Rusiyalı deputatlar Xocalı yürüşündə iştirak ediblər

Dmitri Savelyev: “Xocalı hadisələrinin Azərbaycan xalqının soyqırımı kimi tanınması üzrə işləri sürətləndirmək lazımdır”

Source: Prezident.az

Bakıda fevralın 26-da Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan yürüş keçirilib.

Yürüşdə Azərbaycan prezidenti İlham Əliyev

iştirak edib

.

Yürüşdə Rusiya Dövlət Dumasının deputatları, Rusiyadan gələn siyasi və hərbi ekspertlər də iştirak ediblər.

Rusiyadan olan heyətə Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Rodnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məclisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndiricisi, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, rusiyalı yazıçı, rejissor Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxil olublar.

Dmitri Savelyev: “Xocalı hadisələrinin Azərbaycan xalqının soyqırımı kimi tanınması üzrə işləri sürətləndirmək lazımdır”

“Turan” agentliyinin məlumatına görə, Rusiyadan olan nümayəndələr Bakıda keçirdikləri mətbuat konfransında Rusiyanın Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalı olduğunu deyiblər.

Dövlət Dumasının Təhlükəsizlik komitəsi sədrinin birinci müavini Dmitri Savelyev hesab edir ki, Rusiyada Xocalı hadisələrinin Azərbaycan xalqının soyqırımı kimi tanınması üzrə işləri sürətləndirmək lazımdır.

“Xocalı faciəsi şübhəsiz ki, dəhşətli hadisədir. Qadınlar, uşaqlar, qocalar həlak olublar. Uşaqlar ölüblərsə, deməli, onların da uşaqları və onların uşaqlarının da uşaqları ölüblər. Bu, o deməkdir ki, Azərbaycanın gələcəyinin bir hissəsi məhv edilib”, – Savelyev vurğulayıb.

“Azərbaycan xalqına qarşı bu dəhşətli qırğının Rusiyada tanınması üçün fəal iş aparmaq lazımdır. Lentlərə baxarkən istər-istəməz gözlər yaşla dolur. Biz hamımız bunu öz şəxsi faciəmiz kimi qəbul edirik. Bu dəhşətin Azərbayan xalqının soyqırımı kimi tanınması üçün hamımız işləməliyik”, – Savelyev deyib.

“Mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi insanlığa qarşı cinayətdir. Bu qətl uzaq keçmişdə baş verməyib və onun törədilməsində günahkar olanların barəsində beynəlxalq axtarış elan olunmalı və onlar öz layiqli cəzasını almalıdır”, – “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib. “Xocalıdakı qətl mühasirəyə alınmış şəhəri tərk etmək istəyən hər kəsin qətl edilməsidir. Burada soyqırımın bütün əlamətləri var”, – o əlavə edib.

İlham Əliyev Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşündə
İlham Əliyev Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşündə

“Heç bir şey ilə müqayisə olunmaz ağrı və faciə”, – Dövlət Dumasının Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Oksana Puşkina belə hesab edir.

Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini İrina Rodnina bildirib ki, rusiyalıların çoxu Xocalı qırğını haqda bilmir.

“Rusiyalıların 99%-i Xocalı faciəsi haqda heç bir şey bilmir. Xocalı haqda filmlər şəkmək, kitablar buraxmaq lazımdır”, – İ.Rodnina deyib. O, özü də bu faciə barədə bir il yarım öncə bilib. “Bəli, bu, ağrıdır. Ermənilər hücum ediblər, çox problemlər olub. Sovet İttifaqının süqutundan sonra hər ölkənin öz faciəsi var və bunu unutmaq olmaz”, – o deyib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu cinayətlərə görə məsuliyyət məsələsinə toxunub.

“Niyə indiyədək Rusiyada Xocalı faciəsinə qiymət verilməyib? Ermənilərin maraqlarını müdafiə edən bəzi ictimai xadimlər Sumqayıt hadisələrinin soyqırım kimi tanınmasına tərəfdardır, digərləri Xocalı faciəsinin soyqırım kimi tanınmasını istəyir”, – S.Markov vurğulayıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlıların ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.

Xocalı faciəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 1275 insan əsir və girov götürülüb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

Ana səhifəXəbərlərRusiyalı deputatlar Xocalı yürüşündə iştirak ediblər