Yaxta Əlişir Usmanovun sərvətinin bir hissəsi sayılır
Rusiyalı milyarder Əlişir Usmanov martın 1-də Avropa İttifaqının sanksiyasına məruz qalıb.
Martın 3-də “Forbes” yaxta sənayesindəki üç ayrı mənbədən öyrənib ki, onun təxminən 600 milyon dollar dəyərində olan “Dilbar” adlı yaxtası var.
Həmin yaxta Hamburq şəhərində alman səlahiyyətliləri tərəfindən müsadirə edilib.
Bildirilir ki, gəmi oktyabrın sonundan Almaniyanın Blohm+Voss” gəmiqayırma firmasının Hamburqdakı tərsanəsində təmirdə olub.
“Forbes”ə danışan mənbələr bildiriblər ki, Almaniya hökuməti Əlişir Usmanovun aktivlərini dondurub.
Martın 2-də isə yaxtada çalışan “Blohm+Voss” əməkdaşları işə gəlməyib.
“Blohm+Voss” və Usmanov nümayəndələri “Forbes”in bu məsələ ilə bağlı ünvanladığı informasiya sorğusuna cavab verməyib.
Əlişir Usmanovun “Dilbar”ı 2016-cı ildə alman gəmiqayırma şirkəti “Lürssen”dən 600 milyon dollara aldığı bildirilir.
Gəmi onun sifarişi ilə 52 ay ərzində hazırlanıb. Firma onu “həm ölçüləri, həm də texnologiyası baxımından indiyə qədər yaradılmış ən mürəkkəb və çətin yaxtalardan biri” adlandırıb.
Bu, 15,917 ton ağırlığı ilə dünyanın ən böyük motorlu yaxtası hesab edilir.
96 nəfərlik ekipaj üzvü tərəfindən idarə olunan “Dilbar” indiyə qədər yaxtada quraşdırılmış ən böyük hovuza, həmçinin, iki helikopter meydançasına, saunaya, gözəllik salonuna və idman zalına malikdir.
İnteryerində 1000-dən çox divan yastığı var və 12 suitdə 24 nəfəri qonaq edə bilər.
Yaxta Usmanovun milyardlarla dollarlıq sərvətinin bir hissəsidir.
Onun dəmir filizi və polad nəhəngi “Metalloinvest”, məişət elektronikası firması “Xiaomi” şirkətləri də var.
Eyni zamanda, telekommunikasiya, mədənçıxarma və media sahələrində kiçik holdinqlərə də sahibdir.
Milyarder Yuri Milnerlə birlikdə “Facebook”un ilk sərmayədarlarından biri olan Əlişir Usmanov həmçinin Böyük Britaniyadakı ümumi dəyəri 280 milyon dollar olan geniş daşınmaz əmlaka sahibdir.
O həmçinin Almaniya, İsveçrənin bir sıra şəhərlərində lüks evlərə sahibdir.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.