Rusiyadan yan keçən qaz kəməri Rusiya Günü işə salınacaq

TANAP-ın Rusiyada ədavət doğurmasının səbəbləri

Source:


TANAP-ın Rusiyada ədavət doğurmasının səbəbləri

2018-ci il iyunun 12-də Azərbaycandan başlayıb Ermənistandan yan keçərək bütün Gürcüstan və Türkiyə üzərindən cənub-şərqi Avropaya çatacaq yeni qaz təchizatı xəttinin açılışı olacaq. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak elan edib. Qaz kəmərinin işə salınması mərasimində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, habelə digər dövlətlərin başçı və nazirləri iştirak edəcəklər.

“Transanadolu” qaz kəmərini (TANAP) əvvəlcə 2018-cı ilin iyul ayında açmaq planlaşdırılırdı. Sonradan bu tarix iyunun 19-na keçirildi. Amma daha sonra gözlənilmədən Türkiyə və Azərbaycan prezidentləri qaz kəmərinin buraxılış mərasimini Rusiya Günündə keçirmək barədə razılığa gəldilər, sanki bir həftə gözləmək olmazdı, onsuz da bu, iyunun 19-na planlaşdırılmışdı. Deyirlər ki, üçüncü tarix ona görə təyin olundu ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Amma niyə məhz 12-si, Rusiya Günü? Bu, Rusiya jurnalistlərində sual doğurub.

Moskvada deyirlər ki, gücü nisbətən az olduğundan, TANAP Rusiyanın “Türk axını”na alternativ ola bilməz. Lakin gəlin qaz nəqlinə aid bəyan edilmiş rəqəmlərə baxaq. Əvvəlcə uzunluğu 1850 kilometr olan “Transanadolu” qaz kəməri ilə ildə 16 mlrd. kubmetr Azərbaycan mavi yanacağı daşınacaq. Ehtimal olunur ki, bunun, təqribən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya çatacaq. Ehtiyac yaransa, trafikin gücü ildə 31 mlrd. kubmetrə çatdırıla bilər.

Rusiyanın “Qazprom” şirkətinin çəkdiyi “Türk axını” hərəsi ilə ildə 15,75 mlrd. kubmetr qaz nəql ediləcək iki xətdən ibarət olacaq. Onlardan biri hazırdır və Türkiyənin qaza olan tələbatının odənilməsinə xidmət edəcək. Moskva və Ankara Avropanın cənubuna catdırılacaq ikinci xəttin tranzit marşrutu üzrə müzakirələr aparır. Yəni iyunun 12-dən başlayaraq TANAP-la “Türk axını”nın fəaliyyət göstərən bir borusu ilə müqayisədə daha çox qaz ixrac ediləcək. İkinci xətt hələ yoxdur, onun haqqında yalnız danışırlar. Əgər onların işləri yaxşı getsə, gələcəkdə “Türk axını” TANAP-dan təxminən 2 dəfə güclü olacaq. Rusiyaya daha çox təskinlik verən Bakının “öz borusuna” dolduracaq Azərbaycan qazı ehtiyatlarının azalması barədəki proqnozlardır.

“Türk axını”nın Türkiyə və Avropa üçün əhəmiyyətini artırmaq üçün Moskvada səhvən və ya bilərəkdən TANAP-ın rəqabət qabiliyyətini azaldırlar. Azərbaycan 2006-cı ildə Xəzər dənizində kəşf edilmiş “Şah-Dəniz” yatağının imkanlarına əmindir. Layihənin səhmdarları bunlardır: BP şirkəti (Britaniya, səhmlərin 29%-i), Türkiye Petrolleri Sc (Türkiyə, 19%), SOCAR (Azərbaycan, 17%), Petronas (Malayziya, 15%), “Lukoyl” (Rusiya, 10%) və NICO (İran, 10%).

“Şah-Dəniz”in birinci növbəsinin gücü ildə 8 mlrd. kubmetr həcmində qiymətləndirilir. İkinci növbə bu il işə salınacaq, onda, Bakının hesablamalarına görə, yataqda illik qaz hasilatı 25 mlrd. kubmetrə catacaq. Bundan başqa, yeni imkanlar yarana bilər, çünki Xəzərin Azərbaycan sektorunun perspektivli yataqlarında kəşfiyyat işləri aparılır. Ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edən “Abşeron” yatağında qaz hasilatı 2020-ci ildə başlanacaq.

