Rusiya deputatlarının Xocalı yürüşündə iştirakı Ermənistanda necə qəbul ediləcək?

Azərbaycanda Ermənistanın buna kəskin reaksiya verəcəyini düşünürlər

Source: Azərtac

Azərbaycanda Ermənistanın buna kəskin reaksiya verəcəyini düşünürlər

Rusiyalı deputatların və ictimai xadimlərin Bakıda Xocalı yürüşünə qatılmasını Rusiyanın Ermənistanın Baş naziri Nikol Paşinyana təzyiqi kimi də qəbul etmək olar, amma bu siyasi təzyiqdirsə, Dağlıq Qarabağ probleminin çözülməsində də istifadə olunmalıdır.

Bunu Meydan TV-ə siyasi icmalçı İlqar Vəlizadə deyib.

Bakıda

fevralın 26-da

Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilən yürüş keçirilib. Aksiyada Rusiyadan olan deputatlar, siyasi və hərbi ekspertlər iştirak ediblər. Yürüşdən sonra Bakıda mətbuat konfransı keçirərək, onlar Xocalı soyqırımının Rusiyada tanınması üçün işlərin sürətləndirilməli olduğunu deyiblər.

İlqar Vəlizadə hesab edir ki, siyasi səviyyələrdə müəyyən yanaşmalar olursa, deməli, dəyişikliklər münaqişənin özünə də təsirini büruzə verməlidir.

Paşinyanın hakimiyyətə gəlməsi paradoksdur

407753531.jpg
İlqar Vəlizadə

“Rusiyada Azərbaycanla daha çox əlaqələr qurmaq niyyətində olan müəyyən dairələr var. Onlar anlayırlar ki, əgər Moskvanın yanaşması dəyişməsə, Azərbaycanla faydalı münasibət qurmaq mümkün olmayacaq. İndiki vəziyyətdə Rusiyaya Azərbaycanla münasibətlərin qurulması və inkişafı daha çox xeyir verə bilər, nəinki Ermənistanla. Onlar son 20 ili Ermənistanda vaxt itkisinə məruz qaldıqlarını başa düşürlər. Nə lazımdır alıblar, iqtisadiyyatları əllərində, siyasi həyata təsir edə bilirlər. Amma son nəticədə Ermənistan əllərindən çıxıb, Nikol Paşinyan hakimiyyətə gəlib, paradoks budur”.

O, güman edir ki, Ermənistan ictimaiyyəti Rusiyadan gələn deputatların Bakıda Xocalı yürüşündə iştirakına reaksiya verəcək.

Amma bununla belə siyasi icmalçı xatırladıb ki, Rusiyadan olan başqa deputatlar ermənipərəst mövqelərdən də çıxış ediblər və işğalçının xoşuna gəlmək üçün müxtəlif ifadələr işlədiblər.

“İndi konyuktura dəyişib və Rusiya ictimaiyyətində məqsədyönlü işlər aparıldığından Moskvadan Azərbaycana fərqli baxışlar yaranıb. Belə vəziyyətdə Azərbaycan daxili proseslər də rol oynayır”.

Sözlərinə misal kimi, o, Rusiyadan gələn qonaqlardan biri, əslən bakılı olan Kozlovanın Xocalı soyqırımında təkcə azərbaycanlıların yox, rusların da həlak olması barədə dediklərini göstərib.

O, başqa bir deputatın cəmi 2 il əvvəl Xocalı haqda ilk dəfə eşitdiyini etiraf etməsini də qeyd edib.

“Bu, Rusiya ictimaiyyətinin Xocalıda kütləvi qətliamlardan və Ermənistanın sabiq siyasi rəhbərliyinin iştirakından xəbərsiz olduqlarını göstərir. Rusiya cəmiyyətində regiona baxışlar dəyişir, burada başqa anlayışlar da var. Necə olur ki, Ermənistanda rusların sayı sürətlə azalır, Azərbaycanda qalırlar. Yaxud rus dili Azərbaycanda inkişaf edir, Ermənistanda isə əksinə. Amma bununla belə Yerevan Moskvanın müttəfiqi sayılır. Bax, bu ziddiyyətlər Xocalı soyqırımı prizmasından da başqa cür ortaya çıxır. Bakıya gələnlərlə mən də təmasda oluram, özləri mənə danışır bu problemləri və gizlətmədən deyirlər ki, hər şeyi görüb və ölkələrində danışmalıdırlar”, – İ.Vəlizadə deyib.

