Rusiya vətəndaşı: Deyirlər, Azərbaycanda da hərbi xidmət keçməlisən

Rəşad Qafarov deyir, prokuror sorğu göndərməsə də, o özü bunu edib.

Source: Specify Source


Rəşad Qafarov deyir ki, Rusiya ordusunda xidmət keçib

“Vətəndaşı olduğum Rusiyada hərbi xidmətimi hələ 10 il əvvəl başa vurmuşam. 2016-cı ilin oktyabrında qohumlarıma baş çəkmək üçün qısa müddətlik Azərbaycana gəldim, o vaxtdan vətəndaşı olduğum ölkəyə qayıtmağa imkan vermirlər. Deyirlər, gəlmişkən, burda da hərbi xidmətə get. Halbuki, hər bir şəxs vətəndaşı olduğu ölkənin ordusunda xidmət etməlidir, mən də hərbi xidmətimi vətəndaşı olduğum Rusiya ordusunda keçmişəm”.

Rusiya vətəndaşı olan Rəşad Qafarov Meydan TV-yə danışır ki, 4 ildir geri qayıda bilmir. Səbəb də özünün qeyd etdiyi kimi, hərbi xidmətlə bağlıdır.


“İstirahətə gəldim, geri qayıtmağa imkan vermədilər”

Rəşad Qafarov 1988-ci ildə Ucarın Qaracalli kəndində doğulub. 2002-cı ildə – hələ 14 yaşı olanda ailəsi ilə birlikdə Rusiya Federasìyasına köçüb. 2007-ci ildə Rusiya Federasiyanın vətəndaşlığını qəbul edib. 2009-2010-cu illərdə elə vətəndaşı olduğu həmin ölkədə həqiqi hərbi xidmət keçib. 2016-cu ilin oktyabrında istirahət etmək üçün Azərbaycana gəlib. Burada 1 ay qaldıqdan sonra Rusiyaya qayıtmaq istədikdə ona məlum olub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qadağa qoyulub. Rəşad Qafarov danışır:

“2006-cı ildə Rusiyada vətəndaşlıq almışam. Vətəndaşlıq almamışdan əvvəl Azərbaycan Respublikasının vətəndaşlığından imtina ərizəsi yazıb Rusiyanın Daxili işlər nazirinə göndərmişəm. Ərizəm oradan Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilib. Növbəti il Rusiya vətəndaşı kimi həmin ölkənin ordusunda hərbi xidmət keçmişəm. Bununla belə, 4 ildir ki, məni sərhəddən vətəndaşı olduğum ölkəyə buraxımırlar. Tələb edirlər ki, Azərbaycan ordusunda da xidmət keçim. Halbuki, məni həkim komissiyasından keçmək üçün Mərkəzi Hospitala aparanda, orda həkimlər dedilər ki, bu adam Rusiya vətəndaşıdır, xidmətini də öz ölkəsində keçib, komissiya bu adamı yoxlamadan keçirə bilməz. Bununla belə, Səfərbərlik və Hərbi Çağırış ūzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi tutduğundan əl çəkmədi. Ötən il isə Ucar rayon prokuroru məni yanına çağırıb dedi ki, Səfərbərlik və Hərbi Çağırış ūzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Asif Nemətov 8 iyul 2019-cu il tarixdə ona məktubla müraciət edib. Həmin müraciətə görə, mən məcburi şəkildə hərbi xidmətə göndəriləcəm. Prokurora vətəndaşı olduğum xarici ölkədə hərbi xidmət keçməyimlə bağlı sənədləri, faktları təqdim etsəm də, dedi, xeyri yoxdur. Prokuror mənə 17.02.2004-cü il tarixdə Ucar Rayon Hərbi Komisarlığında ilkin hərbi uçota alınmağım, tibbi müayinələrdən keçməyim, sağlam olmağım barədə sənədlərin toplandığı “Şəxsi iş” qovluğunu göstərəndə təəccübdən yerimdə dondub qaldım. Bu sənədlərin saxta olduğunu bildirdim. Prokurordan 2002-2016 -cı illər üzrə Azərbaycan Respublikasına giriş-çıxış məlumatlarımın əldə edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu verilməsini xahiş etdim”.

image_from_ios (1).jpg
DSX-nin R.Qafarova cavabı


“Saxtakarlıq edilib”

Rəşad Qafarov deyir, prokuror sorğu göndərməsə də, o özü bunu edib. Qurumdan sorğu alandan sonra Səfərbərlik və Hərbi Çağırış ūzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsini məhkəməyə verib. Ancaq nə birinci, nə də yuxarı instansiya məhkəmələri onun iddiasını təmin edib. Rəşad Qafarov sözünə davam edir:

“Arayışdan da göründüyü kimi, Ucar Rayon Hərbi Komissarlığı mənim şəxsi işimi və ona əlavə edilmiş şəxsi uçot vərəqəmi saxtalaşdırarkən Azərbaycan Respublikasında olmadığımı unudub. Nəticədə üstündən 16 il keçdikdən sonra qurumun saxtakarlığı üzə çıxıb. Ucar Rayon Prokurorluğu barəmdə cinayət işi başladı, sonra da işə xitam vermək üçün 10 min manat rüşvət istədi. Mən isə ona rüşvət yox, vətəndaşı olduğum ölkədə hərbi xidmət keçməyim barədə qanunu sənəd təqdim etdim. Prokurorluq saxtakarlıq üzərində qurduğu itiiham aktını bir müddətdən sonra Ucar Rayon Məhkəməsinə göndərdi”.


“Hüquqi qiyməti məhkəmə verəcək”

Ucar Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Ucar rayonunun Qaracallı kəndində qeydiyyatda olan çağırışçı Rəşad Qafarov həkim komissiyasında müayinədən keçməkdən imtina edib. Bununla da hərbi xidmət keçməkdən qəsdən boyun qaçırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi rayon prokurorluğuna müraciət edib. Ötən ilin noyabrında prokurorluq Cinayət Məcəlləsinin 321.1-ci maddəsiylə (Hərbi xidmət keçməkdən boyun qaçırma) cinayət işi başlayıb, istintaq aparılıb, ittiham aktı tərtib olunaraq Ucar Rayon Məhkəməsinə göndərilib. Hazırda iş məhkəmə baxışındadır, hüquqi qiyməti də məhkəmə verəcək.

İş Ucar Rayon Məhkəməsində hakim Hilal Xəlilovun icraatındadır. İndiyədək səkkiz məhkəmə iclası keçirilib. Növbəti məhkəmə iclası avqustun 24-nə təyin olunub.

image_from_ios (2).jpg
Rusiyanın Bakıdakı səfirliyinin Azərbaycan Miqrasiya Xidmətinə məktubu
Ana səhifəSosialRusiya vətəndaşı: Deyirlər, Azərbaycanda da hərbi xidmət keçməlisən