiyaya başlanılıb.

“Xalqa, xüsusilə də onun tanınmış nümayəndələrinə qarşı diskriminasiya halları gələcəkdə geri dönüşü olmayan ciddi problemlərə yol aça bilər.

İtaliya. Foto: Vladimir Sazonov/shutterstock

Xalqın dehumanizasiyası (bir şəxsi və ya qrupu insanlıqdan çıxarmaq, onları fərqli varlıq kimi identifikasiya etmək) – tarix boyu mütləqiyyətçi rejimləri xarakterizə edən və çox vaxt nəzarətsiz zorakılığın təzahürlərinə səbəb olan bir prosesdir”, – mətndə deyilir.

Sənədi hazırlayanlar İtaliya hökumətinə müraciət edərək rus sənət adamlarının ölkədən qovulmasına yol verməməyə çağırıblar.


Kiyevdə yaşayış binası vurulub, iki nəfər həlak olub”

Rusiya aviasiyasının Kiyevdəki yaşayış binasına endirdiyi zərbə nəticəsində iki nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, martın 15-i axşamdan səhərədək Ukraynanın paytaxtı Kiyevdə iki güclü partlayış baş verib.

Digər tərəfdən isə Ukrayna- ilə Rusiya arasındakı növbəti danışıqların planlaşdırıldığı qeyd olunur.

Ukrayna hakimiyyətinin dediyinə görə, səhərə yaxın atılan artilleriya zərbələri nəticəsində Kiyevdə böyük partlayışlar eşidilib.

Foto: https://www.theguardian.com/

Atışma nəticəsində 15 mərtəbəli yaşayış binasında böyük yanğın başlayıb. Ardından isə xilasetmə işlərinə start verilib.

Partlayış zamanı yaranan şok dalğalar bomba sığınacağı kimi istifadə edilən şəhər mərkəzindəki metro stansiyasının girişini də zədələyib.

Şəhər meriyası “Twitter”hesabında bildirib ki, qatarlar daha həmin stansiyada dayanmayacaq.

Son günlər Kiyev ətrafında döyüşlərin intensivləşdiyi və paytaxtın tez-tez hava hücumlarına məruz qaldığı bildirilir.


Çexiya, Polşa və Sloveniyanın baş nazirləri Zelenski ilə görüşə gedir

Çexiya, Polşa və Sloveniyanın baş nazirləri martın 15-də Kiyevə səfər edəcəklər.

Çexiyanın Baş naziri Petr Fiala tvitində bildirib ki, üç lider Ukrayna Prezidenti Vladimir Zelenski və Baş nazir Denis Şmihalla görüşəcək.

Petr Fiala. Foto: Reuters

“Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığına və müstəqilliyinə birmənalı dəstəyini ifadə etməkdir”, – Fiala bildirib.

“Eyni zamanda, səfər zamanı Ukrayna və onun vətəndaşlarına geniş dəstək paketi təqdim edəcəyik. Beynəlxalq ictimaiyyət bu səfərlə bağlı beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən də məlumatlandırılıb”.


Rusiyaya qarşı yeni sanksiyalar paketi

Avropa Komissiyası Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təsdiqləyib.

Sənəd Rusiyanı təxminən 3,3 milyard avro ixrac gəlirindən məhrum edəcək polad məmulatlarının idxalına qadağa qoyulmasını nəzərdə tutur. Bundan əlavə dezinformasiya kampaniyasında fəal iştirak edənlərə qarşı sanksiyalar da yer alıb.

ABŞ Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru Viktor Zolotova, Yaponiya isə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanova qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

“Rostec”in baş direktoru Sergey Çemezova məxsus olduğu güman edilən 140 milyon dollarlıq “Valeri” yaxtası Barselonada saxlanılıb.

Ana səhifəDünyaRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 20-ci günü