Ruhani orkestrin kişiliyi (qadınlığı)

Nə deməkdir “Kişinin tarixi”?

Source:

Dəyərlərimizin, həyata və dünyaya münasibətlərimizin, düşüncə və davranışlarımızın formalaşmasında yanlış biliklərin doğru biliklərdən daha çox iştirak etdiyini isbatlamaq üçün bu yazını yazdım. Mövcud dünyagörüşümüz elə bir evdir ki, bu evin hörülməsində bolluca yalan daşlarından istifadə edilib!

Tarixi bir çox cəhətdən təsnifləşdirmək mümkündür, onlardan biri də onu prehistorik və historik dövrlərə bölmədir. Başqa cür deyişlə, yazıyaqədərki və  yazıdansonrakı dövr.

A.Davin yazıdansonrakı tarixi nəzərdə tutaraq deyirdi ki, “history” terminini “his-story”, “onun tarixi”, yəni, “kişinin tarixi” kimi də oxumaq olar. Həqiqətən də, yazının meydana gəldiyi dövrlərdən etibarən (təxminən beş min il bundan əvvəl) artıq patriarxallıq hər sahədə öz diktəsinini etməyə başladı. Bu diktə zaman-zaman qadınlar əleyhinə olmaqla yanaşı, mənəvi və fiziki cəzalarla müşayət olunan  şifahi və yazılı qanunlar toplusuna çevrildi.

Nə deməkdir “Kişinin tarixi”?

Məsələn, təkcə monoteist dini personajlara baxmaq kifayətdir ki, bütün ruhani  orkestrin kişi cinsində və ya kişilərdən ibarət olduğunu görəsən; allah, mələklər, peyğəmbərlər, apostollar, imamlar, din adamları və b. İudaizmdə Allah həm də “ata”dır: “Rəbbin xəbərini elan edəcəyəm: Mənə “sən mənim oğlumsan”, dedi. “Bu gün mən sənə ata oldum” (Məzmurlar, 2:7). Xristianlıqda Allahın “atalığı” lap gözə girir, peyğəmbərin atası olma səviyyəsində. İslamda isə Allah, cinsiyyətsiz təqdim olunsa da, onun linqvistik ifadəsi ərəb dili daxil olmaqla bütün cinsli dillərdə kişi cinsindədir. (Elə ona görə də, məsələn elə bizdə “Allah baba”, “o göydəki kişi”, “arvad yaxşı şey olsaydı Allah birini də özünə yaradardı” və s. bu kimi ifadələr mövcuddur).

***

Monoteist dinlərdə Allahdan sonrakı fövqəltəbii varlıq olan mələklər də kişi cinsində təqdim edilir. Quranda mələklərin “Allahın qızları” adlandırılmasını kəskin şəkildə rədd edən ayələr var. Məhəmməd peyğəmbər, təkcə qadın cinsində olan tanrıçalara (Lat, Mənat, Uzza) qarşı mübarizə apamırdı, həm də o zamana qədər qadın cinsində qəbul edilən mələklərin cinsiyyətini dəyişdirmək üçün mövcud olan qadın-mələk təsəvvürünə qarşı mübarizə aparırdı. Mələk anlayışının bu gün də gözəllik, lətafət, zəriflik, saflıq, yumşaq qəlblilik və məsumluq anlayışları ilə az qala sinonim olması, qadın adı kimi istifadə edilməsi təsadüfi deyil. Şəxsən mən “mələk kimi kişi” məcazına, ya da mələk adlı kişi adına rast gəlməmişəm.

***

Yaxud axirətdə mərhumu sorğu-suala tutan, kişi cinsində qavranılan İnkir və Minkiri götürək. Amma monoteist dinlərə qədər o dünyada insanı qarşılayan və sorğu-suala tutan varlıqlar da qadın cinsində təsəvvür edilib. Hittitlərdə ədalət tanrıçası Şamaş gündüzlər yer üzündəkiləri, gecələr isə yeraltındakıları əməllərinə görə mühakimə edərmiş. Yaxud, zərdüştçülüyə görə o biri dünyaya getmiş adamı, cənnətlikdirsə, gənc və gözəl qız, cəhənnəmlikdirsə, yaşlı və kifir bir qadın qarşılayır. Göründüyü kimi, sorğu-sualçılar da patriarxallıqdan sonra maskulinləşdi. Amma qeyd edim ki, hazırda tamamilə patriarxallaşmamış bir çox xalqların miflərində qədim ənənə yaşamaqdadır. Məsələn, ölülər ölkəsinə gedən yoldan bəhs edən bir Melaneziya mifində deyilir ki, ölünün ruhunu ölülər ölkəsinin girişində qadın cinsində olan bir gözətçi qarşılayır.

***

Kişiləşdirilmiş fövqəltəbii qüvvələrdən sonra peyğəmbərlərin də kişi cinsində olduğunu görürük. Hətta islamda onların sayının 124 min olduğuna inam var. (Peyğəmbər qadınlar haqqında ayrıca yazacağıma görə bu tezisi açıq qoyuram).

 Apostollar, imamlar, övliyalar, üləmalar, mollalar, keşişlər, rahiblər, ravvinlər, hahamlar və b. bütün dini nümayəndələr də yenə kişilərdir. Bir sözlə, Allahın dirijorluğu ilə bütün ruhani orkestr kişilərdən təşkil olunub.

Lakin həmişəmi belə olub? Əsla!

Növbəti yazımda paternalist əməliyyatlarla allahların cinslərinin necə dəyişdirilməsindən bəhs edəcəyəm. Mən bu əməliyyata allahların transseksuallığı adı verirəm.

(Davamı olacaq)


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəRuhani orkestrin kişiliyi (qadınlığı)