Rəsmi: Vəhşi heyvan saxlayan restoran sahibi cəzalandırılıb

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, “Yaşıl Göl” ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub.

Foto: Meydan TV


Heyvanların Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən klinikaya veriləcəyi deyilir

Ağstafada vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandırılıb.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb. Bildirilir ki, cəzalandırılan Ağstafa rayonundakı “Yaşıl Göl” adlı restoranın sahibidir. Restoran sahibi müştəri cəlb etmək üçün həyətdə qəfəsdə heyvan saxlayırmış.

Nazirlik bu barədə məlumatı insanların sosial şəbəkələrdə həmin restorandan paylaşdığı şəkillərdən götürüb:

“Vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat ETSN-nin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb. Daha sonra bununla bağlı qanuni tədbir görülüb. Restoran sahibi cəzalandırılıb”.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, "Yaşıl Göl" ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub. Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək:

“Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür. Biz nazirlik olaraq, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəmizi verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürümüzü bildiririk”.

Ana səhifəSosialRəsmi: Vəhşi heyvan saxlayan restoran sahibi cəzalandırılıb