Rusiyanın pilotsuz təyyarələri Kiyevi vurur

Mənbə: Rusiya Müdafiə Nazirliyi

Ukrayna tərəfi düşünür ki, belə dövrdə Putinin Belarusa səfəri müttəfiqlə yeni hücum planlamasına görədir

Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da Belarusa yola düşüb.

“Reuters” yazır ki, onun bu səfəri Rusiyanın pilotsuz təyyarələrinin Ukraynanın paytaxtını hədəfə aldığı bir vaxtda baş tutub.

Ukrayna rəsmiləri düşünürlər ki, bu səfər Rusiyanın Ukraynaya yeni hücumla bağlı müttəfiqinə təzyiq etmək niyyətinə oxşayır.

Belarus fevralın 24-də Moskvanın qonşu Ukraynaya işğalı üçün ərazisindən keçməsinə meydan verib, lakin birbaşa döyüşlərə qoşulmayıb.

Lukaşenko dəfələrlə bildirib ki, o, ölkəsinin qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil. Lakin Ukrayna rəsmiləri aylardır ki, Belarusun yenidən Kiyevə qurudan hücum üçün baza rolunu oynaya biləcəyi barədə xəbərdarlıq edib.

Hətta Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 18-də Ukraynanın ali hərbi komandanlığının iclasından sonra deyib:

“Həm Rusiya, həm də Belarusla sərhədlərimizi qorumaq bizim daimi prioritetimizdir”.

Prezident bütün mümkün müdafiə ssenarilərinə hazırlaşdıqlarını da söyləyib.

Uzun müddət sonra Putinin Belarusa gedişini Kreml geniş “işgüzar səfər” kimi təqdim edib.

Bildirilir ki, o, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Kiyev bildirib ki, son günlər Rusiyanın Ukraynaya dron hücumu zamanı kritik enerji infrastrukturu obyekti yanıb. Bu da daha çox insanın qışın günündə elektriksiz qalmasına səbəb olub.

Ukrayna qeyd edib ki, onların hava hücumundan müdafiə sistemləri paytaxta istiqamətlənmiş 20 pilotsuz təyyarədən təxminən 15-ni vurub.

Kiyev qubernatoru Oleskiy Kuleba bildirib ki, paytaxtakı şəxsi evlərə də ziyan dəyib.

Onun sözlərinə görə, paytaxta hücum nəticəsində ölən və yaralananlar olmayıb, tibb işçiləri Solomyanski və Şevçenkivski rayonlarında zərbələr endirilən yerlərdə işləyirlər.

“Paytaxta hücum nəticəsində kritik infrastruktur obyektlərinə ziyan dəyib”, – mer Vitali Kliçko “Telegram” mesajlaşma proqramında bildirib.

Zelenski dekabrın 18-də yenidən Qərb dövlətlərini Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməyə çağırıb.

Dekabrın 19-da isə paytaxtda bir neçə güclü partlayış səsi eşidilib, lakin onların pilotsuz təyyarələri məhv edən hava hücumundan müdafiə sistemləri, yoxsa hədəflərini vuran pilotsuz təyyarələr olduğu hələlik məlum deyil.

YASNO elektrik provayderi bildirib ki, hücumlardan sonra Kiyevdə elektrik enerjisi yenidən kəsilib.

Ukraynada 10 aydır davam edən münaqişə on minlərlə insanın ölümünə, milyonlarla insanın evlərindən didərgin düşməsinə və şəhərlərin xarabalığa çevrilməsinə səbəb olan İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişədir.

Ana səhifəXəbərlərRusiyanın pilotsuz təyyarələri Kiyevi vurur