Zelenski hərbi itkilərinin sayını açıqladı
Ukrayna Prezidenti Volodomir Zelenski fevralın 24-dən başlanan müharibədə 1300-ə yaxın ukraynalı əsgərin həlak olduğunu bildirib.
Martın 2-də Rusiya Müdafiə Nazirliyi 498 hərbçisinin həlak olduğu haqda məlumat yaymışdı.
Rusiyanın daha bir milyarderinin yaxtasına həbs qoyuldu
İtaliya Maliyyə Departamentinin rusiyalı milyarder Andrey Melniçenkonun yaxtasına həbs qoyduğu deyilir.
Uzunluğu 140 metrdən çox və yerdəyişmə qabiliyyəti 13 000 tona yaxın olan yaxtanın dəyəri 530 milyon avro olaraq qiymətləndirilir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Avropa İttifaqı martın 9-da Rusiyanın Ukraynaya qarşı başladığı müharibəyə görə Andrey Melniçenkonu sanksiyalar siyahısına daxil edib.
1972-ci ildə Belarusda doğulan A.Melniçenko Rusiyanın ən böyük kömür şirkəti olan СУЭК-nin və beynəlxalq gübrə istehsalçısı “Euroxim”in sahibidir.
2022-ci ilin yanvarına olan məlumata görə Andrey Melniçenko 24,9 milyard dollar sərvəti ilə “Forbes” milyarderlər reytinqində rus milyarderləri arasında 7-ci yerdə göstərilib.
Fevralın 24-dən sonra rusiyalı iş adamlarının xarici ölkələrdə olan yaxtalarına həbs qoyulur. Almaniyada rusiyalı milyarder Əlişir Usmanovun “Dilbar” yaxtası həbs edilib.
Rusiya ABŞ-a sanksiyalar hazırlayır
Rusiyanın ABŞ-a qarşı sanksiya siyahıları hazırdır və tezliklə ictimaiyyətə açıqlanacağı deyilir.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov yerli mediaya danışıb.
“Siyahılar hazırdır, biz bunun üzərində işləyirik. Bu, böyük ölçüdə gündəlik işin bir hissəsidir”,-nazir müavini belə deyib.
S.Ryabkov bildirib ki, Rusiyanın ABŞ-ın iqtisadi sanksiyalarının mənfi təsirindən qorunmaq imkanı var.
Ukrayna Prezident Aparatının rəsmisi: “Onlar indi ehtiyat toplayırlar…”
“Rusiya müharibənin başlanğıcında Ukraynaya 90-dan çox taktiki qrup batalyonu gətirmişdi. Onlardan 15-ə yaxını tamamilə məhv edilib, 20-dən çoxu isə yararsız hala düşüb”.
Bu açıqlamanı Ukrayna televiziyasında Prezident Aparatının müşaviri Aleksiy Arestoviç səsləndirib.
Onun sözlərinə görə, Rusiyanın hələ bir neçə ehtiyatı qalıb:
“Onlar indi ehtiyat toplayırlar, sülhməramlıları Abxaziyadan, Dağlıq Qarabağdan çıxarırlar, qismən səfərbərlik adı altında bir qədər hərbçi cəlb etməyə və taktiki qrupun 20-30 batalyonunu bərpa etməyə çalışırlar. Amma belə insanların döyüş qabiliyyətini təxmin etmək olar”.
Rusiya Müdafiə Nazirliyi martın 12-də səhər saatlarında Ukraynanın Vasilkovdakı hərbi aerodrom və Ukrayna Silahlı Qüvvələrinin Brovarıdakı əsas radio-elektron kəşfiyyat mərkəzini sıradan çıxardıqları haqda məlumat yayıb.
Nazirliyin rəsmisi, general-mayor İqor Konaşenkov əməliyyat zamanı ümumilikdə Ukraynanın 3491 hərbi infrastruktur obyektinin məhv edildiyini bildirib:
“123 pilotsuz uçuş aparatı, 1127 tank və digər zirehli döyüş maşını, 115 reaktiv yaylım atəşi sistemi, 423 səhra artilleriya silahı və minaatan, 934 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, – Konaşenkov belə deyib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya hücum edib.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.