”Demək ki, bizi təzyiq altında saxlayıb, çəkindirmək istəyirsiniz?”
——————————————————————————
Rüfət Səfərov ev dustaqlığı 3 ay da uzadılıb.
Bu barədə R.Səfərov “Azadlıq” qəzetinə göndərdiyi müraciətdə bildirir:
Barəmdə seçilən ev dustaqlığı qətimkan tədbiri Binəqədi rayon məhkəməsinin qərarı ilə 09.08.2016-cı il tarixədək uzadıldı. Qərardan bu və ya digər formada şikayət edib, vaxtımı hədər etməyəcəm. Eyni zamanda, bununla əlaqədar qüvvədə olan qanunvericiliyin tələblərini xatırlatmağa da ehtiyac görmürəm, çünki əminəm ki, Azərbaycanda qanunlar deyil, qanunüstü sayılan ayrı-ayrı rəsmilərin iradəsi işləkdir. Odur ki, problemin faktiki tərəflərini qeyd etməyi zəruri bilirəm. Beləliklə, ayrı-ayrı kanallar vasitəsi ilə nəzərimə çatdırılır ki, əgər üzr istəyib, indiyədək ifadə etdiklərimin böhtan olduğunu bəyan etsəm, YAP-in sıralarına qoşulub “ağıllansam”, bir an öncə işə xitam veriləcək. Təklifi anlayışla qarşılamaqla bərabər, aşağıdakı 3 qeydi ifadə edirəm:
1. YAP-ın Azərbaycan tarixinə qara hərflərlə düşəcəyini yəqin bildiyimdən, sıralarına qoşulmağı məqbul saymıram;
2. İndiyədək dürüst sanıb dediklərimizi bundan sonra da söyləyəcəyik;
3. Haqq yolundan bir addım belə geri çəkilməyi düşünmürük.
——————————————————————————-
Sabiq müstəntiq Rüfət Səfərov Binəqədi Rayon Məhkəməsinə çağırılıb.
Məlumatı Rüfət Səfərov Facebook səhifəsində paylaşıb.
“Az öncə Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov məni Binəqədi Rayon Məhkəməsinə dəvət etdi. 4 ay bitdi, yenidən ibtidai istintaqın müddətini uzadırlar”.
O, baş prokuror Zakir Qaralova sual da ünvanlayıb: “4 ay müddətində hansı istintaq hərəkəti etdiniz? Hansılar qaldı ki, istintaqın müddəti uzadılsın? Demək ki, bizi təzyiq altında saxlayıb, çəkindirmək istəyirsiniz? Olmayacaqdır!”
Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.