Rəsmi Brüssel ARDNŞ-ın sövdələşməsini təsdiqləmir

Avropa Komissiyası hesab edir ki, SOCAR Yunanıstan şirkətini almaqla inhisarçılıq yarada bilər

Source:


Avropa Komissiyası hesab edir ki, SOCAR Yunanıstan şirkətini almaqla inhisarçılıq yarada bilər

Avropa Komissiyası gözlənilmədən elan edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməsini təsdiqləməyə bilər.

Virtualaz.org saytının məlumatına görə, bu haqda Avropa Komissiyasının yaydığı rəsmi press-relizdə bildirilir (

http://europa.eu/rapid/press-release_IP-14-1442_en.htm

).

Sənəddə qeyd olunur ki, SOCAR Yunanıstanın DESFA şirkətinin səhmlərinin 2/3 hissəsinin 500 milyon dollara alınmasına dair razılaşmanı ötən ilin iyununda əldə edib. Razılaşmanın rəsmiləşdirilməsi bir neçə dəfə təxirə düşüb.

Rəsmi müqavilənin imzalanması ötən il dekabrın 17-də, “Şahdəniz-2” layihəsinin işə salınması ilə bağlı Bakıda təşkil edilmiş mərasimdə nəzərdə tutulurdu. Bu məqsədlə Yunanıstanın baş naziri Antonis Samaras Azərbaycana səfər etməli idi.

Lakin Bakıya səfər üçün Afinadan yola çıxan baş nazirin təyyarəsində havada texniki nasazlıq yarandı və A.Samarasın təyyarəsi Afina yaxınlığındakı hərbi aerodroma yerə endi.

Yunanıstan tərəfi elan etdi ki, baş nazirin Bakıya səfəri üçün başqa təyyarə tapılmadığı üçün səfər ləğv edilib.

Nəhayət, ötən il dekabrın 22-də Afinada Azərbaycan Dövlət Neft Şirkəti ilə Yunanıstanın Dövlət Əmlakını Özəlləşdirmə Fondu (HRADF) arasında bu ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA-nın səhmlərinin 65 faizinin alınmasına dair müqavilə bağlanıb.

Bu sövdələşmə SOCAR və Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edir. Çünki yunan qaz kəmərləri sisteminin operatorunu almaqla SOCAR Azərbaycan qazının Yunanıstan üzərindən Avropaya nəqlində öz mövqelərini gücləndirmiş olur.

Yunanıstanın DEPA qaz şirkətinin və ölkənin qaz nəqli kəmərlərinə nəzarət edən DESFA-nın özəlləşdirməyə çıxarılmasından sonra bu şirkətlər uğrunda SOCAR-la Rusiyanın “Qazprom” şirkəti arasında kəskin rəqabət getdi. Sonda “Qazprom” gözlənilmədən DEPA-nın satışına dair tenderdən çəkildi, DESFA-nın səhmlərini isə SOCAR aldı.

Yunanıstan Avropa İttifaqının üzvü olduğuna görə bu sövdələşmə ancaq Avropa Komissiyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilər. SOCAR-ın DESFA-nın səhmlərini almasına dair razılaşma baxılmaq üçün oktyabrın 1-də Avropa Komissiyasına təqdim olunub.

Avropa Komissiyası bildirir ki, yunan qaz kəmərləri sistemi operatorunun SOCAR-a satılmasına dair sövdələşməni Avropa İttifaqının rəqabət mühitini tənzimləyən reqlamenti əsasında “dərindən araşdırmağa” başlayıb.

Press-relizdə bildirilir ki, bu araşdırmada SOCAR-ın fəaliyyəti “Cənub qaz dəhlizi” çərçivəsində qaz hasilatçısı və qazın Yunanıstana topdan satıcıs

ı qismində nəzərdən keçirilir. DESFA isə Yunanıstanın yeganə qaz nəqli şəbəkəsinin sahibi və operatorudur, həmçinin ölkənin yeganə sıxılmış qaz terminalı onun mülkiyyətindədir.

“Komissiya ehtiyat edir ki, bu sövdələşmə Yunanıstana təbii qazın topdan satışında rəqabəti poza bilər. Çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz kəmərləri şəbəkəsinə çıxışına mane olmağa imkan verəcək” – deyə Avropa Komissiyası bildirir.

Press-relizdə deyilir ki, Avropa Komissiyası Yunanıstan hökumətinin ölkənin energetika bazarının liberallaşdırılması və modernləşdirilməsinə yönələn özəlləşdirmə proqramı çərçivəsində DESFA-nı satışa çıxarmasının rəqabət mühitinə zərbə vurmamasına, nəticədə Yunanıstan istehlakçılarının qaza görə daha yüksək qiymət ödəməsinə gətirib çıxarmamasına çalışır.

