Quruma varlı yox, futbolu bilən adam rəhbərlik etməlidir
Rövnəq Abdullayevin AFFA prezidenti postundan getmə ehtimalının olduğu barədə Meydan TV-də məlumat vermişdik.
Artıq bu məsələ mətbuatda geniş müzakirə olunur. Jurnalistlər və mütəxəssislər Rövnəq Abdullayevin postunu kimin tuta biləcəyi ilə bağlı fikir mübadiləsi aparırlar. Müxtəlif namizədlərin adı hallanır. Maraqlıdır ki, namizədlərin bilik və təcrübəsi yox, varlı-kasıb olması daha çox müzakirə olunur. AFFA-ya savadlı, futbolu bilən şəxsin deyil, pullu adamın rəhbərlik etməsinin vacibliyi daha çox qabardılır. Doğrudanmı, Azərbaycan futboluna futbolu bilən yox, varlı adam lazımdır? Ümumiyyətlə, AFFA-ya neçə şəxs rəhbərlik etməlidir ki, futbolumuz ağ günə də olmasa, heç olmasa ağ yola çıxıb, irəliləyə bilsin?
Dövlət ayırırdı, Abdullayev təbliğ olunurdu
Azərbaycan futboluna 8 il ildir ki, varlı şəxs rəhbərlik edir. Varlı təşkilatın varlı prezidenti – Rövnəq Abdullayev. Ancaq bu müddətdə Azərbaycan futbolunda nisbi inkişaf belə nəzərə çarpmadı. Bu illər ərzində Rövnəq Abdullyevin əsas görəvi yığma komandaların inkişafına nail olmaq idi. 2008-ci ildə Abdullayev ölkə prezidentinə də məhz bu yönümlü vəd vermişdi – Azərbaycan yığması 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Ancaq bu vəd reallaşmadı. Rövnəq Abdullayevin AFFA-dan getmə ehtimalının bu vədə bağlı olub-olmadığını bilmirik. Ancaq bildiyimiz odur ki, Azərbaycan millisi seçmə mərhələni elə 10 il əvvəl – futbolun inkişafı ilə bağlı dövlət proqramının qəbul olunmasından öncə bitirdiyi pillədə – 5-ci yerdə başa vurdu.
Deməli, 10 il ərzinəd xərclənən vəsaitin heç bir nəticəsi olmayıb. Belə çıxır ki, Azərbaycan futboluna pullu adam yox, futbolu bilən adam rəhbərlik etməlidir. Amma deyəsən, futbol ictimaiyyəti hələ də bu reallığı qavramaq zorunda deyil.
Bu müddətdə Azərbaycan futbolunun əsas sponsoru SOCAR olub. SOCAR-ın prezidenti elə AFFA-nın prezidentidir. Amma bu, o demək deyil ki, futbola pulu Rövnəq Abdullayev ayırırdı. Yox, SOCAR dövlətə məxsus şirkətdir. Dövlətə məxsusdursa, demək ordan da vəsait ancaq prezidentin göstərişi ilə ayrıla bilər. Sadəcə, bu illər ərzində futbol təsərrüfatında “Rövnəq Abdullayev sağ olsun, futbola pul ayırır” deyimi hakim olub. Əslində isə pulu dövlət ayırırdı, sadəcə, Abdullayev təbliğ olunurdu.
İnkişaf istəyən qüvvələr ön plana çıxmalıdır
İndi isə 10 illik proqram başa çatıb, xərclənən vəsaitin isə nəticəsi yoxdur. Rövnəq Abdullayevi buna görə cəzalandırmayacaqlar. Sakitcə, başqa sahəyə göndərib, başqa “Rövnəq Abdullayev”i futbol təsərrüfatına gətirəcəklər. Başqa “rövnəqlər” isə elə AFFA-nın daxilindədir. Müzakirələrdən belə bəlli olur ki, AFFA-da Rövnəq Abdullayevin yerinə iki əsas namizəd var. Biri AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, digəri isə qurumun baş katibi Elxan Məmmədov. Hər iki şəxs eyni komandada təmsil olunublar. Yenə də YOX! Biz Rövnəq Abdullayevin komandasını nəzərdə tutmuruq. Bu iki şəxs Abdullayevə qarşı mübarizə aparan komandada təmsil olunublar. Artıq qələbə qazanılıb, Abdullayev məğlubiyyəti ilə barışaraq, AFFA-dan gedir. Məhz belə vaxtda Azərbaycan futbolunun inkişafını istəyən qüvvələr ön plana çıxmalı, Elşad Nəsirov-Elxan Məmmədov cütlüyünün futbolda söz sahibi olmasının qarşısını almalıdılar. Elxan Məmmədovun fəaliyyəti göz önündədir. Onun bütün layihələri Azərbaycan futbolunun əleyhinə yönəlmişdi. Təsəvvür edin, Azərbaycanın bölgələrində uşaqlar futbol oynamağa top tapmadıqları halda, Elxan Məmmədov Berlində futbol məktəbi açırdı, AFFA-nın büdcəsindən küllü miqdarda vəsait hansısa Danimarka şirkətinin büdcəsinə keçirilirdi ki, avropalı uşaqlar düşərgələrdə rahat futbol oynaya bilsinlər.
Yazdıq, təklif verdik ki, sonra…
İctimaiyyət heç, axı dövlət özü də bu sahənin inkişafında maraqlı olmalıdır. Futbol bütün dünyada olduğu kimi Azərbaycanda da populyardır. Bu qədər vəsaitin müqabilində inkişafın olmaması “futbolda da korrupsiya var” iddiasını formalaşdırır. Amma bu iddianı aradan qaldırmaq olar axı. Necə? AFFA-nı pullu adama yox, futbolu bilən adama tapşırmaqla. Heç şübhəsiz ki, AFFA-da prezident hakimiyyətin “hə” dediyi adam olacaq. Amma necə adam? Pullu, yoxsa futbolu bilən? Vəsaiti ayıran Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov deyil, dövlətdir. Dövlət də futbolda inkişafa nail olmaq istəyirsə, AFFA-ya futbolu bilən adam rəhbərlik etməlidir. Onu da başa düşürük ki, bu adamın siyasi səhnədə heç bir iddiası olmamalı, hakimiyyətə tam loyal mövqeyi ilə fərqlənməlidir. Belə mütəxəssis varmı? Var! Uzağa getməyə ehtiyac yoxdur, həmin şəxs elə AFFA-da oturur. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovu nəzərdə tuturuq. Vaqif Sadıqovun mövqeyi hər kəsə bəllidir. Həmişə loyallığını qoruyub, hətta uzun illər işsiz qaldığı vaxtlarda da. Amma onun futbolun nəzəriyyəsini mükəmməl bildiyi də hər kəsə bəllidir. Məşqçi kimi də, klub rəhbəri kimi də fəaliyyət göstərdiyindən Azərbaycan futbolunun spesifik xüsusiyyətlərini və ən əsası – problemlərini bilir. Hətta bu problemlərin həlli yollarını da bilir. Mətbuata verdiyi açıqlamalarda Sadıqov bu problemləri, onlardan çıxış yollarını da göstərib. O başqa məsələ ki, AFFA rəhbərliyi bu təklifləri qəbul etmək istəməyib. Çünki bu təkliflər onların maraqları ilə uzlaşmayıb. AFFA-ya Azərbaycan futbolunun problemlərini və həlli yollarını bilən şəxs rəhbərlik etməlidir. Etməlidir ki, ideya və layihələrini maneəsiz həyata keçirə bilsin. Vaqif Sadıqov təşəbbüskardır, mətbuata açıqdır, dinləmək, müzakirə aparmaq qabiliyyətinə sahibdir. O, bu üstünlüklərindən yararlanaraq, sıfır həddinə salınmış futbol sahəsini tədricən yüksəldə bilər.
Biz bu təklifi verərkən, onun yuxarılar tərəfindən qəbul olunma ehtimalının da sıfıra yaxın olduğunu anlayırıq. Ancaq bu təklifi tarix üçün yazırıq. Çörəyi çörəkçiyə – futbolu futbolu bilənə tapşırın. Unutmayın, futbolu pulla yox, başla inkişaf etdirmək mümkündür. Yazdıq, təklif verdik ki, sonra “yazmadınız, təklif vermədiniz” deməyəsiniz.