Rövnəq Abdullayevlə Arif Alışanovun 9 milyonluq davası

AzTV rəhbərliyinin AFFA-ya qarşı belə kəskin bəyanat yayması, Arif Alışanovun Rövnəq Abdullayevlə açıq mübarizəyə girişməsi böyük oyundan xəbər verirdi

Source:


AzTV rəhbərliyinin AFFA-ya qarşı belə kəskin bəyanat yayması,  Arif Alışanovun Rövnəq Abdullayevlə açıq mübarizəyə girişməsi böyük oyundan xəbər verirdi

AFFA-nın Azərbaycan Premeyer Liqasının oyunlarının yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC telekanalı oldu. Telekanal yayım üçün 700 min manat ödədi. CBC  SOCAR-ın nəzdində fəaliyyət göstərir. Telekanalın bütün maliyyə xərclərini də SOCAR ödəyir. Belə çıxır ki, AFFA prezidenti Rövnəq Abdullayev yayım hüququnu özü-özünə satmışdı. Abdullayevin bu addımının arxasında duran gizli plan bir müddətdən sonra bəlli oldu. CBC-nin tərkibində “CBC Sport” telekanalı yaradıldı. Özü də çox qısa zamanda. Təxminən bir ay müddətində. Təbii ki, SOCAR-ın vəsaiti elə dövlətin vəsaitidir. Ölkədə sırf idman telekanalı – “İdman Azərbaycan” fəaliyyət göstərdiyi bir halda, dövlətin vəsaiti hesabın ikinici bir idman telekanlının yaradılmasına nə ehtiyac vardı?

“CBC Sport” fəaliyyətə başlayan kimi kartlar açıldı. Çempionatın yayım hüququna sahib olan telekanal digər kanallara oyunlardan fraqmentlər göstərməyi qadağan etdi. “CBC Sport” bunun müqabilində həmin telekanllardan pul tələb etdi. Bu qadağa birbaşa “İdman Azərbaycan”da yayımlanan “Premyer Liqa” verlişinə təsir göstərdi. AzTV fraqmentlərə görə “CBC Sport”a pul ödəmək istəmədi. Nəticədə “Premyer Liqa” verilişi fəaliyyətini dayandırdı. Ardınca AzTV məsələ ilə bağlı bəyanat yaydı. Bəyanatda AFFA rəhbərliyi kəskin tənqid olunurdu: “Futbolun inkişafı ilə bağlı dövlət proqramının müddəalarını belə qulaqardına vuran AFFA, xüsusilə də baş katib Elxan Məmmədov öz istəyi ilə yaratdığı kanalı populyarlaşdırmaq və ən əsası Azərbaycan futbolu ilə bağlı hər şeyi öz monopoliyasında saxlamaq üçün belə bir göstəriş verib. Bəs AFFA-nın futbolun təbliği ilə bağlı öhdəlikləri, prezidentin təsdiq etdiyi dövlət proqramının müddəalarını yerinə yetirmək? Bunlar necə olsun? Bütün bunlar üçün azarkeş kütləsi olmayan Azərbaycan çempionatının oyunlarının görüntülərini yayımlamağı qadağan etmək yox, əksinə bu görüntülərin bütün televiziya kanallarında getməsini təmin etmək, futbolun təbliğini gücləndirmək, Azərbaycan çempionatının populyarlaşmasını təmin etmək üçün futbolla bağlı verilişlərin kanallarda artmasını daha da artırmaq lazındır. Nə yazıq ki, AFFA bunu etmək əvəzinə başqa yolu seçir. Ancaq görünür, çempionatımızla bağlı digər kanallarda verilişlərin efirə getməsi AFFA rəhbərliyinə sərf etmir. Çünki həmin verilişlərdə səslənən haqlı iradlar federasiyanın yalançı təbliğatını kölgədə qoyur”.

AzTV rəhbərliyinin AFFA-ya qarşı belə kəskin bəyanat yayması,  Arif Alışanovun Rövnəq Abdullayevlə açıq mübarizəyə girişməsi böyük oyundan xəbər verirdi. Meydan.tv-nin apardığı araşdırmalar nəticəsində bəzi faktlar əldə edilib. Məlumata görə, Rövnəq Abdullayev “CBC Sport”u yaratmaqla “İdman Azərbaycan”ın bağlanmasına nail olmaq istəyir. “İdman Azərbaycan” tamamilə büdcədən maliyyələşir. Telekanalın illik büdcəsi isə 9 milyon dollardı. Dava da məhz bu 9 milyonun üstündədir. Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA bir neçə mövsüm çempionatın yayım hüququnu “İdman Azərbaycan”a pulsuz vermək məcburiyyətində qalıb. AFFA rəhbərliyi hər il telekanaldan yayım üçün heç olmasa 700-800 min manat tələb etsə də, Arif Alışanov  bir qəpik də ödəməyəcəyini bildirib.

Rövnəq Abdullayev CBC-nin tərkibində “CBC Sport” telekanalı yaratmaqla, birbaşa Alışanova əlcək atmış olub. Futbol kluarlarında gəzən söz-söhbətə görə, “CBC Sport” tam fəaliyyətə başlayandan sonra “İdman Azərbaycan”ın bağlanması məsələsi qaldırılacaq. Rövnəq Abdullayev “İdman Azərbaycan”ın büdcəsini “CBC Sport” üçün istəyəcək. Ancaq tam yox. Dövlətdən 9 yox, 5 milyon dollar istəniləcək. Təbii ki, 4 milyon dollara qənaət ediləcəyi, “İdman Azərbaycan”ın yükünü “CBC Sport”un çəkə biləcəyi təqdirdə, iki idman profilli telekanalın saxlanmasına ehtiyac qalmayacaq. Belə olan halda hökumət də daha az vəsaitlə daha çox iş görən telekanala üstünlük verəcək. Artıq “CBC Sport” xarici ölkələrin çempionatlarının da yayım hüququna sahib olmaq üçün fəaliyyətə başlayıb. Güman ki, yaxın günlərdə bu işlər yekunlaşacaq.

Adının açıqlanmasını istəməyən önəmli mənbənin Meydan TV-yə verdiyi məlumata görə, AzTV-nin sədri Arif Alışanov da baş verə

n proseslərdən xəbərdardır və hadisələrin sonluğunun onun xeyrinə olmayacağını yaxşı bilir. Elə buna görə də adekvat addımlar atmağı planlaşdırır. Artıq ilk addım da atılıb. Bir neçə gün əvvəl “İdman Azərbaycan” 24 saatlıq yayıma keçib. Bu, Arif Alışanovun Rövnəq Abdullayevə ilk zərbəsidi. Yəqin ki, mübarizə açıq müstəviyə keçdikcə, daha güclü zərbələr olacaq. Təbii ki, qarşı tərəf də buna cavab verəcək. Gözləyək, 9 milyon çox böyük məbləğdi. Bu məbləğ uğrunda mübarizə amansız və güzəştsiz olmalıdır.

Ana səhifəXəbərlərRövnəq Abdullayevlə Arif Alışanovun 9 milyonluq davası