İqtisadçı Toğrul Masallı: “Rəqəmlər real deyil”
2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında (https://www.stat.gov.az/news/index.php?id=4322) belə deyilir.
O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.
Məlumatda qeyd edilir ki, cari ilin avqustunda iyula nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb:
“Ay ərzində pasterizə olunmamış üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətlərində ucuzlaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”.
DSK-nın məlumatına görə avqustda iyula nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, tibbi və stomatoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İqtisadçı Toğrul Maşallı deyir ki, infilyasiya rəqəmləri Dövlət Statistika Komitəsinin müvafiq hesablamalarına əsasən düzgündür, reala yaxındır. Məsələ onların bu rəqəmi necə hesablamasındadır:
“Onların öz üsulları və metodologiyaları var. Bu metod isə tədricən qeyri-şəffaf hal alır. Onlar həmin siyahıya bəzi məhsulların qiymətlərini daxil etmirlər. Baxmayaraq ki, keçmişdə daxil edirdilər. Bizim onların açıqladığı rəqəmləri yoxlamaq imkanımız yoxdur, ancaq açıq-aşkar görünən detallar var”.
Digər tərəfdən iqtisadçı deyib ki, inflyasiya maliyyə sektoru ilə bağlı bir göstəricidir. Ona görə birbaşa Mərkəzi Bankla bağlıdır:
“Mənim fikrimcə, rəqəmlər real deyil. Amma bizdə inflyasiya birrəqəmli olaraq qalır. Mərkəzi Bank bütün səylərini məhz buna yönəldib ki, inflyasiya birrəqəmli saxlanılsın. İqtisadiyyata hər hansı problemlər yaşanmasın”.
@munheb