Jurnalist Aynur Elgünəşin böyrəyi sıradan çıxmaq üzrədir

Aynur Elgünəş- Foto: Chatgpt

“Meydan TV”nin həbsdə olan baş redaktorunun səhhətində ciddi problemin olduğu deyilir. Bu barədə onun yaxınları məlumat verib.

“Oktyabrın 8-də Aynur həbsxanada USM müayinəsindən keçib. Ötən ay həkim böyrəyində 14 mm-lik daş olduğunu, daşın böyrəyi zədələdiyini və genişlənmə müşayiət olunduğunu bildirmişdi. İndi isə daş ovularaq 11 mm-ə çatıb. Ancaq sən demə, daş böyrəyinə zərər vurub, həkim müayinədən sonra böyrəyinin sıradan çıxmaq üzrə olduğunu deyib”, – jurnalistin yaxınları qeyd edib.

Elgünəşin yaxınları bildirib ki, jurnalist böyrək ağrısından və yüksək təzyiqdən əziyyət çəkir. Məlumatа görə, o, 22 aydır qanunsuz olaraq həbsdə saxlanılır və keyfiyyətli tibbi müayinədən məhrumdur:

“USM həkimi 2-3 aydan bir gəlib sadəcə diaqnoz qoyur, amma Bakı İstintaq Təcridxanasında diaqnoza uyğun olaraq müalicə aparacaq həkim yoxdur. Aynur həmçinin II qrup əlildir, çanağında endoprotez var, həbsxana şəraitində isə gəzmək üçün əlverişli şərait mövcud deyil. Oturaqlı və məhdud şəraitli hərəkət həyatı ayağında şişkinliyə səbəb olur, tez-tez ağrılarının olduğunu deyir”.

Yaxınları jurnalistin səhhətindən narahat olduqlarını və vəziyyətin təhlükəli, onun üçün geridönülməz nəticələrə səbəb ola biləcəyini qeyd edirlər.

“Həbsxanada Aynurun xəstəliklərinin müalicəsi üçün yetərli mütəxəssis və təchizat yoxdur. Ona bir şey olsa, kim cavab verəcək? Niyə göz görə-görə günahsız insana əziyyət verirlər?”, – deyə, jurnalistin yaxınları sual edir.

Ana səhifə ▸ Xəbərlər ▸ Jurnalist Aynur Elgünəşin böyrəyi sıradan çıxmaq üzrədir