8 nəfər ölüb, 77 nəfər isə yaralanıb
Rusiya dronları Kiyevə hücum edib, ölənlər var.
Aprelin 24-nə keçən gecə Rusiya qoşunları Ukraynaya raket və pilotsuz təyyarələrlə hücum edib.
Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib ki, zərbələr Kiyev, Jitomir, Dnepropetrovsk, Zaporojye, Sumı, Poltava, Xarkov və Xmelnitski vilayətlərində olub.
Nəticədə Kiyevdə 8 nəfər ölüb, 77 nəfər isə yaralanıb.
Yaşayış binalarına ziyan dəyib, dağıntılar altında olan insanların axtarışı davam edir.
Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, xilasedicilər Ukraynanın müxtəlif bölgələrində Rusiyanın endirdiyi zərbələr nəticəsində baş vermiş 40-a yaxın yanğını söndürüblər.
Hücumlar ABŞ, Avropa və Ukrayna nümayəndələri arasında Londonda aparılan danışıqlarda münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunduğuna dair rəsmilərin açıqlamasından cəmi bir neçə saat sonra baş verib.
ABŞ Prezidenti Donald Tramp ötən gün jurnalistlərə açıqlamasında həm Rusiya, həm də Ukrayna prezidentləri ilə müharibəni həll etmək üçün razılığa gəldiyini düşündüyünü söyləmişdi.
“Düşünürəm ki, Rusiya artıq tam şəkildə hərəkətə keçməyə hazırdır və çoxları da deyir ki, Rusiya hər şeyi nəzarətə götürmək istəyir. Məncə, bizim Rusiya ilə müəyyən bir razılaşmamız var. Amma eyni zamanda Zelenski ilə də razılığa gəlməliyik”, –Tramp Ağ evdə jurnalistlərə bildirmişdi.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir.