Rəsmi: Məhkumların sayı azalıb

Rəsul Cəfərov: Əhali sayı ilə nisbətdə məhbus çoxdur

Source: google.az

Rəsul Cəfərov: Əhali sayı ilə nisbətdə məhbus çoxdur

“Azərbaycanda məhkumların sayı azalıb. 2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılanların sayı 24 mindən çox idisə, 2018-ci ildə bu rəqəm 21 min 800 olub”.

Bu barədə jurnalistlərə Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.

Onun sözlərinə görə, göstərilən illər arasında 3 minə yaxın fərq var. Deməli, 3 cəzaçəkmə müəssisəsinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur:

“Bütün bunlar Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından irəli gəlir”.

Keçmiş məhbus Rəsul Cəfərov sayla bağlı konkret fikir söyləyə bilməsə də, ehtimal edir ki, azalma var:

“Problem ondadır ki, müstəqil hüquq müdafiəçilərinin həbsxanalara girişi mümkün olmadığından bu barədə dəqiq məlumat almaq çətindir. Biz həbsxanalara daxil olmaq üçün cəhdlər edirik, amma Penitensiar Xidmət biganəlik göstərir. Hətta bir dəfə müraciətimizə cavab verdilər ki, məhkumların sayı dövlət sirri olduğundan informasiya verə bilməzlər. Halbuki, bu məsələ dövlət sirri ola bilməz”.

Hüquq müdafiəçisi məhbus Rəsul Cəfərov
Rəsul Cəfərov

O deyib ki, Avropa Şurasının hesabatlarında 30 minə yaxın, ABŞ Dövlət Departamentinin hesabatlarında 27 min civarında məhbus sayı göstərilir.

“Ümumilikdə, Azərbaycanın əhali sayı ilə nisbətdə məhbus çoxdur. Beynəlxalq təşkilatlar hesabatlarlında bu məqamı xüsusi ilə vurğulayırlar. Ona görə cənab Ələkbərovun dediyi rəqəmdən də aşağı salmaq lazımdır. Nəzərə alın ki, ölkə əhalisinin sayı 10 milyon da deyil, ona görə 21 min 800 məhbus da çoxdur”.

Rəsul Cəfərov deyir ki, məhbusların saxlanma şəraitini yaxşılaşdırmaq lazımdır:

“Məsələn, Qobustan həbsxanasında şərait çox bərbaddır. Yaxud 14 saylı Cəzaçəkmə Müəssisəsi ləğv olunmalıdır, çünki istifadə müddətini başa vurub. Qalanlarında da su problemi var, bəzilərində saxlanma yeri azdır və s”.

Ana səhifəXəbərlərRəsmi: Məhkumların sayı azalıb