Avropa Komissiyasının bu sövdələşməyə dair qərar çıxarmaq üçün 90 iş günü, yəni 2015-ci il, martın 23-nə qədər vaxtı var. Bununla belə komissiyanın ilkin araşdırmaları göstərib ki, bu sövdələşmə rəqabət mühitinə zərbə vurur.

SOCAR-la DESFA-nın birləşməsindən əmələ gələn yeni şirkət öz rəqiblərini Yunanıstan bazarına buraxmaya, beləliklə də ölkənin energetika sisteminə investisiyaları məhdudlaşdıra, eyni zamanda Yunanıstanın sıxılmış qaz terminalının genişləndirilməsi yolu ilə gələcəkdə bu ölkə üzərindən qaz ixracını artırmağa mane ola bilər.

Həmçinin TAP kəmərinin DESFA-nın qaz kəmərləri sistemindən asılı olmasına gətirib çıxaracaq.

“İlkin araşdırmalar onu da göstərib ki, SOCAR DESFA-nı alaraq Yunanıstana başqa mənbələrdən qaz daxil olmasını əngəlləyə, beləliklə də öz rəqibləri üzərində rəqabət prinsiplərindən kənar üstünlüyə malik ola bilər. İlkin araşdırmaya görə SOCAR rəqiblərinin Yunanıstanın qaz kəmərləri sisteminə çıxışını əngəlləyəcək, çünki bu, SOCAR-a sərf etmir. Üstəlik Yunanıstanın normativ hüquqi bazası birləşmiş şirkəti bundan çəkindirmək imkanında deyil. Bu da öz növbəsində Yunanıstan üçün potensial qaz təchizatçılarının sayını və  ölkəyə daxil olan təbii qazın həcmini azaldacaq, nəticədə yunan istehlakçıları üçün qazın qiyməti yüksək olacaq” – deyə Avropa Komissiyası bildirir.

Avropa Komissiyasının bu qərarı ona görə gözlənilməz və təəccüblüdür ki, vaxtilə SOCAR Yunanıstan şirkətini almağa dair razılaşma əldə edəndə Brüsseldə buna çox sevinmişdilər. Hətta yunan şirkətinin “Qazprom”a satılmaması üçün ABŞ və Avropa İttifaqı rəsmi Afinaya çox güclü təzyiqlər edirdi. Onlar açıq şəkildə mesaj verirdilər ki, Yunanıstan şirkəti SOCAR-a satmalıdır.

Çünki SOCAR Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Rusiyanın Avropa qaz bazarında inhisarçı mövqelərinin zəiflədilməsində Qərbin əsas tərəfdaşıdır.

“Alman dalğası” radiosu da Avropa Komissiyasının bu bəyanatından təəccüblənib. Radiostansiya qeyd edir ki, bu ilin iyul ayında SOCAR-ın DESFA-nın səhmlərini almasına dair Afinada Azərbaycan və Yunanıstan arasında razılaşma rəsmən imzalananda Avropa İttifaqı rəsmiləri bu xəbəri eşitməkdən şad idilər. Onlar bildirirdilər ki, bu sövdələşmə Transadriatik Qaz Kəməri (TAP) layihəsi və Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Baş verənlərlə bağlı ARDNŞ-nin mətbuat xidməti məlumat yayıb. Xəbərdə deyilir ki, II Mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir.

ARDNŞ Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir.

DPA agentliyi isə bildirir ki, Avropa Komissiyası Azərbaycanın SOCAR neft şirkətinin Yunanıstanın DESFA qaz-nəqliyyat şirkətinin payını alması şərtlərini öyrənir.

Belə ki, Avropa Komissiyası DESFA-nın hissələrinin satışının qanuniliyini şübhə altına alıb. Noyabrın 5-də Aİ antiinhisar qurumu  bildirib ki, sövdələşmə ilə bağlı müvafiq yoxlamalar başlayıb. Avropalı məmurlar ehtiyat edirlər ki, Yunanıstanın qaz bazarında rəqabət azala bilər. Qurum 2015-ci il martın sonlarında qərar qəbul etməlidir,  dpa agentliyi bildirib.

Xatırladaq ki,  SOCAR DESFA şirkətinin üçdə iki hissəsini 400 milyon avroya almaq  niyyətindədir. Sövdələşmə 3500 kilometrlik Transadriatik qaz kəmərinin inşası layihəsi ilə bağlıdır.

Ana səhifəXəbərlərRəsmi Brüssel ARDNŞ-ın sövdələşməsini təsdiqləmir