Bu medianın gerçək siyası proseslərə təsiri
Söhbəti ədəbli və yığcam bir siyasi lətifədən başlamaq istəyirəm:
“-Ermənistan-Azərbaycan münaqişəsində Rusiya kimin tərəfindədir?
-Münaqişənin”.
İndi bəzi sadəlövh insanlarımız yenə aramsız olaraq rus telekanallarına və saytlarına baxır, orada səslənən hər bir ədalətsiz və qərəzli fikrə etiraz edir və əsəbləşir.
Düzdür, Rusiya hələ də Cənubi Qafqazda təsirli amildir, lakin ümumi mənzərə 1988-1994-cü illərlə müqayisədə köklü dəyişib. O zaman hamı acgözlüklə Moskva qəzetlərini oxuyur, Moskva televiziyasına baxır və hər məqalədə və hər verilişdə yazılan və səslənən hər sözdə hansısa bir dərin məzmun axtarırdı. Zira bilirdi ki, qəti qərarı Moskva rəhbərliyi qəbul edir. Moskvada səslənən və yazılan hər bir söz SSRİ və Rusiya rəhbərliyinin gözlənilən qərarlarından xəbər verə bilərdi.
Dövran dəyişib. Artıq Rusiya öz iradəsini tam və qəti tərzdə Azərbaycana imla edə bilmir. Yəni ölkə rəhbərliyinin əzmi və iradəsi çatsa, Rusiyanın əmrini icra etməməyə imkanı var. Əzmi və iradəsi çatsa…
Qarabağda ağır döyüşlər gedir. Ordumuz çətinliklə irəliləyir. Artıq demək mümkündür ki, Milli Ordunu müharibəyə hazırlaya biliblər. Necəsini ariflər bilir.
İnformasiya müharibəsini isə uduzuruq. Media məkanında azad fikirli, müstəqil və cəsarətli insanların aramsız təqib və çıxdaş edilməsi və savadsız, yaltaq və simasız məxluqatın yuxarı səflərə doldurulmasının acı nəticəsi indi, möhnət və sınaq çağında, özünü göstərir.
Boşluğu könüllü olaraq dövlətdən dəstək almayan fərdlər, gənc vətənpərvərlər doldurur.
Fəqət qüvvələr nisbəti media məkanında ümumilikdə düşmənin xeyrinədi. Rus və dünya mediası, nadir istisnalarla, işğalçıya işləyir.
Səbəb bəllidir: ermənilər ruslara azərbaycanlılardan bir köynək yaxındırlar. Əsrlər boyu ermənilər Rusiyanın rəhbərliyinə yol aramaqda və onların qılığına girməkdə misilsiz bacarıq sərgiləyiblər. Xaçpərəstlik amilindən yararlanıb rus cəmiyyətinin yuxarı səfində özlərinə möhkəm yer edə biliblər. Millətin elmə və sənətə mail olmasından bacarıqla istifadə edib alim, diplomat,tacir və bankir zümrəsində mötəbər məqam tutublar.
İnformasiya məkanında da həmçinin, erməni millətinə mənsub peşəkarların sayı azərbaycanlıların sayından xeyli artıq olub. Müsəlmanlar, xüsusilə azərbaycanlılar, bu sahədə ermənilərə şəksiz uduzublar və uduzurlar. Bütün bu obyektiv səbəblərin üstünə siyasi üsuli-idarəmizi son 30 ildə didib aşındıran feodal tədbirləri və düşüncəni də əlavə etsək, məğlubiyyətimizin qaçılmaz olduğu fikri qarşısında təslim olmaqdan başqa çarə qalmır.
Odur ki, rus telekanallarında aşkar erməni təbliğatı gedərkən bizim tərəfdən onu tarazlaşdıran hansısa ciddi bir tərəfi-müqabilin yoxluğu bizi incitsə də, təbii qarşılanmalıdır. Boyu gödək adam basketbol komandasında uğurla oynaya bilməz. Bizim mövqeyimizi rus telekanallarının tok-şoularında uğurla müdafiə edərək məni sevindirən yalnız bir neçə azərbaycanlı görmüşəm. İnsaf xatirinə demək lazımdır ki, bir neçə rus ictimai və siyasi xadimi də özündə axına qarşı getmək cəsarəti tapıb.
