Rüfət Səfərovun işgəncə şikayəti rədd edilib

”Yaxın günlərdə yerli məhkəməyə müraciət edəcəyik”

Source:


”Yaxın günlərdə yerli məhkəməyə müraciət edəcəyik”

9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş müstəntiq Rüfət Səfərovun işgəncəyə məruz qalması iddiası ilə bağlı şikayəti təmin olunmayıb.

Bu barədə Meydan TV-yə onun vəkili Bəhruz Bayramov məlumat verib. O, bununla bağlı yaxın bir neçə gündə yerli məhkəməyə şikayət edəcəklərini söyləyib:

“Məhkəmə nəzarəti qaydasındakı cinayət işinin rədd edilməsi qərarını ləğv edib, işə yenidən baxsınlar. Bizim şikayətimiz bundan ibarət olacaq”.

Bəhruz Bayramov bir müddət öncə açıqlama verərək bildirmişdi ki, sentyabrın 22-də 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Azər Qurbanzadənin iştirakı ilə Rüfət Səfərova işgəncə verilib. Prokurorluğun əməkdaşı Rüfət Səfərovdan bununla bağlı izahat alıb.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin cəzacəkmə müəssisəsində işgəncəyə məruz qalması və onunla qeyri-insani rəftar olunmasını pisləmişdi.

Vəkilin bu açıqlamasına Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov “Azərbaycandakı cəzaçəkmə müəssisələrində heç kimə işgəncə verilmir”, – cavabını vermişdi.

R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemini tənqid edərək, istefa verdiyini bildirmişdi. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi idi.

Bundan az sonra o, saxlanılıb və rüşvət almaqda təqsirli bilinərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərovu 9 il azadlıqdan məhrum etdi. O, ittihamlarla razılaşmır, bunu sistemi sərt tənqid etməsi ilə izah edir.

R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur.

Ana səhifəXəbərlərRüfət Səfərovun işgəncə şikayəti rədd edilib