Rusiya BMT-nin iclasında tənqid edilib

BMT-Rusiya. Foto: Novikov Aleksey/shutterstock.com

“Rusiya Ukraynaya, Gürcüstana hücum, Donbas separatçılarına dəstəklə beynəlxalq hüquq prinsipini pozub”

Aprelin 24-də Nyu Yorkda BMT Təhlükəszilik Şurasının iclası keçirilib. İclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edib.
Hazırda Təhlükəsizlik Şurasına rotasiya qaydasında Rusiya sədrlik edir.
İclasda çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, qlobal güclər arasında münaqişə riski “tarixi həddə”dir.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi bu ölkədə böyük iztirablara və dağıntılara səbəb olub.

Bu, koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi dislokasiyanı gücləndirib, təhlükəlidir. Böyük güclər arasında gərginlik yüksək həddədir”, – Quterreş bildirib.

Sergey Lavrov isə deyib ki, hazırda dünya bəlkə də soyuq müharibə dövründəkindən daha təhlükəli astanadadır.

Biz eynən soyuq müharibə dövründə olduğu, bəlkə də daha təhlükəli həddə çatmışıq. Çünki BMT-nin Təhlükəsizlik Şurasında Qərb ölkələri çoxluq təşkil edir. Bu da beynəlxalq münasibətlərdə çoxtərəfliliyə şərait yaratmır”, – Lavrov qeyd edib.

İclasda ABŞ, Fransa və Britaniya da daxil olmaqla, Təhlükəsizlik Şurasının bir sıra üzvü Rusiyanı Ukraynaya qarşı müharibəyə görə qınayıb.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas- Qrinfild deyib ki, bu gün Rusiya öz qonşusu Ukraynanı işğal edib. Bu da BMT Nizamnaməsinin ürəyinə zərbə endirməkdir:

“Bu qeyri-qanuni, səbəbsiz və lazımsız müharibə bilavasitə bizim ən müqəddəs prinsipimizə ziddir, işğalçılıqdır. Ərazi işğalı müharibəsi heç vaxt qəbul edilə bilməz”, – o deyib.

Thomas Qrinfild həmçinin, Rusiyanı amerikalıları haqsız yerə həbs etməkdə, bununla da beynəlxalq hüququ pozmaqda ittiham edib.

O, “Wall Street Journal”-ın müxbiri Evan Gershkoviç və keçmiş dəniz piyadası Pol Uilanı azad etməyə  çağırıb.

Xanım Qrinfild çıxışında BMT sistemində islahatların keçirilməsinin önəmli olduğunu deyib.
Britaniya və Fransa səfirləri onun bu mövqeyi ilə razılaşıb.

Foto: Reuters

Lavrov isə çıxışında Rusiyanın Ukrayna üzərinə hücumuna görə ABŞ-ı və onun müttəfiqlərini ittiham edib. İddia edib ki, guya Rusiya qoşunlarının məqsədi “insanların Kiyev rejimi tərəfindən qırılmasına son qoymaq və NATO-nun yaratdığı təhlükənin qarşısını almaq olub”.

Lavrov eyni zamanda, onu BMT Təhlükəsizlik Şurasına səfərdə müşayiət edəcək jurnalistlərə vizaların verilməsinin ləngidilməsini pisləyib. Onun sözlərinə görə, ABŞ səfirliyi jurnalistlərə viza verəndə artıq nümayəndə heyətini aparan təyyarə havaya qalxıbmış.

İclasda həmçinin Ukrayna taxılının Qara dəniz üzərindən təhlükəsiz ixracının mayın 18-də başa çata biləcəyi müzakirə edilib. Təhlükəsiz ixracın davam etdirilməsinə çağırılıb.

Onlar açıq şəkildə nümayiş etdirirlər ki, belə əməkdaşlıq hamının rifahı üçün vacibdir”, – Antonio Quterreş bildirib.

Britaniyanın BMT-dəki səfiri Barbara Vudfordun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təkcə, Ukraynaya fəlakət gətirməyib, Rusiyanın özünü də çıxılmaz vəziyyətə salıb:
Rusiyada hazırkı nəsil gələcəyindən məhrum edilib və hökumət bunun səbəbini izah etmir”.

Fransa səfiri Nikolya de Rivyer isə bildirib ki, Rusiya bundan əvvəl də, 2008-ci ildə Gürcüstana müdaxilə, 2014-cü ildən bəri Donbas separatçılarına dəstək və İrana qarşı silah embarqosunu pozmaqla beynəlxalq hüququn aliliyi prinsipini pozub.

Ana səhifəDünyaRusiya BMT-nin iclasında tənqid edilib