Bakıya hər gün reyslər təşkil olunacaq
Rusiyanın “Aeroflot” aviaşirkəti Moskvadan Azərbaycana uçuşları bərpa edir.
Martın 21-dən etibarən “Sukhoi SuperJet 100” tipli təyyarələrlə Bakıya hər gün reyslər təşkil olunacaq.
Martın 22-də Ermənistana uşuşlar bərpa olunur.
Qırğızıstanın Bişkek və Oş şəhərlərinə uçuşlar martın 14-dən başlanıb.
Martın 15-də Prezident Vladimir Putin Rusiya şirkətlərinin icarəyə götürdüyü xarici təyyarələrə hüquqların qeydiyyatı haqqında qanuna dəyişiklik edib.
Hava Məcəlləsində düzəlişlər yerli daşıcılara xarici hava nəqliyyatı parkını qoruyub saxlamaq və təyyarələri daxili marşrutlarda istismar etmək imkanı verəcək.
Rusiyanın sənaye və ticarət naziri Denis Manturov “Sukhoi SuperJet 100” laynerlərinin istehsalını ildə 40 təyyarəyə çatdıracağına söz verib.
“Aeroflot” fevralın 28-dən etibarən hava məkanı məhdudiyyətlərinə görə Avropaya bütün uçuşları ləğv edib.
Böyük Britaniya hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlərə görə “Aeroflot” 2022-ci il mayın 23-dək London və Dublinə bütün uçuşları dayandırıb.
Aviaşirkət həmçinin Kanadanın qərarına görə fevralın 28-də Nyu-York, Vaşinqton, Mayami və Los-Ancelesə uçuşlarını da təxirə salıb.
“Aeroflot” martın 6-dan bütün beynəlxalq uçuşları dayandırmışdı.
Qərarın beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə qəbul edildiyi bildirilmişdi.
“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri də martın 6-dan Rusiyanın şəhərlərinə bütün reysləri dayandırıb.
AZAL-dan Meydan TV-yə reyslərin nə vaxt bərpa olunacağının bəlli olmadığı bildirilib.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.