Cəsədlərdə qəsdən öldürmə əlamətlərinin aşkarlandığı qeyd edilir
Rostov vilayətində qanunverici orqanın deputatı Andrey Alabuşev və həyat yoldaşı Olqa faciəvi şəkildə öldürülüb. “RİA Novosti” xəbər verir ki, istintaq komitəsi qətl hadisəsini araşdırılmasına başlayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, qanunverici məclisin deputatları həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
Rostov vilayəti üzrə istintaq komitəsinin verdiyi məlumata görə, Alabuşevlərin cəsədləri Zernoqrad şəhərində fərdi evdə tapılıb. Cəsədlərdə qəsdən öldürmə əlamətlərinin aşkarlandığı qeyd edilir.
Qətl hadisəsiylə tanış olan bir mənbə “RİA Novosti”-yə bildirib ki, cəsədləri Alabuşevin sürücüsü tapıb.
Alabuşev 1955-ci ildə Voronej vilayətinin Kalaç şəhərində anadan olub. Don Kənd Təsərrüfatı İnstitutunu bitirib, ömrü boyu kənd təsərrüfatı sahəsində elmi tədqiqatlarla məşğul olub. Kənd təsərrüfatı elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının akademiki, 228 elmi əsərin, o cümlədən yeddi monoqrafiyanın müəllifidir. 2004-cü ildən İ. Q. Kalinenko adına Ümumrusiya Taxıl Bitkiləri İnstitutuna, 2017-ci ildən isə Don Aqrar Elmi Mərkəzinə rəhbərlik edib.
Rostov vilayətinin qanunverici məclisində Alabuşev aqrar siyasət, təbiət idarəsi, torpaq münasibətləri və kazaklar, habelə təhsil, elm, mədəniyyət və informasiya siyasəti komitələrinin işində yaxından iştirak edib.