Rusiyada mədən qəzasında 52 nəfər həlak olub

Foto: Kemerovo vilayətinin mətbuat xidməti

“Onların balonlarında kifayət qədər oksigen olmayıb”

Noyabrın 25-i səhər Rusiyanın Kemerovo vilayətində yerləşən “Listvyajnaya” kömür mədənində qəza baş verib.

İlkin məlumatlara görə, qəzaya səbəb metan qazının partlaması olub.

Nəticədə 52 nəfər həyatını itirib. Onlardan 46 nəfər mədənçi, 6 nəfər isə xilasedicidir.

Mədənçilərin axtarışına çıxan, altı nəfərdən ibarət qruplardan biri ilə əlaqə kəsilib. Bundan sonra 3 xilasedicinin cəsədi çıxarılıb.

“Onların balonlarında kifayət qədər oksigen olmayıb. Onların cəsədləri tapılıb”, – Belovo şəhərinin təcili yardım xidmətindəki mənbə “İnterfaks”a bildirib.

Daha üç xilasedicinin taleyi də naməlum olaraq qalırdı, son məlumatlara görə, onlar da həlak olublar. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri daha əvvəl bildirmişdilər ki, mədəndə metan konsentrasiyası artdığından səhərə qədər axtarış işlərini dayandırmalı olublar.

Xəstəxanalarda 38 mədənçiyə və 11 xilasediciyə yardım göstərilməsi davam edir.

Həlak olanların əksəriyyətinin cəsədləri mədəndən hələ də çıxarılmayıb. Bu yalnız temperaturun sabitləşməsindən və metanın qatılığı azalandan sonra mümkün olacaq.

Qəza zamanı mədəndə 285 işçi olub. Onlardan 239 nəfəri yerin səthinə qaldırılıb.
Rusiya İstintaq komitəsi (RİK) “Listvyajnaya” mədəninin direktorunun, onun birinci müavininin və sahə rəisinin saxlanıldıqları barədə məlumat yayıb.

Listvyazhnaya mədənində baş vermiş qəza müasir Rusiya tarixində ən ciddi hadisələrdən biridir. 2007-ci ildə Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki Ulyanovskaya mədənində son illərin ən böyük qəzası baş verib və 110 nəfər həlak olub. 2010-cu ildə Mejdureçenskdə (Kuzbassda) Rusiyanın ən böyük kömür mədəni olan Raspadskaya mədənində baş vermiş partlayışda 90-dan çox şaxtaçı həlak olmuşdu.

Ana səhifəDünyaRusiyada mədən qəzasında 52 nəfər həlak olub