Prokurorluq bildirib ki, “Amnesty International” “ekstremist təşkilatları dəstəkləyir” və “xarici agentlərin fəaliyyətini maliyyələşdirir”
Rusiya Baş Prokurorluğu “Amnesty International”ı ölkədə “arzuolunmaz təşkilat” elan edib.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
İddia olunur ki, “Amnesty International” təşkilatının Londondakı qərargahı “Kiyev rejiminin əlaltıları tərəfindən maliyyələşdirilən qlobal rusofob layihələrin hazırlanması üçün mərkəz” kimi fəaliyyət göstərir.
Prokurorluq əlavə edib ki, “Amnesty International” “ekstremist təşkilatları dəstəkləyir” və “xarici agentlərin fəaliyyətini maliyyələşdirir”.
“Xüsusi hərbi əməliyyatın başlanmasından bəri təşkilatın fəalları regionda hərbi qarşıdurmanı gücləndirmək üçün mümkün olan hər şeyi edirlər. Onlar ukraynalı neonasistlərin cinayətlərinə haqq qazandırır, onların maliyyələşdirilməsinin artırılmasına çağırır və ölkəmizin siyasi-iqtisadi təcrid olunmasında israr edirlər. Təşkilatın üzvləri ekstremist təşkilatları dəstəkləyir və xarici agentlərin fəaliyyətini maliyyələşdirir”,- məlumatda deyilir.
Hazırda təşkilat Rusiya Ədliyyə Nazirliyinin rəsmi “arzuolunmaz təşkilatlar” siyahısına daxil edilməyib, lakin bu, adətən Baş Prokurorluğun qərarından bir neçə gün sonra baş verir.
Hazırda bu siyahıda 223 təşkilat yer alır.
“Amnesty International” dünyada insan hüquqlarının monitorinqi ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Təşkilat son illərdə Rusiya ilə bağlı müxtəlif hesabatlar yayımlayıb.
Hesabatlara görə, Rusiya Ukraynada insanlığa qarşı cinayətlərdə ittiham olunur.
Bununla yanaşı, “Amnesty International” Ukrayna tərəfinə qarşı da tənqidi mövqe sərgiləyib.
Təşkilat qeyd edib ki, Ukrayna silahlı qüvvələri bəzən humanitar hüququ pozaraq hərbi obyektləri xəstəxana və məktəblərdə yerləşdirib.
Bu hesabat Ukraynada ciddi tənqidlərə səbəb olub. Amnesty sonradan “yaradılan ağrıya görə peşman olduqlarını”, lakin hesabatın nəticələrinin arxasında durduqlarını bildirib.
Təşkilat həmçinin Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı dəfələrlə hesabatlar dərc edib. Bu hesabatlar İsrail tərəfindən də sərt şəkildə tənqid edilib və təşkilat qərəzli olmaqda ittiham olunub.