Rəsulzadəyə məktub

Bu gün sizin cümhuriyyətinizin üstünə hərəmiz daha bir kürək də torpaq atdıq

Source:
Zaur Qurbanlı –
Zaur Qurbanlı –
Zaur Qurbanlı – Banner
Zaur Qurbanlı – Banner

Bu gün sizin cümhuriyyətinizin üstünə hərəmiz daha bir kürək də torpaq atdıq. Düzdür, biz sizin yaratdığınız dəyərlər qarşısında o qədər balaca adamlarıq ki, 1 əsrə yaxındır, irsinizi torpaqlayırıq, torpaqlayırıq, basdıra bilmirik. Hələ də bu lənətlənmiş ölkənin üzərində “respublika” sözü qalır.

Amma elə qalır ki, kimsə bunun sözdən başqa bir şey olduğuna inanmır. Çünki sizdən sonra hakimiyyətə gələnlər hələ də hakimiyyətdədir. 1 il fasilə verməklə, o vaxtdan bəri sizin 23 ayda qurduğunuz irsi dağıtmaqla məşğuldurlar. 2016-cı ildir, hələ də bunun öhdəsindən tam gələ bilməyiblər.

Tarixi irs heç də birinci dərəcəli rol oynamalı deyil. Amma bizim artıq ondan başqa heç nəyimiz yoxdur. Sizdən sonra biz demokratiya, azadlıq uğrunda şəhidlər verməyə davam etdik. Mübarizəmizi həmişə apardıq. Bəlkə də bununla sizə layiq ola bildik.

Amma bu gün… İllərdir davam edən rüsvayçılığın bu pikində sizə layiq ola bilmədik. Biz bir qrup quldurun qabağında sizin qurduğunuz respublikanı qoruya bilmədik. Biz monarxiya olmağa susduq. Müstəqil Azərbaycan monarxiyası – tarixdə bir ilkdir. Bu adda yalnız respublikalar olmuşdu. Biz bu adın ləkələnməsinə də susduq.

Rəsulzadə
Rəsulzadə

Elə 1920-ci ildə olduğu kimi, yenə də demokratiyanın, Qərb dəyərlərinin sərhədləri bizi içinə almır. Bu gün həmin Qərbdən şəxsiyyətini pula, kürüyə satan deputatlar gəlmişdi. Gəlib həmin dəyərləri də burada satdılar. Çünki Avropanın sərhəddi Borçalı ilə Qazağın arasından keçir, biz orda deyilik. İnanırıq ki, vaxt gələcək, biz o dəyərləri bu ölkədə hakim qıla biləcəyik, biz hər nə cür olsa da, o sərhədlərin içinə girə biləcəyik.

Amma əmin olun ki, heç kim siz edəni etmir, ya da edə bilmir. Biz sizin hər ölkəyə gedəndə bir qəzet çıxarmağınız barədə oxuyanda bunu möcüzə hesab edirik. Biz sadəcə ağzımızı açıb özümüzdən böyük iş görənlərin əməllərinə baxırıq. Özümüz isə… sadəcə sosial şəbəkələrdə boş-boş yazılar yazırıq, zarafatlar edirik, respublikanın basdırılmasına elə-hey gülürük. Amma bu xalqda qalan bir balaca vicdan da elə bizdədir. Bu gün gənclərin çoxu içirdi. Qaldıra bilmirdilər məğlubiyyətin ağırlığını.

İndi isə sizin şəkliniz metrodan söküləndə, adınız Cümhuriyyət abidəsinə yazılmayanda necə susmuşdularsa, yenə də elə susurlar. Susmaq hüququmuza görə də, bütün digər hüquqlarımız kimi sizə borcluyuq. O möhtəşəm tarixi irsi yaradan bir qrup insana. İndi bizim bir qrup quldura yaltaqlanan milyonlara qarşı bizim əlimizdə cəmi 2 arqument var – Cümhuriyyət və 1992-nin milli hökuməti. Vəssalam.

Biz sadəcə tarixi irsimizdən asılıb qalmışıq. Ola bilər ki, qopaq, düşək və itək bu qloballaşma çağında. Bilmənizi istərdim ki, biz məğlub olduq. Xalq olaraq, uduzduq, alçaldıq, bir neçə milyonluq yaltağa, bülletendaşıyana çevrildik. Bu, elə bir günahdır ki, bunu bağışlamaq olmaz. Sizin xalq sizin irsdən yapışa-yapışa bütün yaratdıqlarınızın məhv olmasına susur.

Ana səhifəMənim FikrimcəRəsulzadəyə məktub