“Mənim dərhal azadlığa çıxmağımla nəticələnəcək yardımı Azərbaycan Respublikasının prezidenti cənab İ. Əliyev göstərə bilər”
İyunun 30-da həbsdəki hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan Respublikası Prezidentinin İctimai-Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova məktub göndərib.
Bu barədə həbsdə olan hüquq müdafiəçisinin facebook səhifəsində məlumat yerləşdirilib.
Məktubun əsas mesajı ondan ibarət olub ki, Rəsul Cəfərov ilk növbədə öz müraciəti əsasında azadlığa çıxmaq istəyir və ötən ilin oktyabrında göndərdiyi müraciətin müsbət cavablandırılacağına ümid edir.
Müraciətlə bağlı isə Cəfərov şərh verərək bildirib ki, bu faktdır ki, beynəlxalq təşkilatlar xüsusən də BMT və Avropa Şurası (hər ikisi qarşısında öhdəliklər götürmüşük) insan haqlarının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı davamlı və israrlı çağırışlar edirlər, bu arada əsas xətt məndə daxil olmaqla əsassız ittihamlarla həbs edilmiş şəxslərin azadlığa buraxılması ilə bağlıdır.
“Ailə üzvlərim, dostlarım, jurnalistlər,vəkillər, gənc fəallar ekspertlər də daxil olmaqla yerli ictimaiyyət də məni dəstəkləməkdə, mənə yardım etməkdə davam edir, yəni mənim azadlığa çıxmağımla bağlı fəaliyyət təkcə beynəlxalq təşkilatların fəaliyəti ilə məhdudlaşmır. Bütün bu fəaliyyətlərə görə yeri və beynəlxalq ictimaiyyətə öz dərin təşəkkürümü bildirirəm və inanıram ki, azad edilməyimə qədər bu dəstək davamlı olacaq. Digər bir fakt isə ondan ibarətdir ki, hazırda mənim dərhal azadlığa çıxmağımla nəticələnəcək yardımı Azərbaycan Respublikasının prezidenti cənab İ. Əliyev göstərə bilər, bu həbsimin ilk günündən belə olub və təsadüfi olmadı ki, mən həbsimin 3-cü ayında (15.10.2014-cü il ), yəni beynəlxalq ictimaiyyətin davamlı və israrlı çağırışlarından çox əvvəl prezidentə müraciət ünvanladım və ondan azadlığa çıxmağıma yardım göstərməsini xahiş etdim, başqa sözlə desək azadlığa çıxma imkanımı yalnız beynəxalq ictimaiyyətdə deyil, həmdə dövlət başçısına müraciətdə, yəni problemin ölkə daxilində həllində görürdüm və hazırda da bu mövqeyimdə qalıram”, deyə hüquq müdafiəçisi bildirib (Turan İA).
Rəsul Cəfərov 2 avqust 2014-cü il tarixində həbs edilib. O qanunsuz sahibkarlıq , vergidən yayınma, mənimsəmə kimi maddələrlə ittiham edilirdi. 16 aprel 2015-ci il tarixində isə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib (Turan İA).