Ali Məhkəmənin Plenumu hüquq müdafiəçisinin işi üzrə icraata xitam verdi
ReAl Partiyasının İdarə Heyətinin üzvü, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov barəsində bəraət qərarı verildi.
Aprelin 23-də Ali Məhkəmənin Plenumu yeni açılmış hallarla bağlı Rəsul Cəfərovun barəsində qəbul edilən məhkəmə qərarlarını ləğv edərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib. Hüquq müdafiəçisinə mənəvi zərərə görə 57400 manat kompensasiya təyin edilib.
Rəsul Cəfərov 2014-cü ilin avqustunda QHT-lərə qarşı cinayət işi üzrə həbs olunub. O, 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.
Avropa Məhkəməsi onun və ReAL Partiyasının sədri İlqar Məmmədovun işi üzrə Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozuntusunu tanıyıb.
Həm İlqar Məmmədov, həm də Rəsul Cəfərov üzərlərindəki məhkumluq səbəbindən fevralın 9-da keçirilən parlament seçkilərində namizəd kimi iştirak edə bilmədi.