Rəsul Cəfərov: Görünür Çingiz Əsgərov Avropa Məhkəməsinin qərarından xəbərsizdir

“Məlumat Avropa Məhkəməsinin saytında yerləşdirilib”

Foto: Rəsul Cəfərovun şəxsi arxivi
Rəsul Cəfərov
Rəsul Cəfərov


“Məlumat Avropa Məhkəməsinin saytında yerləşdirilib”

Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəməsinin martın 6-da qəbul etdiyi

qərar

barədə açıqlama verib.

Çingiz Əsgərov deyib ki, ərizəyə beş hakimdən ibarət komitə tərəfindən baxılır. Ərizə rədd olunacağı təqdirdə 16 noyabr 2017-ci ildə verilən qərar qüvvəyə minəcək:

“İlqar Məmmədovun nümayəndəsi vaxtından əvvəl bəyanat verib. Çünki hələlik tərəflər komitə tərəfindən ərizəyə baxılmasının nəticələrinə dair rəsmi xəbərdarlıq almayıblar/ Qərar 16 fevral 2018-ci ildə qüvvəyə minə bilərdi. Həm İlqar Məmmədov, həm də hökumət işin Avropa Məhkəməsinin Böyük Palatasında baxılması üçün ərizə verib”.

Məlumatı “haqqın.az”

yayıb

.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarında ərizəçinin azad edilməsi barədə heç nə deyilmir:

“Yalnız qərar qüvvəyə mindikdən sonra ölkə qanunvericiliyində nəzərdə tutulan tədbirlər görüləcək”.

ReAL İdarə Heyətinin üzvü Rəsul Cəfərov Meydan TV-yə bildirib ki, Çingiz Əsgərov Avropa Məhkəməsinin qərarından xəbərsizdir:

“Görünür, məhkəmənin saytında məlumatın qoyulmasından hələ məlumatlı deyil. Martın 6-da Bakı vaxtı ilə saat 18-19 radələrində Avropa Məhkəməsinin saytında İlqar Məmmədovun və Azərbaycan hökumətinin ötən ilin noyabrında çıxarılmış qərarla bağlı verdikləri şikayətin 5 hakim tərəfindən təmin edilməməsi haqda məlumat yayılıb. Ola bilər tərəflərə məlumat bir neçə gün sonra göndərilsin. Ancaq Avropa Məhkəməsi artıq məlumatı ictimailəşdirib və biz ona istinad edib yaymışıq. Hazırda məlumat məhkəmənin saytındadır, cənab Əsgərov özü də baxa bilər. Bu, o anlama gəlir ki, Avropa Məhkəməsinin 17 noyabr 2017-ci il qərarı martın 6-dan qəti hüquqi qüvvəyə minib”.

Rəsul Cəfərov deyib ki, yaxın 3 ayda – iyulun 6-na qədər ikinci qərar icra olunmalıdır:

“İcra o deməkdir ki, İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozuntusu aradan qaldırılmalıdır. Eyni zamanda, İlqar Məmmədova 10 min avro kompensasiya ödənməlidir. Deməli, Ali Məhkəmə plenum keçirərək İlqar Məmmədov barəsində yerli məhkəmələrin qərarlarını ləğv etməli və onu azadlığa buraxmalıdır. Yəni onun barəsində seçilmiş həbs-qətimkan tədbiri də qanunsuzdur, artıq bununla bağlı Avropa Məhkəməsinin birinci qərarı var. Həm də məhkum edilməsi haqda hökm ikinci qərarla qanunsuz elan edilib. Əgər Apelyasiya Məhkəməsində bu işə yenidən baxılacaqsa da, o zaman ReAL sədri azadlıqda olmalıdır. Çünki haqqındakı həbs-qətimkan tədbirinin qanunsuz olduğu və siyasi məqsədlərlə həyata keçdiyi Avropa Məhkəməsinin birinci qərarında əksini tapıb”.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldırıb. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.

Ana səhifəXəbərlərRəsul Cəfərov: Görünür Çingiz Əsgərov Avropa Məhkəməsinin qərarından xəbərsizdir