Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı

Foto: “Birinci kanal”dan screenshot

Marina Ovsyannikova: “Müharibəni dayandırın, təbliğata inanmayın”

Martın 14-də Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Vremya” proqramının efirində gözlənilməz hadisə baş verib. Aparıcı Yekaterina Andreeva xəbərləri oxuyarkən qəflətən kanalın redaktoru Marina Ovsyannikova əlində plakat studiyaya girib və müharibə əleyhinə şüar səsləndirib.

Marina Ovsyannikova “müharibəni dayandırın, təbliğata inanmayın”,- deyə çağırış edib.

Sosial şəbəkələrdə isə Marina Ovsyannikovanın müraciəti yayılıb. O, Ukraynada baş verənləri cinayət adlandıraraq Rusiyanı aqressiyada ittiham edib:

“Bu aqressiya bir nəfərin vicdanındadır, o da Vladimir Putindir”.

“Mənim atam ukraynalı, anam isə rusdur. Onlar heç vaxt düşmən olmayıb. Rusiya qardaş qırğını olan müharibəni dayandırmalıdır. Çox təəssüf ki, mən son illər çalışdığım “Birinci kanal”da Kreml təbliğatıyla məşğulam. Buna görə çox utanıram. Utancdır, çünki mən efirdən yalan danışır, rusları zombiləşdirirəm! Biz 2014-cü ildə bütün bunlar başlayanda susduq! Biz Kreml Navalnını zəhərləyəndə mitinqə çıxmadıq. Gələcək nəsillər bizim qardaş qırğını olan müharibə biabırçılığını yuya bilməyəcək. Ağllı, düşünən ruslar, aksiyalara çıxın, onlar bizim hamımızı həbs edə bilməzlər”,- deyə o çıxışını yekunlaşdırıb.

Rəsmi məlumat verilməsə də, sosial şəbəkələrdə redaktorun həbs edildiyinə dair məlumatlar yayılıb.

Rusiya Dövlət Duması martın 4-də qəbul etdiyi yeni qanuna görə “müharibə” sözü işlədən, saxta məlumatlar yayan media qurumlarının əməkdaşları 10 ildən 15 ilə qədər həbs oluna bilər. Hökumət müharibə haqqında məlumat verərkən yalnız rəsmi mənbələrə istinad etməyi və xüsusi hərbi əməliyyat ifadəsini işlətməyi tələb edir.

Eyni zamanda, Dövlət Dumasının qəbul etdiyi başqa bir qanun müharibə əleyhinə aksiyaya çıxanlara 6 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaRusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı