Putin artıq Türkiyəni də öz təsir dairəsində görməyə başlayıb
Ərdoğan və Putin Azərbaycana gəlir. Rusiya və Türkiyə prezidentləri Bakıda görüşlər keçirəcək. İki liderin səfəri yalnız idmana maraq deyil. Azərbaycan paytaxtında yalnız “qaz diplomatiyası” müzakirə edilməyəcək. İstisna deyil ki, Qarabağ problemi də danışıqlar predmeti olacaq. Məsələ ondadır ki, Avropa Türkiyə üzərindən Azərbaycana, ola bilsin gələcəkdə İran və Türkmənistana bağlanacaq yeni kəmərlərin tikintisini planlaşdırır. Moskvanın planları isə məhz TANAP kəmərinin tikintisini qabaqlamaqdır və deməli, Azərbaycan qazının daha əvvəl Avropa bazarına çıxmasını önləməkdir. Bu, yalnız Ərdoğanla Putinin razılaşması sayəsində baş verə bilər. Türkiyə prezidenti bütün enerji kartlarını alt-üst edən bu razılaşmaya gedərkən Azərbaycan prezidenti ilə məsləhətləşmələr apamaya bilməz. Bölgədə qəliz “qaz oyunu” başlayıb. “Şahdəniz” qazının Avropaya nəqlinə dair 40-42 milyard dollar investisiya tələb edən layihəni sakitcə həyata keçirə bilmək başlıca məqsəd deyil. Xatırlatmaq yerinə düşər ki, Putinin ötən il dekabrın 1-də Ankaraya səfərindən bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin Ərdoğanla telefon danışığı olmuşdu. Məsələ ondadır ki, on illərdir Avropa öz enerji təhlükəsizliyini təmin etmək yolunda variantlar axtarışındadır. Bu təhlükəsizliyin təmin edilməsi isə enerji mənbələrini kifayət qədər şaxələndirməkdən keçir.
Azərbaycan – Rusiya – Türkiyə arasında Bakı görüşündə Qarabağ probleminin həlli yolları da müzakirə edilə bilər.
Türkiyə sözsüz ki, münaqişənin həllində maraqlıdır. Birinci səbəb, münaqişə hərbi əməliyyatlar çıxardarsa, bu və ya digər baxımdan Ankara prosesə qatılmış olacaq. Belə olduqda, birbaşa Ankara-Moskva qarşıdurması yaranır ki, Türkiyə bunda maraqlı deyil. Ankara münaqişənin həllində dinc vasitələrin işə salınmasına çalışır. Digər tərəfdən, Türkiyə qlobal layihələrə cəlb olunub və bunların gerçəkləşməsi qardaş ölkənin maraqlarına cavab verir. Enerji daşıyıcılarına malik olmadığından Türkiyə tranzit ölkə kimi aparıcı rol ala bilər. Bu baxımdan, Cənubi Qafqazda hərbi münaqişənin başlaması Ankaranın maraqlarını zərbə altına qoyur. Daha bir məqam isə ondan ibarətdir ki, Dağlıq Qarabağ məsələsindəki hər hansı bir inkişaf “erməni məsələsi”nin yumşalmasına gətirir. Qarabağ münaqişəsilə bağlı hər hansı addım hərbi əməliyyatlar təhlükəsini sıradan çıxarır. Bunun nəticəsində Ermənistan-Türkiyə-Azərbaycan arasında kommunikasiyaların açılması ideyası meydana çıxa bilər.
Türkiyədə keçirilən son parlament seçkilərində Qərb AKP iqtidarına zərbə vurdu. Odur ki, Ankaraya yeni müttəfiqlər lazımdır. Bu baxımdan, Türkiyə diplomatiyası Rusiyanın Cənubi Qafqaza qayıtmasına yardımçı ola bilər. Ortaya çıxan iddialara görə, Ermənistan Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları 6 rayonu mərhələ-mərhələ Azərbaycana qaytarmağa razıdır. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı və Zəngilanın Azərbaycana qaytarılacağı barədə zondaj xarakterli məlumatlar yayılmaqdadır. Bu məlumatlara inansaq, növbəti mərhələdə Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün region bir müddətliyə müvəqqəti hökumətə veriləcək. Status müəyyən edildikdən sonra Kəlbəcər rayonu da Azərbaycana qaytarılacaq. Buna qarşılıq olaraq Azərbaycan Ermənistanın şosse və dəmiryolunu açacaq. Nəhayət, Ermənistan və Dağlıq Qarabağ arasındakı sərhəd bölgəsinə beynəlxalq sülhməramlılar yerləşdiriləcək. Bu qüvvələrin tərkibində tərəf və müdaxiləçi ölkələr (Türkiyə və Rusiya) yer almayacaq.
İndi bu sual aktualdır – Qarabağ danışıqlarıyla bağlı ziddiyyətli məlumatlar haradan qaynaqlanır? Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, əlbəttə ki, Bakı-Ankara münasibətlərinə mənfi təsir göstərəcək. Ona görə də Türkiyə bu və ya digər dərəcədə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin baş verməsində maraqlıdır ki, Ankara-İrəvan münasibətlərinin yaxşılaşması Bakı-Ankara əlaqələrinə mənfi təsir göstərməsin. Bu gün Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması yönündəki addımlarla müqayisədə Azərbaycan üçün daha təhlükəlisi Ankara və Moskva arasındakı yaxınlaşmadır. Bu, gələcəkdə Azərbaycan üçün çox ciddi problemlər yarada bilər. Ankaranın Kremlə yönəli reveransları və Rusiyanın Qafqazdakı pozitiv rolu haqqında türk diplomatlarının bəyanatları təəccüblüdür. Son parlament seçkilərindən sonra Ankaranın Qərbdən uzaqlaşması ehtimal edilən idi. Bunun obyektiv səbəbləri də var. Qərbdən uzaqlaşan Türkiyə həm də islam, xüsusən ərəb dünyasına yaxınlaşa bilər. Ankaranın İslam dünyasının liderinə çevrilmək cəhdləri də mövcuddur. Hər iki vektorda dəyişmələr Azərbaycan üçün ciddi problemlər və suallar ortaya çıxarır. Bu baxımdan, Ankara – Moskva yaxınlaşmasında Bakının maraqları nəzərə alınmalıdır. Görünən budur ki, Qərbdən incik düşən Ankara və Bakı Moskvaya sığınmaq istəyir. Putin isə artıq Türkiyəni də öz təsir dairəsində görməyə başlayıb. Bakıda keçiriləcək görüşlərdə bu məsələnin müzakirə edilməsi ehtimalı az deyil…