Rusiya “Qarabağ”ı tanıya bilər

Lavrovun İrəvan bəyanlarına xüsusi şərh

Seymur Həzi, Foto:: Meydan TV

Rusiya Xarici işlər naziri Sergey Lavrovun İrəvanda səsləndirdiyi bu bəyanat rezonans doğurdu və onun ətrafında xeyli şərhlər oldu: “Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqının (“xalq” ifadəsini Lavrov işlədib) razılığı olmadan heç bir razılaşmanı rəsmiləşdirmək mümkün deyil. Ermənistan sadəcə olaraq onu dəstəkləməyəcək”. Bu açıqlamada bir neçə məqam var ki, ona diqqət çəkmək vacibdir:


  1. Sergey Lavrov “Ermənistan razılaşmayacaq” ifadəsilə nə demək istəyib və bu ifadəni niyə seçib?

  2. “Qarabağ xalqı” termini nəyə işarədir və bu ifadə gələcəkdə nə vəd edir?

  3. Azərbaycan hakimiyyətinin Rusiyanın açıq mövqeyini dərk etməsi və dəyərləndirməsi nə qədər adekvatdır?

  4. Azərbaycan hakimiyyəti Lavrova necə cavab verməli idi və hansı cavabı verdi?

Bu sualların cavabı Azərbaycan hakimiyyətinin münaqişənin həlli istiqamətindəki çoxillik fəaliyyətinin nədən ibarət olduğunu aydınlaşdırır.


İrəvanı həm şantaj, həm da arxayın edib

Rusiya baş diplomatı “Ermənistan razılaşmayacaq” deməklə erməni diplomatiyasını öz daxili ictimai rəyi üçün şantaj edib. Yəni erməni ictimayyətinə onların arxasında olduqlarını açıq bəyan edib. Bunu diplomatik etikanı pozaraq və özünü erməni məmuru kimi apararaq edib, amma məqsədə çatmaq üçün bu qədər kiçilməyi özünə rəva görüb. Çünki Rusiya Azərbaycan və Ermənistan arasında hər hansı konstruktiv anlaşmanı özü üçün təhlükə sayır. Moskvada düşünürlər ki, İrəvan gözlənilmədən geri çəkilərsə, bu, onlar üçün yaxşı olmaz. Ona görə də bu cür şantaja əl atmaqla, geri çəkilməyin və razılaşmağın mümkünsüzlüyünü bəyan edirlər. Başqa tərəfdən, həm də Paşinyana demək istəyirlər ki, arxayın davrana bilər, onun indiyə qədərki fərqli mövqeyindən asılı olmayaraq bundan sonrakı mövqeyi daha həlledici ola bilər. Yəni bu status-kvo onun hakimiyyəti üçün təhlükə olmayacaq. Bu, təbii ki, tamam fərqli- rifah və azadlıqlar-şüarları ilə hakimiyyətə gəlmiş Paşinyan üçün təhlükəli mövqe olardı, amma hər halda Kreml başqa cür inanır və inandırmağa çalışır.


“Qarabağ xalqı” nə deməkdir?

Lavrov “Qarabağ xalqı” terminini ona görə işlədir ki, həm Azərbaycan, həm də Ermənistan hakimiyyətlərinə bu əbədi konflikt sevdasındakı statuslarını xatırlatsın. Yəni onlara açıq deyir ki, mən üçüncü “tərəf”lə birbaşa dialoq qurmağı da gözdən keçirə bilərəm. Diplomatiyadan başı çıxanlar bilir ki, beynəlxalq konvensiyalarda təsbit olunmuş tanınma şərhlərinə görə “xalq” anlayışı dövlət subyektinə aiddir. Yəni orada xalq varsa, onun yaşadığı bölgə dövlətdir, ayrıca subyektdir. Bu, bəs edir ki, Rusiyanı aydın başa düşək ki, o, Qafqazda nə planlayır.

Rusiya “Qarabağ”ın müstəqilliyini tanıya bilərmi? Əslində yuxarıdakı abzasda dediyimiz kimi, “Xalq” terminin dövlət subyekti kimi tanınmasını çox yaxşı bilən azman rus diplomatı demək istəyib ki, Kremlin əhatə dairəsindən çox uzağa getsəniz Qarabağla müstəqil dövlət kimi rəftar edə bilərik. Bunun başlanğıcı olaraq da, həm Bakını pərt edib, həm İrəvanı şantaj edib, həm də Qarabağ separatçılarına mesaj verib ki, qorxmağa dəyməz. Moskva bu cür addımları Gürcüstana münasibətdə atıb və demək olar ki, Azərbaycana münasibətdə də ata bilər.


Azərbaycan hakimiyyəti donub, yoxsa qorxub?

Anlamaq olmur ki, Azərbaycan hakimiyyəti bu cür ciddi təhdidi başa düşməyib, yoxsa başa düşüb və qorxub? Orta səviyyəli politoloq və siyasətçilər səviyyəsində Sergey Lavrovun ifadələri qarşısında “nöqtəli vergül” qoymaqla kifayətlənmək yolverilməzdir və Azərbaycan vaxt itirmədən beynəlxalq ictimaiyyətə çağırışlar edib, dünyanı ayağa qaldırmalı idi. BMT Təhlükəsizlik Şurasının daimi üzvü bu qurumun xəritələrində Azərbaycan əraziləri kimi ( hətta “Qarabağ adı ilə deyil, 11 inzibati rayon kimi) tanıdığı ərazilərin sakinlərinin bir qrupunu “xalq” kimi təsnif edir və tanıyır- bu, diplomatik nonsensdir!


Ziyafət Əsgərov kimin “əmisi oğlu”dur?

Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri kimi mühüm postu tutan şəxs – Ziyafət Əsgərov qaş düzəldərkən göz töküb. “Muxtar respublika” statusundan danışıb. Azərbaycan Konstitusiyasına açıq zidd olan bu bəyan nə deməkdir və kimə cavabdır. Bəlkə Lavrova “sizdən çox fərqli düşünmürük” deməkdir? Bu cür reaksiya isə heç başa düşülən deyil. Təbii ki, bizim dövlətçilik maraqlarımız baxımından. Azərbaycan Konstitusiyası unitarlığı bəyan edir və yalnız Naxçıvan bölgəsinin ölkənin digər regionları ilə quru əlaqəsi olmadığı üçün ona istisna hal kimi muxtar status verilib. Hər halda hakimiyyət Ziyafət Əsgərovun nə dediyinə və nə demək istədiyinə aydınlıq gətirməldir.

Ana səhifəXəbərlərRusiya “Qarabağ”ı tanıya bilər