Təhsil Nazirliyi: ”Qeyd olunan yazı Mikayıl Cabbarova aid deyil”
Rəsmi dövlət qəzeti “Respublika”nın 27 oktyabr sayında müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən məqalə dərc olunub. “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı geniş məqalədə təhsilin 25 əvvəlki durumu, Heydər Əliyevin prezident olduğu dönəmdəki vəziyyəti və hazırkı inkişafından söhbət açılır.
Ancaq Təhsil Nazirliyi məqalənin nazirə aid olmadığını deyir. Qurumun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, sözügedən qəzetin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “
Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı
” adlı yazının nazirə heç bir dəxli yoxdur:
“Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”.
Məsələ ilə bağlı BakiPost.az-ın əməkdaşı “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovla əlaqə saxlayıb. Baş redaktor nazirliyin yaydığı məlumatın əsassız olduğunu deyib: “Məqalə bizə nazirlikdən göndərilib və bunadan şəxsən nazirin xəbəri var. İndi bunlar niyə görə belə edirlər, bilmirəm”.