Demokratik Təşəbbüslər İnstitutu: Seçici fəallığı süni şəkildə şişirdilir
Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzinin saat 12:00-a olan nəticələrinə görə, 125 seçki dairələri arasında ən aktiv 51 saylı Qusar seçki dairəsidir.
Rəsmi məlumata görə, bu dairə üzrə qeydə alınan 46 min 600 seçicidən artıq 20 min 775-i, yəni 44,5 faizi səs verib.
Fəallığa görə ilk üçlükdə 56 saylı Xaçmaz kənd seçki dairəsi (44,16 faiz) və 64 saylı Sabirabad ikinci seçki dairəsi (44,12 faiz) qərarlaşıblar.
Rəsmi məlumata görə, ən passiv 17 saylı Yasamal üçüncü seçki dairəsidir – 25,63 faiz.
Ümumilikdə saat 12:00-a olan rəsmi məlumata görə, seçicilərin 39,39 faizi artıq səs veriblər.
Demokratik Təşəbbüslər İnstitutunun “Facebook” səhifəsində paylaşdığı məlumatda isə, seçici fəallığının aşağı olduğu və rəqəmlərin MSK tərəfindən süni şəkildə şişirdildiyi bəyan
edilir
.
Belə ki, məlumata görə, vebkamera ilə müşahidə zamanı 12 saylı seçki dairəsinin 14 saylı məntəqəsində saat 13:35-a seçki qutusunda çox az bülletenin olduğu görünür.
“MSK-nın açıqladığı rəqəmə görə isə guya saat 12-yə 309 nəfər səs verib. Görüntülərdən aydın olur ki, seçici fəallığı süni şişirdilir. Siz o qutuda heç 100 səs görürsüz?”
Digər bir məlumata görə isə, 8 saylı Binəqədi 1-ci Seçki Dairəsinin 19 saylı Məntəqəsinə vebkamera elə quraşdırılıb ki, nə müşahidəçi, nə komissiya üzvü, nə də səs verənlərin şəxsiyyəti görünmür.