Uğurlu siyasi mükalimə nümunəsi Çingiz Abdullayevin oktyabrın 7-də və 15-də Solovyovun tok-şousunda səmimi və açıq çıxışları oldu ki, məhz onun səlis, nəzakətli və məntiqi nitqi oradakı həyasız iştirakçıları özlərini yığışdırıb nisbətən abırlı aparmağa məcbur etdi.
Rus televiziyasını nahaq yerə “zomboyaşşik” adlandırmırlar. Cahil və laqeyd rus kütləsini zombiyə çevirib itaətdə saxlamaq işində rus televiziyasının danılmaz xidməti var. Hakimiyyətə işləyən siyasətşünaslar, siyasi texnoloqlar, psixoloqlar, sosioloqlar və tamaşa qurucuları rus insanını aramsız süni gərginlik və keyf halətində saxlamağın min bir üsulunu bilir və onları tətbiq edir. Məhz buna görə Rusiya gözgörəsi aşınıb zəiflədiyi halda ruslar dövlətlərinin durmadan gücləndiyini, dünyanın Rusiyadan çəkindiyini və ona həsəd apardığını zənn edirlər. Zənn edirlər və yoxsul yaşadıqlarına rəğmən xoşbəxtdirlər.
Hakimiyyət öz yarıtmaz üsuli-idarəsinin sabitliyində bu xalq maraqlarının dəllallarının vacib rolunu gözəl anladığından xalqdan çalınan pulların müəyyən hissəsini bu vicdansız məxluqata səxavətlə paylayır. Camaatın başını məharətlə tovlayan tok-şou aparıcılarının illik gəliri onlarla milyon rubla bərabərdir. Onlar da bu pulları nahaq almadıqlarını hakimiyyətə sübut etmək üşün dünyada olmayan rəzalətə əl atırlar.
O cümlədən Dağlıq Qarabaq münaqişəsinin və indiki mərhələdə müharibəsinin işıqlandırılmasında rus mediası peşəkar jurnalistikanın dünyada qəbul edilmiş bütün əxlaqi dəyərlərini həyasızcasına ayaqlayır.
Rus ictimai fikrində bu növ məxluqatın həqiqi mahiyyətini çox gözəl anlayırlar. Tanınmış rus iqtisadçısı Mixail Xazin Vladimir Solovyovu “xaldey”, yəni manıs adlandırıb. Manıs restoranda və toyda pul verənin istənilən sifarişini dinməz-söyləməz necə ifa edirsə, rus media xaldeyləri də onlara pul verənlərin istənilən sifarişini eləcə yerinə yetirirlər. Lakin onlar daima rus prezidentinin mövqeyini diqqətlə izləyib heç vaxt və əsla onun əksinə hərəkət etməmək qaydasına sadiqdirlər.
Məsələn, “60 minut” verilişində bütün iştirakçılar aparıcı Skabeyevanın və onun həyat yoldaşı Popovun başçılığı altında “Türkiyə heç vaxt və heç bir vəchlə Cənubi Qafqazda cərəyan edən siyasi hadisələrə müdaxilə edə bilməz” mahnısını bağıraraq oxuyurdular. Verilişin sonuna cəmi 5 dəqiqə qalmış xəbər gəldi: Putin Ərdoğanla telefon söhbətində bildirib ki, “Rusiya və Türkiyə birgə əməkdaşlıqla bölgədə axıdılan qanı dayandıra bilər”.
Paho-o! Bu beş dəqiqədə bütün iştirakçılar bir-birinin sözünü kəsə-kəsə “Ərdoğan böyük siyasətçidir!”, “Yalnız Rusiya Türkiyə ilə birlikdə bu müharibəni dayandıra bilər!” deməyə başladılar.
