ABŞ rəsmisi: Hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığımız var
“ABŞ-ın hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığı var. Düşünürəm ki, bu, gələcəkdə də davam edəcək”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter deyib.
M.Karpenter Bakıda keçirdiyi görüşlər barəsində də danışıb: “Dünən müdafiə naziri, baş nazirin müavini və Dövlət Sərhəd Xidmətinin rəhbəri ilə görüş keçirdik. Bizim Azərbaycanla çox uğurlu, xüsusən də kibertəhlükəsizlik sahəsində tarixi əməkdaşlığımız var”.
“
Vaşinqton aprel döyüşlərinin təkrarlanmasını istəmir
”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Pentaqon rəsmisinin indiki məqamda Azərbaycana səfərinin bir neçə səbəbi var:
“Birincisi, cəbhə bölgəsində vəziyyət gərgindir. Vaşinqton Azərbaycanla Ermənistan arasındakı aprel döyüşlərinin təkrarlanmasını istəmir. Vaşinqton anlayır ki, Cənubi Qafqazda yeni müharibə böyük dövlətləri bir-biri ilə qarşı-qarşıya qoyacaq. Onsuz da Ukrayna və Suriya məsələlərində böyük dövlətlər arasında ciddi fikir ayrılıqları var. Növbəti müharibə bu gərginliyi bir az da artıracaq. Odur ki, Pentaqon öz nümayəndəsini bölgəyə göndərməklə vəziyyəti yerindəcə təhlil etmək və tərəflərin mövqelərini müəyyənləşdirmək istəyir. Ən əsası odur ki, Vaşinqton Azərbaycanda sabitliyin pozulmasını istəmir. Əks halda, bunun fəsadları Amerikanın maraqlarına da toxunar”.
“Azərbaycan Rusiyadan silah alışına milyardlarla dollar pul xərcləyib”
Elxan Şahinoğlu deyir ki, ikincisi, ABŞ-da prezident seçkisindən sonra hakimiyyət boşluğu yaşanacaq. Yeni seçilən prezidentin xarici siyasətdə fəallaşması vaxt aparacaq. Bu boşluqdan isə ABŞ-ın bölgədəki rəqibləri istifadə edə bilərlər:
“Amerikanın maraqlı olduğu bölgələrdə boşluq yaranmasın deyə Vaşinqton öz emissarlarını müxtəlif ölkələrə, o cümlədən Azərbaycana göndərir. Üçüncüsü, Vaşinqtonu Rusiya-Azərbaycan hərbi əməkdaşlığı da narahat edir. Azərbaycan Rusiyadan silah alışına milyardlarla dollar pul xərcləyib. ABŞ Azərbaycana silah satmır. Bunun üçün Konqresin razılığı lazımdır. Belə bir razılığın əldə olunması isə mümkün deyil. Bu, ABŞ-Azərbaycan hərbi əməkdaşlığına mane olan əsas faktordur. Ona görə də Pentaqon bunun yerinə Azərbaycanla digər sahələrdə hərbi əməkdaşlığını genişləndirmək istəyir. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, bu iki ölkə mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Azərbaycan Rusiya ilə bəzi istisnalar xaricində birgə, geniş tərkibli hərbi təlimlər keçirə bilməz. Bu faktor isə Pentaqonun işinə yarayır. ABŞ Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyi ilə birgə təlimlər keçirsə, Azərbaycan ordusunun NATO standartlarına keçməsi üçün texniki yardım göstərə və bu məqsədlə hərbi mütəxəssislərini Bakıya göndərə bilər”.