“Ümid” yatağının ehtiyatları 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat, “Babək” strukturunun resursları 400 mlrd. kubmetr qaz və 80 mln. ton kondensat həcmində qiymətləndirilir. “Qarabağ” yatağında qaz ehtiyatları 28 mlrd. kubmetr təşkil edir.

“Əgər İran və Türkmənistan bu layihəyə qoşulsa, TANAP-ın ona daxil olduğu “Cənub qaz dəhlizinin” Avropa üçün əhəmiyyəti daha da arta bilər”, – deyə Rusiyanın RT TV-holdinqi qeyd edir. İranda kəşf olunmuş qaz ehtiyatları təxminən 34 trln. kubmetr, Türkmənistanda isə təxminən 10 trln. kubmetr təşkil edir. ARDNŞ-nin keçmiş prezidenti, mərhum nazir Natiq Əliyev deyirdi ki, Bakı və Ankara tikilən qaz magistralından İraq, İsrail və Kiprdən qazın tranziti üçün istifadə etməyə hazırdır.

Aydındır ki, Azərbaycan uydurmur, o, TANAP-ı doldurmaq üçün qaz tapacaq. 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, “Cənub qaz dəhlizi” üzrə Türkiyə vasitəsilə nəql edilməsi nəzərdə tutulmuş bütün qaz artıq satılıb. O, “Rusiya bu gün” BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində deyirdi: “TANAP ilə heç bir digər regional enerji layihələri, sadəcə, obyektiv surətdə rəqabət apara bilməz, çünki biz artıq qazı satmışıq”. İlham Əliyev qeyd etmişdi ki, “Biz 2018-ci ildən başlanacaq və 2020-2021-ci illərdə ən yüksək həcmə çatacaq qaz hasilatının artırılması üzrə müqavilələri imzalamışıq”.

Fəqət TANAP-ın Avropa bazarı üçün çox böyük əhəmiyyət kəsb etməsi haqda rəsmi Bakı mətbuatında intəhasız surətdə yayılan məlumatlar gerçəkliklərlə təsdiq olunmur, çünki Avropa Əlcəzair, Norveç və Rusiyadan aldığı qazla tam təmin olunub. Əslində Azərbaycan qazı Avropa Birliyini qaz tədarüklərinin diversifikasiyası baxımından maraqlandırır, çünki bu, onu adı çəkilən üç ölkədən, xüsusilə Putin Rusiyasından asılı olmamağa imkan verəcək. Bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç başqa, diplomatik ifadələrlə izah edib. Moskvanın Azərbaycana qarşı gizli ədavət bəsləməsinin səbəbini Avropanın artıq qaz tədarükünü təmin edərək, Rusiyadan yanacaq alınmasını azaltmaq və ya hətta Putinlə, onun siyasi məqsədlərindən asılı olmamaq üçün, ticarət aparmaqdan imtina etmək niyyətində axtarmaq lazımdır. Bu, eyni zamanda, qaz tədarükçüləri arasında rəqabəti gücləndirərək, Avropada qazın qiymətini aşağı salmağa imkan verəcək.

İndi Rusiyanın “Lenta.ru” saytında bu ilin may ayının 21-də dərc olunmuş açıq -aydın antiAzərbaycan ruhlu iki hissədən ibarət “Arxadan sancılan şiş. Rusiyadan yan keçən qaz kəmərini Rusiya Günü işə salacaqlar. Türkiyə və Azərbaycana təşəkkürlər” adlı məqalənin tarixçəsi aydın olur.

Yeri gəlmişkən, qeyd edək ki, TANAP sahibləri sırasında Rusiya yoxdur. TANAP səhmlərinin nəzarət paketi (51%) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Qalan paylar: “Botas” şirkəti (Türkiyə, 30%), BP (Böyük Britaniya, 12%) SOCAR Turkey Enerji (7%). Layihənin dəyəri 8 mlrd. dollara yaxındır.

Ana səhifəAnalitikaRusiyadan yan keçən qaz kəməri Rusiya Günü işə salınacaq