Rusiya hakimiyyəti bu cinayəti törətdiyini açıq şəkildə etiraf etməlidir

001.jpg
İsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəsinin sədri İsa Qəmbər isə son vaxtlar Ermənistanla Rusiya arasında müəyyən problemlərin yaşandığını xatırladıb.

Onun fikrincə, bunların nə dərəcədə dərin olduğunu, fikir ayrılıqlarının hansı həddə qədər davam edəcəyini zaman göstərəcək.

“Xocalı faciəsinin qeyd olunması, qurbanların abidəsinin ziyarət olunması prosesində Rusiyanın deputatları və başqa şəxslər iştirak etsələr də, etməsələr də, bu vəziyyəti dəyişmir. Sadəcə, iştirakdan söhbət getmir, Rusiya hakimiyyəti Ermənistan hakimiyyəti kimi bu cinayəti törətməyi haqda açıq şəkildə günahlarını etiraf edib Azərbaycan xalqı qarşısında üzrxahlıqlarını bildirməlidirlər. Xocalı faciəsi heç zaman Azərbaycan xalqı tərəfindən bağışlanmayacaq və bu, bütün insanlığa qarşı cinayət idi”.

Dövlət Dumasının Təhlükəsizlik komitəsi sədrinin birinci müavini Dmitrli Savelyevin “Rusiyada Xocalı hadisələrinin Azərbaycan xalqının soyqırımı kimi tanınması üzrə işləri sürətləndirmək lazımdır” açıqlamasının Baş nazir Nikol Paşinyana təzyiqi sayıla bilərmi sualına İsa Qəmbər cavab verib ki, Rusiya və Ermənistan arasındakı müəyyən gərginliyə və müxtəlif hadisələrdən istifadə edilməsinə görə məsələnin mahiyyəti dəyişə bilməz. Heç bir halda da dəyişməyəcək:

“Biz də diqqətimizi bu cinayətin mahiyyətindən və onun ətrafında müxtəlif qüvvələrin gedişlərinin şərhinə yönəltməməliyik”.

Ermənistan ictimai fikrində Rusiya deputatlarının və ictimai xadimlərinin Xocalı yürüşündə iştirakı müsbət qarşılanmayacaq

W1siZiIsIjIwMTgvMTAvMDEvMTMvNTAvMDcvMzc4OTM0NTktZWU5MS00YmRkLWIzMGEtMGYxYzg1NzJmYjczL2ZhemlsLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d.jpg
Fazil Mustafa

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa rusiyalı deputat və ictimai xadimlərinin Cocuq Mərcanlıya səfərlərini xatırladaraq bildirib ki, onlar həmin vaxt Xocalının soyqırım olduğunu və ərazilərimizin işğal olunduğu barədə açıq mesaj verdilər.

Onun fikrincə, Rusiyaya baxış fərqli olmalıdır. Rusiya yalnız bir qrupdan yox, müxtəlif dünyagörüşünə sahib olan insanlardan ibarətdir:

“Biz həqiqətləri söyləyə biləcək ruslarla işləməli, müəyyən qədər onların dəstəyindən istifadə etməliyik”.

Fazil Mustafa hesab edir ki, Ermənistan ictimai fikrində Rusiya deputatlarının və ictimai xadimlərinin Xocalı yürüşündə iştirakı müsbət qarşılanmayacaq:

“Biz bu məsələdə öz marağımızdan çıxış edirik, həqiqətlərin dünyaya çatdırılması baxımından onların Bakıya gəlməsini məqbul sayırıq. Ermənistanın narazı olmağı bir şeyi həll etmir. Onlar işğalçı və qatilliklə məşğul olan anlayışa sahib olan dövlətin təmsilçiləridir. Ona görə də bizim mübarizəmizin formalarından biridir”.

Deputat düşünmür ki, rusiyalıların 26 fevral Xocalı yürüşünə qatılması Kremlin İrəvana təzyiqidir. Çünki şimal ölkədə Nikol Paşinyanı da dəstəkləyən qüvvələr var.

“Eyni zamanda, Azərbaycana da simpatiya bəsləyənlər var. Azərbaycan özünə uyğun qüvvələrin Rusiya ictimai rəyinə təsir göstərməsində maraqlı olmalıdır”.

Ana səhifəXəbərlərRusiya deputatlarının Xocalı yürüşündə iştirakı Ermənistanda necə qəbul ediləcək?