Həkimlər bir başda bir-birinə zidd fikirləri uğurla yerləşdirən insana şizofrenik deyirlər. Lakin rus xaldeyləri şizofrenik deyillər, çünki onların başında özlərinə məxsus heç bir fikir yoxdur. Yalnız pul qazanmaq fikri var, bu fikir isə istənilən fikirlə ziddiyyət təşkil etmir.
Sonda bu məxluqatı məharətlə oynatmaq dərsini vermiş Çingiz Abdullayevin mən anladığım intellektual texnologiyası barədə bir neçə söz demək istəyirəm.
1.
Çingiz Abdullayev danılmaz tərzdə nümayiş etdirdi ki, rus dilini o, verilişin bütün rus iştirakçılarından üstün bilir.
2.
Siyasi məsələnin adi insanların həyatına toxunan humanitar cəhətini elə məharətlə açdı ki, heç kəs etiraz etməyə söz tapmadı.
3.
Bu söz dəllallarının ali məqam sahibləri qarşısında daim payəndaz olduqlarını gözəl anladığından ötəri çatdırdı ki, Moskvadan Bakıya uçmaq icazəsi almaq üçün o, hətta rus hökumətinin Baş nazirinin müavininə belə ağız açmalı olub.
4.
Mövzunu sürəkli inkişaf etdirərək yazıçının rus ali dairələri ilə yaxın münasibətindən şaşırmış iştirakçılara Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin başçısı Narışkinlə söhbəti zamanı ona dediyi sözləri danışdı: Azərbaycan Aleksandr Sergeyeviç Qriboyedovun “Ağıldan bəla” pyesinin baş qəhrəmanı, zəmanəsinin mütərəqqi fikirlərinin carçısı Çatski kimi Rusiyaya-Sofyaya eşqini elan edir, Sofya isə məzmunsuz, dar düşüncəli Ermənistanı-Molçalini üstün tutur, çünki ətrafdakı kütbeyin mühafizəkarlar – Famusov, Skalozub, Repetilov -Sofyanı Çatskinin Molçalindən üstünlüyünü anlamağa qoymurlar. Çingiz Abdullayevin Narışkinlə söhbət etməsi kimi nəhəng informasiyanı dərk etməyə çalışan iştirakçılar yazıçının onlara yolüstü yapdığı yağlı həmşəri söyüşünü, yəni onların Ermənistanı müdafiə edərkən bütün rus ictimai fikrində klassik mürtəce məfhumların rəmzləri kimi qəbul edilən mənfi surətlərə bənzətdiyini qavraya bilmədilər.
5.
Səlis nitqinin sonunda Çingiz Abdullayev öz romanlarının qəhrəmanlarından olan peşəkar qatil kimi bu cılız dəstənin küt başlarına “kontrolniy vıstrel” gülləsini çaxdı: rus cəmiyyətinin adını eşitdiyi, lakin əsərlərini oxumadığı Maksimilian Voloşindən iki misra şeir oxudu.
Nokaut!
Heyif ki, Çingiz Abdullayev amansız deyil. Amansız olsaydı, onu da elan edərdi ki, Qriboyedovun pyesi ilk dəfə İrəvan xanının müsəlman memarlığının incisi sayılan Sərdar sarayında tamaşaya qoyulub. Həmin sarayda ki, onu erməni millətçiləri bu torpaqda müsəlman irsinin qalıqları belə qalmasın deyə XX əsrdə yerlə-yeksan ediblər.
Görünür, bu, gələcək söhbətlərin mövzusudur.
Sonda onu demək istərdim ki, Rusiua mediasını izləyənlər heç vaxt unutmasınlar ki:
1.Bu medianın gerçək siyasi proseslərə təsiri xeyli zəifləyib.
2.Rus televiziyasına tamaşa edərkən heç vaxt hissiyyata qapılmayın, bilin ki, bu, düşmən təbliğatıdır.
Özünüzü qoruyun, gələcəkdə görüləsi xeyli mühüm işlər durur.